Bakıda səhnəyə çıxmadı, 2 mahnıya görə 50 min dollar alacaqmış - Həmin restoran Sedat Pekerindir?

Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer Türkiyəyə qayıtdıqdan sonra daha bir açıqlama verib.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, Rza Tamer Bakıda restoranlardan birində səhnəyə çıxmalı imiş. Lakin səhnəyə çıxacağı gün Türkiyəyə geri qayıdıb.
Sosial şəbəkələrdəki açıqlamasında səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda su almaq istəyərkən Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərib:
“Bu gün Azərbaycanda konsertimiz olacaqdı. Bir gün öncədən şəhəri gəzmək üçün Bakıya getdim. Məkanla əlaqədar heç bir problem yoxdur. Çox gözəl qarşıladılar, möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etmək məcburiyyətində qaldıq. Mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm mənə əsəbiləşməyin. Anlayış göstərin”.
Müğənni bu çıxışı ilə gülüş və tənqid hədəfinə çevrilib. İzləyiciləri və sosial şəbəkə istifadəçiləri onu başa salmağa çalışıb ki, Azərbaycanda yalnız manatla alış-veriş etmək mümkündür.
Maraqlıdır ki, Rza Tamer restorandan behi dollar kimi alaraq ölkəsinə qayıdıb.
Tənqidə tutulan Rza Tamer daha bir açıqlama verib. Olduqca emosional danışan Rza Tamer deyib ki, iki mahnı ifa etməsi üçün 50 min dollara razılaşıb. Lakin yenə də əlavə edib ki, türk lirəsinin işləmədiyi ölkədə səhnəyə çıxmaq istəməyib.
Fikirlərini izah etməkdə çətinlik çəkən Rza Tamerin psixoloji problemlərinin olduğu da iddia edilir. Çünki o, sosial şəbəkə istifadəçilərinin bəzilərinin “səhnəyə çıxmaq istəmədiyin restoran Sedat Pekerindir” kimi ironik şərhlərinə reaksiya verərək üzr də istəyib.
Həmçinin əlavə edib ki, Sedat Pekerin (Türkiyənin tanınmış mafiya liderlərindən biri red.) də adından istifadə etmiş ola bilərlər: “Mənim Azərbaycana hörmətim sonsuzdur. Azərbaycan xalqına qarşı hörmətsizlik etməmişəm. Məni təhdid edirlər. İstanbuldayam burada gözləyirəm. Təhdid edənlər gəlsin”.
Xatırladaq ki, Rza Tamer küçədə oxuduğu “Benden sonra” mahnısı ilə son günlərin trendinə çevrilib. Onun həmin ifası youtube kanalında 4 aya 27 milyona yaxın izlənmə toplayıb.