19 Avqust 2025 16:52
186
KRİMİNAL

Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü - YENİLƏNİB

Bakıda ehtiyatsızlıqdan adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xəzər rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, avqustun 19-də saat 03 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Aysel Rufullayevanın aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması nəticəsində Elşad Şixiyevin almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aysel Rufullayeva polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

***

Bakıda qadın kişini qətlə yetirib.

Adalet.az xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.