09 Dekabr 2023 13:36
1241
ƏDƏBİYYAT

“Babaya dedim ki, biz sonuncu dəfə ayrılanda üç nəfər idik...” - Turan xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Cavidi gətirdilər Bakıya?

- 22 il keçib, hər dəfə yadıma düşəndə yenə də dəhşətə gəlirəm. Ömrümdə mənim o qədər əzab çəkdiyim olmayıb. Heç nədən xəbərim yoxdu. Namüəyyən bir vəziyyət. Nə harada dəfn olacağını bilirəm, nə də məqbərə barədə məlumatım vardı və sual da vermirdim. Ayın 26-da Mədəniyyət Nazirliyindən zəng vurdular ki, Cavidin cənazəsi gətirilir, saat 3-də işçilərlə aeroportda olarsınız. Bunu eşidəndə dəhşətə gəldim. Bu barədə heç kəs mənə heç nə deməmişdi. Zəng çalan mənim bu işdən xəbərsizliyimi bildi: - “Onda mən sizə heç nə deməmişəm”,- söyləyib dəstəyi asdı. Hara zəng vurmaq lazım gəldiyini bilmirdim. Mərkəzi Komitədə də axtardığım adamları yerində tapmırdım. Nəhayət, axtardıqlarımdan birini tapdım, məni MK-ya çağırdı. Getdim. Qapıda adıma buraxılış qoymamışdılar... Xülasə, içəri keçdim. Həsən Həsənov ideoloji katibdi. Bir neçə nəfər-Məmməd Cəfər, Abbas Zamanov, Həsən Abdullayev Həsənovun otağındaydı. Cavidin harda dəfn olunmasını müzakirə edirdilər. Məqbərə tikiləcəyi barədə məlumatım olmadığına görə, mən burda dəfn olunmasını israr edirdim. Çünki Naxçıvanın qəbiristanlığını tanıyırdım. Ordan birbaşa gəldik hava limanına. Biz ora çatanda cənazə artıq meydanda qoyulmuşdu. Tabut qoyulan hissəyə yaxınlaşdıq. 

- Hansı hisləri keçirirdiniz?

- Hisləri izah etmək, söyləmək çox çətindi. Belə hallarda ən asan hal ağlamaqdı. Deyirlər rəngin göy, qırmızı, qara olubmuş. Ətrafda heç kəsi görmürdüm. Və çox maraqlıdı ki, biz qarşılaşanda baba 18 gün məndən böyük idi. Babaya dedim ki, biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram. Yaxınlaşıb tabuta əlimi ehmalca sürtdüm. Ağlamaq, mənə elə gəlir ki, kədərin ən aşağı qatıdı. 

Zakir Bağırovun maşınına mindik. Yenə də bilmirdim hara gedirik. Heç kimdən heç nə soruşmurdum. Evin qarşısından keçdik və Şirvanşahlar sarayına gəldik. Şirvanşahların taxt-tac zalına qoydular cənazəni. Muzeyin qarovulçusu tanımadığım bir qadındı. İçəri şəhərdə yaşayırdım, o, hər gün axıra qədər otururdu, hamı gedəndən sonra qapını bağlayıb gedirdi. Demişdi ki, nə qədər istəyirsiniz oturun. Mən onu incitmək istəmirdim. Saat 11-ə kimi olurdum orda. Yaxın adamlar, əsasən də Yılmaz, Həbibə gəlirdi ora. 

Demək, oktyabrın 26-dan, noyabrın 2-nə qədər. 26-dan sonrakı günlərdə Bakıda müşavirələr, tədbirlər keçirilirdi və bütün tədbirlərdə birinci katib iştirak edirdi və heç kəs bilmirdi ki, cənazə nə vaxt aparılacaq. Ayın 27-də Akademiyanın böyük zalında bütün elmi-mədəni ictimaiyyətin iştirakı ilə geniş müşavirə keçirildi. Bir məsələ müzakirə olundu: Cavid harda dəfn olunsun. Əksəriyyəti Naxçıvanda dəfn olunasının tərəfdarıydı. Mən artıq məqbərənin olacağını bilirdim. Baxmayaraq ki, əvvəl Fəxri Xiyabanda dəfn olunmasını istəyirdim, məqbərənin olacağını biləndən sonra mən də əksəriyyətlə razılaşdım. Hətta orda deyildi ki, Fəxri Xiyabanda yer olsa da, məqbərə üçün imkan yoxdu. Axı məqbərəyə haqqı olan digər insanlar da var. İkinci məsələ isə bu idi ki, Cavidin cənazəsi hardan götürülsün. Müxtəlif yerləri deyənlər oldu: teatrın, akademiyanın binalarını... İclas qurtardı. İclasdan sonra mən Həsən Həsənovu aşağıda gözlədim, gəldi və ona: - “Bir xahişimi mümkünsə, Heydər Əliyevə çatdırın. Cavid öz evindən götürülsün”,- dedim. Yəni Əlyazmalar Fondunun binasından...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn