adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 14:20
39
GÜNDƏM
A- A+

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirildi - FOTOLAR

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilib.

Adalet.az xəbər verir ki, əvvəlcə Türk dünyası birliyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Panel iclasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi Bakının Türk dünyası üçün əvəzsiz yer olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı "İkinci Vətən"dən daha çox, Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, "Tək millət, iki dövlət" ifadəsinə tam uyğundur.

“Türk dünyasını bir-birinə bağlayan köklü və tarixi mədəni bağlar mühüm yerə sahibdir. Bu gün Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib. Lakin düşünürəm ki, bu gün çatdığımız nöqtə potansialın yalnız bir hissəsinin reallaşdırılmasıdır. Əsas məsələ başda Türk Dövlətləri Təşkilatının "2040 Vizyonu" olmaqla bundan sonrakı prosesdə bu potensialı artıqlaması ilə həyata keçirməkdir”, - deyə Fərhad Pirinççi bildirib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran panel iclasa videomüraciətlə qoşularaq qeyd edib ki, beynəlxalq sistem gedərək dərinləşən böhranlar, artan geopolitik rəqabət, tədarük zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, qeyri-müəyyənliklər, kibertəhdidlər və dezinformasiya kimi çoxşaxəli sınaqlarla üz-üzədir. Belə bir dövrdə Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi daşıdığımız məsuliyyətin və zamanın tələbidir.

Onun fikrincə, bu baxımdan regional sülhə töhfə verən, iqtisadi inkişafı dəstəkləyən Orta Dəhlizdən enerji sahəsinə, ticarətdən rəqəmsal iqtisadiyyata, süni intellektdən fəlakətlərin idarə olunmasına qədər bir çox sahədə inkişaf etdirilən tərəfdaşlıqlar Türk dünyasının sahib olduğu böyük potensialın bariz göstəricisidir.

Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə gəlib çatmasının olduqca qürurverici olduğunu deyib. O vurğulayıb ki, təşkilatın illər ərzində keçdiyi inkişaf yolu və bu gün türk dövlətlərini bir araya gətirən mühüm platformaya çevrilməsi böyük əhəmiyyət daşıyır.

“Bu gün türk dövlətlərinin bir araya gəlməsi, ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi Təşkilatın gələcəyindən xəbər verir”, - deyə Seyit Sertçelik vurğulayıb.

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda və dünyada baş verən geosiyasi proseslərin Türkiyə və Azərbaycan üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Sürətlə inkişaf edən texnologiyalar, xüsusilə süni intellekt, hərbi sənayeni və müharibə üsullarını dəyişir, ona görə də Türk dünyası bu sahədə əməkdaşlığı gücləndirməlidir. Həmçinin TDT-nın gələcəyi bu geniş əməkdaşlıqlardan asılıdır. Mən hesab edirəm ki, bütün bu proseslərdən ölkələrimiz daha güclü və daha hazırlıqlı şəkildə çıxmalıdır”.

İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı bildirib ki, bu gün Türkiyə müdafiə sənayesi qlobal səviyyədə rəqabət aparan texnologiyalar ortaya qoyur və bu imkanlar Azərbaycanla da paylaşılır. Esma Özdaşlı qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında mühüm irəliləyişlər əldə olunub.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, siyasi və təhlükəsizlik baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və digər ziyalılar Türk birliyi ideyasının formalaşmasına böyük töhfə veriblər. F.Şəfiyev qeyd edib ki, TDT güclü və müstəqil dövlətlərin birliyinə əsaslanır. O çıxışında, həmçinin media və informasiya mühitində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yayılan dezinformasiyalara qarşı mübarizənin və bu sahədə düşüncə mərkəzləri arasında əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov isə dürüstlük və qarşılıqlı etimad əsasında əməkdaşlığın inkişaf etdirilməsi, məsuliyyətsiz yanaşmaların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Təşkilat prosesləri diqqətlə təhlil etməli və ortaq layihələr çərçivəsində tərəfdaşlığı daha da gücləndirməlidir.

Sonda panel iştirakçılarına hədiyyələr təqdim olunub.