12 Avqust 2024 09:31
208
ƏDƏBİYYAT

Bəxti gətirməyən “bəxtəvər” -  Rasif  İmanoğlu yazır

Poeziya da, jurnalistika da, dəniz də ilk növbədə dəlicəsinə vurğunluğu və fədakarlığı sevir. Mənə inanmırsınızsa, kapitan-şair Faiq Balabəylidən soruşun. Əslində soruşmağa lüzum yoxdur. Üzünə baxan kimi, vurğunluğunu da, fədakarlığını da, əzabkeşliyini də görmək çətin deyil.Siz bir baxın...

Altmış il əvvəl Cəlilabad rayonunda dünyaya göz açan Faiq Balabəylini poeziya daha tez – hələ otra məktəbdə oxuduğu ilk illərdə ovsunlayıb. İlk şeirini kağıza nə vaxt pıçıldadığını yəqin özü belə xatırlayır:

Mən kənddə doğuldum, kənddə böyüdüm
At çapdım, ot çaldım, ovçuluq etdim.

Baş vurdum çayların axar suyuna

Dözmədim, üz tutub Xəzərə getdim


Dənizə ilk baxışdan vurulub: görən kimi! Dəniz və dənizçilər haqqında eşitdiyi maraqlı söhbətlər, oxuduğu əsərlər, baxdığı filmlər bu sevgini bir az da gücləndirib.

Sonralar tərcümeyi-halını səhvsiz yaza bilməyənlərin dünyanın ən asan, mənim isə ən çətin işlərdən saydığım bir işdən - dənizçi və şair yükündən heç də yüngül olmayan jurnalist yükünü daşımaqdan bir ayrı ləzzət almağa başlayıb. “Ədəbiyyat qəzeti”ndə çalışıb, “Yeni xəbər” və “Millətin səsi” qəzetlərinin yaradıcı kollektivlərinə rəhbərlik edib. Hazırda yaradıcısı və baş redaktoru olduğu “Müstəqil.az” saytı da dirigözlü açdığı səhərləri hesabına həm də bir çox yazıçı və şairlərin maraq dairəsindədir.

Faiq Balabəylinin dənizə, poeziyaya ya jurnalistikaya sevgisinin qədərini özü də bilmir. Mənə də elə gəlir ki, hüdudsuzdur. Yoxsa hər üçünün öhdəsindən eyni ustalıqla, eyni məharətlə gələ bilərdi?

Kapitan-şairin təsisçisi olduğu “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi İdarə Heyətinin sədri kimi gördüyü əvəzsiz işlərdən isə əksər dənizçilər minnətdarlıqla danışırlar.

Hələ mənim-sənin bilmədiyimiz nə qədər qayğısı, nə qədər dərd-səri var?! Dilinə gətirməyir. Görənlər də... gözlərini yumurlar.

İlk baxışdan sərt, bir az da quru adam təsiri bağışlayır. Amma bu, ilk baxışdan belədir. İç dünyasına baş vuranda, gözlərinin önündə tamam başqa bir adam canlanır. Kifayət qədər məlumatlı olması, çox şeydən baş çıxarması, dinləmək mədəniyyəti, inandırmaq qabiliyyəti... istər-istəməz onu həm də yaxşı müsahibə çevirir, danışdırdıqca onun haqqında ilk təəssüratından əsər-əlamət qalmır. Və hətta  haqqında əvvəlki fikirlərinə görə bir qədər sıxılırsan da...

Paxıllıqdan, həsəddən uzaqdır. Yaxşı yazıya, yaxşı poeziya nümunəsinə yaxşı deməyi bacarır. Yaxşı şairin, qələm əhlinin uğuruna ürəkdən sevinir.  İndi belələri çoxdur ki? Paxıllığın viran qoyduğu ürəklərin özlərindən başqa, kiminçünsə və ya nə üçünsə döyünə biləcəyinə siz inanırsınız? Siz Allah, məni güldürməyin. Mən insanlıqdan piyada o qədər yazı-pozu adamı görmüşəm ki... Adam deməyə adamın dili gəlmir.

Dənizi kim sevmir ki?! Amma Faiqin dəniz sevgisi bir ayrı sevgidir.

Körfəz boyu səpələnən yosunlar,

balıqların qumla dolan qulağı...

Əgər məni incitsəniz gedərəm
görünmərəm gözünüzə, uzağı.

 

Bir qağayı lələyini götürüb

qum üstrünə bircə misra yazaram.

Külək dolmuş ağ yelkənə bürünüb

bir adaya qayıtmağa hazıram.

 

Balıqların gözlərinə su dolmur

qulaqları duzlu sudan göynəyir

Zəncirləri tarım duran gəmilər

lövbərlərin ağrısına dözməyir.

 

Yamyaşıldı duzlu suyun köynəyi

qayaların üzü cızıq-cızıqdı.

Gəmiləri üzüb gedib, göynəyir

bu dənizin limanları, yazıqdı…

 

Kiminsə başına sığal çəkməyi xoşlamayan dəniz ondan da çox şey alıb. Amma kapitanlıq zirvəsinə ilk zəmanəti də, ilk xeyir-duanı da ona dəniz verib. Faiq Balabəylini dəniz qaldırıb, dəniz ucaldıb o zirvəyə!

Şeiri, poeziyanı kim sevmir ki?! Amma Faiq Balabəylinin poeziyaya sevgisi bir ayrı sevgidir. Poeziyanı yalnız Faiq Balabəyli kimi duyan, şeiri yalnız Faiq Balabəyli kimi sevən, yaşayan deyə bilər ki:

Uzaq bir adadan uğultu səsi

dənizin üstüylə sürüşüb keçər

isti bir xatirə səmt küləyi tək

dünənlə, bu günlə görüşüb keçər.

 

Yosunlar qıvrılar, qız saçları tək

dağılar dənizin üzünə necə.

Qaya oyuğunda gündüzlər yatan

Yarasa sürüsü oyanar gecə.

 

Limanlar gözləyər,

gəmilər gəlməz

Fit səsi bürüməz körfəz boyunu

o nadinc, o vecsiz, günahla dolu

ləpələr nə edər,

bitməz oyunu.

 

Sönər işıqları

yorğun gəminin,

ömrünü yaşayar dor ağacında

qağayı lələyi ilişib qalar

günahsız məhkum tək dar ağacında….

 

Söz də borclu qalmayıb. Sözü uca tutduğu gündən söz də bu istedadlı şairi ucaltmaqla məşğuldur. Təsadüfi deyil ki, kapitan Faiq Balabəyli bu gün həm də sözün, poeziyamızın Balabəyli zirvəsindədir.

Məni heyrətləndirmək çətin olsa da, dənizçiliyi də, şairliyi də boyuna biçilən Faiq Balabəyli bunu bacarıb.

...Qiyma-qiyma, tikə-tikə

doğransam da, bu torpaqda

şadam elə.

Bu torpağa yad olana 

bir anadan doğulsam da,

yadam elə.

Ovxarlanmış qılıncını

başım üstə saxla, cəllad

İmtahan et, sınağa çək, 

son məqamdı, yoxla,cəllad.

Ürəyimdə, əməlimdə bir soyuqluq

görəsən əgər, haqla,cəllad

Soy dərimi, kəs başımı

canımı al, edam elə.

 

Oda oldu başı üstə Göy, türklərin

Oda düşüb, külü qalıb Göytürklərin.

Dərs olmasa mənə mənim gördüklərim

Adamlıqdan çıxsam əgər, haqqa gətir,

adam elə.

Həmişə bu fikirdə olmuşam ki: “Dost bir olar, ya iki”. Faiq Balabəyli bu deyimin hikmətini də şübhə altına alıb. Dostlarının sayı bilinmir. Həm də, etiraf edim ki, yaxşı dostlardır! Dost sarıdan bəxtinin gətirdiyini düşünmürəm. Bəxti nədə gətirib ki?! Nəyə nail olubsa, buna görə yuxusuz gecələrinə borcludur.  Yəqin ona görə ki, bu bəxti gətirməyən “bəxtəvər” özü yaxşı dostdur.

Dənizçi olmayan yazarların yaradıcılığında mavi gözlü dənizlərin yalnız bir üzünü görmək mümkündür. Faiqin yaradıcılığında dənizin hər üzü olmasa da, çox üzünü görmək olar. Dənizin üzü dönəndə, dəniz heç özünü də tanımır. Yeri yerindən, Göyü göydən qoparmaq istəyir. Dənizin üzü dönəndə dəniz özü boyda əjdahaya dönür. Mən də bu iddiada olmuşam ki, dəniz cəsurları sevir. Bəlkə də tərsinədir. Dənizi məhz cəsurlar sevirlər. Dənizin imtahanlarına məhz cəsurlar dözürlər. Cəsur omayan dənizçi dənizdə nə qədər davam gətirə bilər? Uzağı... dənizin üzü dönənə kimi.

Dəniz elə həmənkidir
gah mülayim, üzügülər
gah da dönüb ölüm olar, bisi güdər...

...Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi.

Dənizçiyə ad verərlər: su pərisi...

Özü də dənizə oxşayır. Özünə sığmayan, rahatlığın nə olduğunu bilməyən dənizə.

Dənizə oxşayır. Yaxşılıqlarına pisliklə cavab verilən dənizə.

Dənizə oxşayır. Çirkab götürməyən dənizə...

Hələ ki, dənizin ona, bizim həm dənizə, həm yaxşı sözə ehtiyacımız olduğu üçün umacağım dənizdəndir: öz adamından, söz adamından muğayat ol, dəniz!

Mən illərin necə keçdiyini bilmədim, hiss etmədim. Yəqin Faiq də mənim kimi! 60-ın kürəyini nə vaxt yerə vurdu?

Arzu edirəm ki, yüzdə də Faiq Balabəylini Xəzərin sahilində dənizə şeir pıçıldaşan görsünlər. Gözlərində də: “Belə yaşamağa dəyərmiş” etirafı ilə!