26 Sentyabr 2023 15:01
1320
MƏDƏNİYYƏT

Beynəlxaqlq Türk Mədəniyyəti və İrsi Fondu Anlaşma Memorandumu imzaladı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana rəsmi səfəri çərçivəsində Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetini ziyarət edərək, universitetin rektoru Tolobek Abdıraxmanov ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstan nümayəndələri Mirbek Karibayev və Nazgul Omurzakova iştirak ediblər.

Görüşdə tərəflər Fond ilə Qırğızıstan Milli Universitetinin Türk xalqlarının çoxəsrlik dəyərlərinin təbliği və təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri ətrafında müzakirələr aparıblar.

Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində nəzərdə tutulan məsələlər sırasında Qırğızıstan Milli Universitetində “Türk İrsi Mərkəzi”nin və “Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi” nin yaradılması yer alır. Ümumtürk mədəni irsinin qorunması və tanıdılmasına yönəlmiş “Türk İrsi Mərkəzi” təhsil və tədqiqat fəaliyyətlərinin, mədəni mübadilələrin təmin olunması məqsədini daşıyır.
“Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi” türk xalqları arasında media və jurnalistika sahəsi üzrə peşəkar fəaliyyətin təşviqini və müvafiq istiqamətdə əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini ehtiva edir.

Görüşdə tərəflər Fondun himayəsi ilə Universitetdə yaradılacaq Mərkəzlərin türk ölkələrinin mədəniyyətinin, elm və təhsilinin inkişafına töhfə verəcəyindən əminliklərini ifadə ediblər.

Fondun prezidenti Günay Əfəndiyeva bu xüsusda təşkilatın əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasından bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük Şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasına, çoxtərəfli mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.

Tərəflər Fond ilə Universitet arasında Anlaşma Memorandumunun imzalanmasını səmərəli əməkdaşlığın başlanğıcı və ortaq məqsədlərin qarşılıqlı şəkildə həyata keçirilməsi yönündə mühüm addım kimi qiymətləndiriblər.