Bakıda trolleybus və tramvay xətlərinin çəkilişi nə vaxta qaldı?

Növbəti dəfə qonşu mediaları gözdən keçirirdim ki, maraqlı bir xəbərə rast gəldim. Ermənistanın “Hraparak” saytı yazır ki, xaricdən gətirilən trolleybusların gömrük rəsmiləşdirilməsi bu gün başa çatacaq və istismara hazır olacaq. İyulun 8-dən yeni trolleybuslarla marşrut xətlərinə xidmət göstərilməsi planlaşdırılır.
Bu barədə Yerevan bələdiyyəsində başlayan növbəti prosedur məsləhətləşmələri zamanı Yerevan bələdiyyəsinin nəqliyyat departamentinin rəhbəri Vazgen Arutyunyan bildirib.
Və elə bu xəbər özümüzün 2004-cü ildən "dondurulmuş" iki dərdimizi yadıma saldı.
İki dərdimiz
Bu il Bakıda ilk trolleybus istismarından 82 il, ilk tramvay xəttinin istifadəyə verilməsindən 99 il keçir. Bakıda ilk trolleybus istismarına isə 1941-ci ildə başlanılıb. Həmin vaxt 7,5 km-lik xəttə 15 trolleybus fəalliyət göstərib. Trolleybus marşrutları ilk olaraq Neftçilər prospektindəki, Üzeyir Hacıbəyov və indiki İsiqlaliyyət küçəsindəki temvay xətlərini əvəz edib. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşib. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatıb. və 32 marşrut mövcud olub.
Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edib. Burada həm də iki depo mövcud olub. 90-cı illərə qədər inkişaf yüksək olmasına baxmayaraq xalq arasında məşhurluğu olduqca zəif olub. Hətta tramvaydan belə geri qalırdı. 32 marşrutdan cəmi 6-sı rentabelli idi.Tralleybus xətləri 2004-cü ildə tamamən ləğv edildi.
1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Bakı tramvayı 2000-ci illərin əvvəllərində daha dəqiq 2004-cü ildə
tarixə çevrildi. 2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir .Hətta 2019-cu ildə nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, Bakıda tramvay xətlərinin çəkilməsi tıxacların yüngülləşməsinə səbəb olacaq: “Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə, tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı olmasa da, tramvayların çəkilməsi mümkündür”.
(8 iyulda İrəvan küçələrində fəaliyyətə başlayacaq tramvay )
Bundan başqa, ötən il isə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də mediaya bildirdi ki, əksər şəhərlərdə olduğu kimi, ən az Bakıda da tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir: "Tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Amma zolaqların çox olması tıxacın qarşısını almaq demək deyil. Dərindən düşünülmüş, intellektual layihə ortaya qoyulmalıdır ki, tıxac yaranmasın. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür. Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, tramvay xətlərinin kənarlarını hasarlayaraq onların hərəkətini normal təşkil etmək daha yaxşı olardı. Bakıda ictimai nəqliyyat - sərnişin avtobusları üçün bəzi yerlərdə xüsusi zolaqlar ayrılıb. Amma bəzən tıxac zamanı avtomobillər bu zolaqları bağlayır və avtobuslar gecikir”.
Hələki, paytaxtda yaşayanlar bu məqsədlə hər hansı bir addımın atılmasına şahidlik edə bilməsə də, amma ümidlə gözləyirlər. 2012-ci ildən paytaxt sakinləri Bakıda tramvay və yaxud tralleybusun peyda olacağına əmindirlər.
Əntiqə Rəşid