20 Oktyabr 2025 13:44
88
ƏDƏBİYYAT

"Sırtıq"  - Araz Hüseynov yazır

Azərbaycanda yaxşı yaşamaq üçün, yəni cəmiyyətimiz üçün "sırtıq" olmaq lazımdır. Başqa çarə yoxdur.  Azərbaycan elə yerdi ki, burda sırtıqlığın da növləri var: biri var gördüyün işlərdə sırtıq olasan, biri də var həyati məsələlərdə.

Gördüyün işlərdə sırtıq olmaq  sənə yaxşı yaşayış, həyat, status vəd edə bilər. Amma hörmətdən, izzətdən, həyadan salacaq. Sonda isə ləyaqətsiz insana çevriləcəksən. Məsələn, yüz manat qazandığın yerdə sırtıqlığına salıb, əyri işlərə girib ləyaqətsizlik edəcəksən. Bu, hələ sıradan, xırda misaldır.

Amma həyati məsələlərdə "sırtıq" olsan, ömrün uzanacaq, yaşayışın mənəvi cəhətdən düzələcək. Ən azı, quruca da olsa ayaq üstdə durmağı bacaracaqsan. Əgər sürünə-sürünə də olsa, çox yaşamaq istəyirsənsə, sırtıqlıq edin.

Elə zamana gəlmişik ki, xüsusilə getdikcə, daha peşəkar şəkildə sırtıqlaşmalısan. Çunki elə getdikcə də həyat şərtləri çətinləşir.

Düşünürəm ki, problemlərdən dolayı sırtıq insanlar heç vaxt intihar etməz, məsələn. İndiyə qədər ailəvi problemlərə, başına gələn faciələrə  dözməyib intihar edən insanlar sırtıq olmayanlardır. Sırtıq sözü sərt səslənsə də, deyəndə adamın xətrinə də dəyə bilər. Amma neyləmək olar?

Belə olmalısan, bunu bacarmalısan. Əslində bu həm də həyalı, abırlı qalmağın antonim növüdür. Bu dünyada acı çəkməyən heç kim yoxdur. Elə dərdlər, ağrılar var ki, onlar yaşayış səviyyəsindən,  kimliyindən,  necəliyindən asılı olmayaraq hamını tapır.
Ona görə də sırtıq olmaq haqqında məsləhətimi əldə bayraq edib, başqa əməllərə yol vermək olmaz!

Məsələn, sırtıqlıq edib adamları bezdirməyə ehtiyac yoxdur. Tutalım, bir yerdə ki səni istəmirlər, sırtıqlığına salıb ora getməyə ehtiyac yoxdur. Adamın abır- həyası olar. Sırtıq olanda nə olar? Bu məsələdə qətiyyən sırtıqlıq eləmək olmaz. Dediyim kimi, sadəcə və sadəcə, həyati şərtlərdə, problemlərdə. Bunu bir dəfə dostumun atasının dilindən eşitmişdim. Oğul ölüb, qız ölüb, övladlar yoxdur. Ən yaxşı halda iflic keçirəcək haldır. Lakin nəvələri üçün, yaşamaq üçün sırtıq olmalı idi... Çətin olsa da..

Olanları qəbul edib, çıxış yolunu özünə qəsd və yaxud dərd çəkib özünü öldürməklə deyil. 

Qıraqdan gülməli, adi görünsə də, olduqca böyük həqiqətdir. Və həyatın nə qədər amansız olduğunu, səni özünə ram etdiyini düşünürsən... Bir az da sırtıq olsan, onu da düşünməyəsəksən.