adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 10:29
99
GÜNDƏM
A- A+

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı - Açıqlama

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı hansı mexanizmlə həyata keçirilir?

- Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir.

ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.

Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir  ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq.

- Bəzi sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutuna bilet tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Eyni zamanda, həmin tarixlər üzrə turizm şirkətləri vasitəsilə təqdim olunan tur paketlər çərçivəsində qatar biletlərinin təklif edildiyi bildirilir. Turizm şirkətləri üçün qatarda müəyyən yerlər ayrılırmı? Ümumiyyətlə, eyni şəxsin biletləri kütləvi şəkildə əldə etməsi mümkündürmü? 

- Qeyd etdiyim kimi, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır. Sərnişinlər həm kassalar, həm mobil tətbiq, həm də rəsmi saytdan eyni satış bazasına çıxış əldə edirlər. Bütün satış kanalları eyni sistem üzərindən işləyir.

Onu da bildirim ki, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır.

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur. Əgər belə bir fakt aşkar edilsə, təbii ki, bunu ilk araşdıran tərəf ADY olacaq.

Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır. 

Əlavə olaraq bildirim ki, yüksək tələbatla əlaqədar iki və daha çox sərnişin eyni anda eyni yer üzrə bilet alışını həyata keçirmək istədikdə prosesi ən tez tamamlayan şəxs bileti əldə edə bilir, bu məqamda digər şəxsin kartından pul tutulubsa, geri qaytarılır.

- Sosial şəbəkələrdə satışa çıxarılan biletlərlə bağlı elanlar araşdırılırmı?

- Sosial mediada olan elanları və paylaşımları yaxından izləyirik, araşdırırıq. Həmçinin satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi təhlil olunur. Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir.

Sosial şəbəkələrdəki iddialardan biri də Bakı-Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır. Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı-Tbilisi-Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər. Məsələn, 25 may-22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb.