adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2026 10:18
23
ANALİZ
A- A+

Beynəlxalq etimadın göstəricisi olan mükafat

Prezident İlham Əliyev: “Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir”

Müasir beynəlxalq münasibətlər sistemində dövlət başçılarının nüfuzu yalnız ölkədaxili siyasi güclə deyil, onların qlobal miqyasda sülhə, əməkdaşlığa və humanist dəyərlərə verdiyi töhfələrlə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun beynəlxalq aləmdə artan siyasi çəkisinin, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və qlobal proseslərdə fəal rolunun bariz nümunəsidir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmət və birgəyaşayış ideyalarının təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata layiq görülmək, ilk növbədə, beynəlxalq ictimaiyyətin konkret liderə və onun təmsil etdiyi siyasi kursa göstərdiyi yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyevin bu mükafatla təltif olunması, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda sülh və sabitliyə töhfə verən dövlət kimi qəbul edildiyini təsdiqləyir. Bu seçim təsadüfi deyil, uzun illər ərzində yürüdülən balanslı, praqmatik və məsuliyyətli xarici siyasətin məntiqi nəticəsidir.

Mükafatın təqdimolunma mərasimi 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilib və bu tədbirdə Prezident İlham Əliyev və digər dövlətlərin liderləri laureat olaraq mükafata layiq görülüblər. 

Prezident İlham Əliyev mərasimdə çıxışında mükafatın adını daşıdığı, BƏƏ-nin banisi Şeyx Zayedin uzaqgörən liderlik keyfiyyətlərini yüksək qiymətləndirib: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”. Prezident Əliyev həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nahyanın atasının ideyalarını davam etdirdiyini, davamlı tərəqqi və müasirləşmə strategiyalarını gerçəkləşdirdiyini qeyd edib. 

Çıxışında Əliyev BƏƏ-ni “bir çox ölkələr üçün nümunə” kimi xarakterizə edib: bu ölkənin necə inkişaf etməsi, cəmiyyətin necə qurulması və tarixi köklərə bağlı olaraq gələcəyə baxması ilə bağlı fikirlər səsləndirib. Prezident Əliyev bu mərasimi simvolik hesab etdiyini də bildirib. O, 2025-ci ilin yayında Əbu-Dabidə Ermənistanla Azərbaycan arasında sülhə dair son mərhələ danışıqlarının burada keçirilməsini xatırladıb və qeyd edib ki, bu şəhərdə əldə edilmiş razılıqlar daha sonra Vaşinqtonda rəsmi mərhələyə keçib. Bu kontekst mükafatın məna və məqsədini daha da gücləndirib. 

Bu mükafatın verilməsi həm də Azərbaycan və Ermənistan arasında uzun müddətli gərginlikdən sonra sülh prosesinin təmsilçisi kimi qəbul edilir. Prezidentlər İlham Əliyev və Nikol Paşinyan birlikdə mükafata layiq görülərək, regional dialoqun və “qardaşlıq” ideyasının təşviqinə beynəlxalq səviyyədə dəstək bildirilib. Tədbir həm də BƏƏ-nin sülh və insan qardaşlığı sahəsindəki rolunu vurğulayıb — xüsusilə dialoq, mədəniyyətlərarası əməkdaşlıq və dünyada sabitliyi təşviq edən təşəbbüslərə dəstək mexanizmi kimi. 

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş region üçün böyük əhəmiyyət daşıyır. Bu fikir, uzun illər münaqişə, qarşıdurma və qeyri-sabitliklə yadda qalan bir coğrafiyanın artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən fundamental siyasi mesaj idi.

Dövlət başçısı çıxışında xüsusilə diqqətə çatdırdı ki, Azərbaycan və Ermənistan 30 ildən artıq müddətdə müharibə şəraitində yaşamışdır. Bu dövr təkcə hərbi toqquşmalarla deyil, eyni zamanda humanitar faciələr, qaçqın və məcburi köçkün problemləri, itirilmiş imkanlar və dərin qarşılıqlı etimadsızlıqla müşayiət olunmuşdur.

Prezident İlham Əliyev çıxışında sülhün yalnız siyasi razılaşmalarla deyil, mənəvi dəyərlər və humanist prinsiplər üzərində möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Bu kontekstdə dövlət başçısı Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını ifadə etdi. Onların dinlərarası dialoqun inkişafına verdikləri töhfələr, müxtəlif sivilizasiyalar və konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində göstərdikləri səylər Prezident tərəfindən yüksək qiymətləndirildi. Bu vurğular bir daha göstərdi ki, müasir dövrdə sülh yalnız diplomatik masa arxasında deyil, eyni zamanda dini liderlərin, mənəvi avtoritetlərin çağırışları və birləşdirici mesajları ilə möhkəmlənir.

Dövlətimizin başçısı mərasimə ünvanlanmış xoş müraciətlərdə Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini xüsusi qeyd edən bütün beynəlxalq həmkarlarına da təşəkkürünü bildirdi. Bu təşəkkür ifadəsi sülh prosesinin artıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə dəstəkləndiyini və qlobal məsuliyyət kimi qəbul edildiyini göstərir. Bu fakt onu sübut edir ki, Cənubi Qafqazda sabitliyin bərqərar olması təkcə bu region üçün deyil, Avrasiya məkanında təhlükəsizlik, əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi çərçivəsində səsləndirilən bu çıxış Əbu-Dabini sülh, dialoq və insan qardaşlığı ideyalarının qlobal mərkəzlərindən biri kimi bir daha ön plana çıxardı. Prezident İlham Əliyevin fikirləri göstərdi ki, sülh yalnız keçmiş münaqişələrin bitməsi deyil, eyni zamanda gələcək üçün ortaq məsuliyyət, etimad və əməkdaşlıq deməkdir.

Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildəki çıxışı müasir Azərbaycan diplomatiyasının əsas xəttini — güclü dövlət, məsuliyyətli liderlik və davamlı sülh konsepsiyasını aydın şəkildə əks etdirdi. 30 illik müharibədən sonra altı aylıq sülh dövrünün artıq reallığa çevrilməsi, bu sülhün region və dünya üçün əhəmiyyətinin beynəlxalq tribunadan bəyan edilməsi, Azərbaycanın yeni geosiyasi mərhələyə inamla qədəm qoyduğunu göstərir.

Zenfira Nurullayeva 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 
xor ixtisası üzrə müəllimi, 
Azərbaycan Respublikasının Əməkdar müəllimi