adalet.az header logo
  • Bakı -°C

 “BİR GECƏLİK YUXU”NUN MÜƏLLİFİNƏ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
239 | 2025-12-11 10:29
A- A+

Yaradıcılıq uğurları diləyi ilə

Hər dəfə bilgisayara yaxınlaşanda öz-özümə düşünürəm ki, barəsində yazacağım kitab, mətn, ümumiyyətlə, istənilən bədii nümunə və eləcə də onun müəllifinin özü və sözü Azərbaycan oxucusuna tanışdırmı? Oxucu bu imzanı izləyirmi? Əgər əksəriyyətin tanıdığı, hətta gündəm olan müəllifdirsə, onda içində nisbətən rahatlıq olur. Amma oxucu dünyasına bütünlüklə bəlli olmayan, yalnız sırf ədəbiyyat adamlarının tanıdığı imza barəsində, tam dəqiqliyi ilə desəm, bu imzanın özü və sözü barəsində fikirlərimi kağıza köçürmək istəyirəmsə, onda ikiqat məsuliyyətli oluram. Çünki ədəbiyyat məkanında tanınan imzanı təqdim etmək o qədər də asan deyil. Elə son günlər imzası ilə tez-tez qarşılaşdığım, müəllif avtoqrafı ilə oxuduğum kitabın sahibinin poeziya dünyasına daxil olanda özümü doğma dərdin, doğma həsrətin, doğma ağrı-acının və bir də ruhun yanında gördüm. Hiss etdim ki, bu söz dünyası öz rəngarəngliyi ilə yanaşı, həm də öz qapalılığı ilə mənə çox doğmadır. Axı, dərdi dərd çəkənlər daha yaxşı duyur, daha yaxşı anlayırlar. Mən də ağrı-acının içindən çıxdığımdan bu notlar həmişə könlümün kövrək simləri, nöqtələri olub. Hətta şeirlərimin birində vurğulamışdım ki:

 

Külək də incidir məni, meh də,

Yağış da incidir məni, şeh də.

 

Bax bu mənada “Bir gecəlik yuxu” kitabı  mənim əlimdən  tutub  həmin o ağrılı nöqtələrin düz qapısına qədər apardı. Başımı qaldıranda gördüm ki, həzin bir pıçıltı mənə sanki “xoş gəldin” – deyir. Əslində isə bu, dərdin pıçıltısı idi:

 

Dərd peşəm, dərd işim olub,

Əyləncəm, vərdişim olub.

Çəkdikcə şipşirin olub,

Nə gözəl yar imiş bu dərd.

 

Bəli, bu dərd doğrudan da çəkildikcə şirinləşir, kök atdıqca dağa dönür. Həm məcazi mənada, həm də təbiət fonunda. Bu pıçıltının bir cizgisi də xüsusilə önəmlidir. Onun önəmli olması da dərdin tək sənə aid olmasıdır. Onu sən özün bacardığın kimi, gücün çatan şəkildə çəkirsən, yaşayırsan. Və bu doğmalıq hətta sənə ilham verir. Elə bir ilham ki, sən hamının eşidəcəyi bir şəkildə bəyan edirsən:

 

Qəlbimə süzülən meydə gəzirəm,

Kamanda arayır, neydə gəzirəm.

İllərdi mən səni göydə gəzirəm,

Nə olardı, gəzərdin yerdə sən məni.

 

Poetik etiraf təkcə sevdiyinə, həsrətini çəkdiyinə deyil, bütövlükdə sənin həm də öz ürəyinə müraciətindir, öz duyğularına üz tutmağındır. Axı, səni axtarmağa məcbur edən ürəkdir, duyğulardır, hisslərdir, xəyallardır. Onlar isə bəzən şıltaq uşaqlar kimi sözə baxmırlar, əksinə, adamı, biraz da adi şəkildə ifadə etsəm, “cinləndirirlər”, özündən çıxarırlar. Daha çox sevməyə, daha çox axtarmağa, daha çox yuxusuz qalmağa və bir də daha çox dərdi sinənə sıxmağa səni vadar edir. Məhz belə məqamda da birmənalı olaraq özün öz içində, özün öz ürəyində söhbətləşir və ürəyinin gözlərinin içinə deyirsən ki:

 

Səndən sonra sən bilmədin,

Nə qədər söhbətin varmış...

İnsanların ürəyində,

Sönməyən ülfətin varmış.

 

.............................................

 

Nə gözəl həsrətin varmış.

 

Bu yerdə intizarda qalan oxucuya təmtəraqsız, sadə bir şəkildə xatırlatma edirəm. Deyirəm ki, əslində isə yazıram ki, bu şeirlərin müəllifi Arzu Nehrəmlidir. Sadə, səmimi, kiminsə haqqında gözü olmayan, amma deməyə kifayət qədər sözü olan Arzu Nehrəmli. Onu da xatırladım ki, Arzu xanımın “Bir gecəlik yuxu” kitabının redaktoru Azərbaycanın çox böyük söz adamlarından biri, hamımızın “axı, sən ordasan, sən sıxılarsan” misralarının müəllifi yazıçı Seyran Səxavətdir. Kitabdakı bütün şeirlər əslində bir obraza ünvanlanıb. Həmin obraz vətəndir. O vətən sevdiyindi, şəhidindi, dostundu və bir də sığındığın Allahındı. Bax, bu bütövlüyün içərisində öz ədəbi yaşamını misralara köçürən Arzu Nehrəmli oxucusunu sözünün, fikrinin işığına çəkə bilir. Və oxucu da şairlə razılaşır. Çünki şairin təqdim etdiyi duyğular oxucunun da ürəyindəndir:

 

Hərdən bu taleyin üstünə əl çək,

Nə olsun həsrətin açmadı çiçək...

Ruhunun başına pərvanələrtək,

Hər gecə dolanan qadın var hələ.

 

Və yaxud,

 

Gecə-gündüz deyinən mən,

Ayrılığı geyinən mən...

Hamı kimi deyiləm mən,

Vurasız başımdan məni.
 

Təqdim etdiyim bu iki nümunənin hər biri haqqında ayrı-ayrılıqda fikir bildirmək, şərh vermək mümkündür. Sadəcə mən o hüququ oxucuma verirəm. Özü düşünsün və özü də qərarını versin. Çünki mən hələ də Arzu Nehrəmlinin poeziya dünyasında fərqli gülləri, çiçəkləri gözdən keçirirəm. Müəllifin çox sadə, amma fikir yüklü misraları həmin çiçəklərin özüdür. Və mən də oxşadığım o çiçəklərin hənirini duyuram:

 

Gözümü zilləmişəm yanmayan çıraq üstə,

Arzu sənsiz günləri qoyubdu varaq üstə.

Düşüb üzüqoyulu yatdığın torpaq üstə,

Sən gələn günə qədər yatmağı düşünürəm.

 

Arzu Nehrəmlinin “Bir gecəlik yuxu” kitabı barəsində könlümün istəyi ilə isti-isti bilgisayara diqtə etdiyim fikirlərimi elə onun misraları ilə yekunlaşdırmaq istəyirəm. Çünki müəllifin özü yaşadığı dərddən, çəkdiyi həsrətdən, qarşılaşdığı haqsızlıq və biganəlikdən həm incikdi, həm də gileylidi. Baxmayaraq ki, o dərdi də, həsrəti də sevinc qədər uca tutur, dəyərləndirir. Arzu Nehrəmli yazır ki:

 

Taleyə nə verdin, üzünə gülə,

Yüz fikir bir borcu ödəyə bilə,

Arzu getməyib ki, qayıda, gələ,

Niyə dizlərini qucaqlamısan.

 

Zənnimcə, mənim bir oxucu kimi etdiyim bu qeydlər həm də onu, özünü və sözünü oxuculara daha yaxından tanıtmaq üçün edilən növbəti bir təşəbbüsdür. Uğurlar, Arzu Nehrəmli!

 

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV