Bir "jurnalistin" manifesti

CƏLİL CAVANŞİR
24073 | 2013-11-15 08:13
"Reket qəzet", "reket jurnalist" ifadəsinin necə yaranması haqqında heç bir məlumatım yoxdur. Yəni, bu ifadələrin necə yaranması haqqında heç bir mənbədə, kiçicik də olsa məlumata rast gəlməmişəm. 5-6 il əvvələ qədər bu ifadələrin nəyi ehtiva etdiyini tam başa düşmürdüm.
Mətbuatla ətraflı tanış olanda hələ bığ yeri yenicə tərləyən məktəbli idim. Şeirlərim, məqalə hesab etdiyim yazılarım hərdənbir rayon qəzetində, gənclər üçün nəzərdə tutulan qəzetlərdə çap olunurdu. Mətbuata çox böyük sevgim və həvəsim vardı. Xəyallarımın hansısa bir qəzet redaksiyasında dağılacağı günə isə hələ çox vardı. Hələ "reket qəzet", "reket jurnalist" haqqında heç bir məlumatım yox idi. Birinci kursda oxuyarkən Gəncədə aylıq çap olunan qəzetlərin birində əvvəlcə müxbir, sonra isə redaktor kimi çalışmağa başladım. Qəzeti demək olar ki, öz hesabımıza çap etdirir, maaşa yox, həvəsimizə görə işləyirdik. Hələ qəzetdə yazı yazmaq, yazılarımızın çap olunması bizə mistik bir hadisə kimi görünürdü.
Aradan 2-3 il keçmişdi, yenicə ailə qurmuşdum. İşsizlikdən bir müddət ora-bura vurnuxdum, çörək sexində, un dəyirmanında işləyə-işləyə magistratura imtahanlarına hazırlaşırdım. Üstəlik perspektivsiz bir əyalət şəhərində-Gəncədə iki nəfərlik ailə saxlamaq, ev kirayəsi vermək kimi problemlərim vardı. Yazıya olan sevgimdən də vaz keçə bilmirdim. Təsadüf nəticəsində Bakıda çap olunan həftəlik qəzetlərin biri ilə əməkdaşlığa başladım. Heç bir qonorar və ya maaş almasam da, sadəcə yazılarımın çap olunmasında maraqlı idim.
Təsadüfən bir neçə özünü jurnalist kimi təqdim edən şəxslə tanış oldum. Gəncənin mərkəzində səliqəli bir ofisləri, bir neçə əməkdaşları vardı. Aylıq jurnal çap edirdilər.
Amma aralarında heç kəs yazı yaza bilmirdi. İnternetdən tapdıqları yazıları bir yerə yığır, sonra hansı yazının hansı səhifədə çap olunacağını planlaşdırırdılar. Jurnalın hər nömrəsində hansısa məmuru və ya məmurları hədəfə almış bir neçə kiçik yazı çap olunurdu. Jurnalın adına uyğun olaraq yazılar satirik üslubda olurdu. Jurnal çap olunandan sonra "hədəfə" göndərilir, bir neçə gün ərzində həmin "hədəf"lə barışıq elan olunurdu. Yazılar çox vaxt baş redaktorun adından çap olunsa da, yazını yazan adamı heç kəs tanımırdı. Təxminən bir il bu satirik yazıları mən yazdım...
Bu redaksiya mənim "reket jurnalistika" ilə ilk tanışlıq yerim oldu. Jurnalın digər 5-6 əməkdaşı, sadəcə abunə ilə məşğul idi. Qapı-qapı idarə və müəssisələri gəzir, rəhbərliyə jurnala abunə olmağı təklif edir, çox vaxt da satirik üslublu yazıları oxuyan qorxaq məmurları buna razı sala bilirdilər. Bütün rayonlara, kəndlərə baş çəkirdilər. Düzdür, jurnalın adı heç vaxt Mətbuat Şurasının qara siyahısına düşməmişdi, amma fəaliyyətləri heç bir qayda-qanuna tabe deyildi. Uzaq rayonlara təşkil olunan ezamiyyətlərin bir neçəsində iştirak etmişdim. Prezident seçkisi, Milli Məclisə seçkilər bu redaksiya üçün əsl toy-bayram idi. Belə "əlamətdar" günlərdə jurnalın xüsusi buraxılışı çap olunurdu. Məmurların, kiçik və orta sahibkarların bu xüsusi buraxılışda ölkə prezidentinin fəaliyyətindən razılıq bildirən "yazıları" çap olunurdu. Bu yazıların da əsl müəllifi heç vaxt şəkli jurnalı bəzəyən şəxslər olmurdu.

Rövşən Əli Azəri ilə tanışlıq

Elə həmin ərəfədə heç bir ali təhsili olmayan, 20-dən çox qəzet və jurnal qeydiyyatdan keçirib möhürlərini ona-buna satan Rövşən adlı bir tiplə tanış oldum. Çirkli kostyumu, təxminən 10 il əvvəl dəbdən düşmüş qalstuku, sarımtıl saqqalı ilə Rövşən əsl felyeton qəhrəmanı idi. Heç vaxt siqareti olmazdı, amma çəkirdi. Heç vaxt çay pulu verməzdi, amma axşamacan çayxanadan çıxmazdı.
Özünü gah Qarabağ qazisi, gah Bakı Dövlət Universitetinin məzunu, gah hansısa dini cəmiyyətin rəhbəri kimi təqdim edir, oturanda isə jurnalistikadan, söz azadlığından, insan hüquqlarından danışırdı. İş-gücü idarə rəhbərlərinin qapılarında növbə gözləmək, idarə rəhbərindən 5-10 manat alandan sonra isə xoşbəxt şəkildə başqa bir idarəyə yollanmaq olurdu. Mən artıq aylıq bədii-tərcümə dərgisi təsis edib öz hesabıma bir nömrəsini çap etdirdikdən sonra dərgini qapatmışdım.
Aylıq qəzet təsis etmişdim və bu aylıq qəzeti üç aydan bir çap etməyə ancaq pul tapırdım. Tanınmış bir folklorşünas alimlə çalışmasaydım, tərcüməçi kimi işləməsəydim, heç onu da bacarmazdım. Amma Rövşən hər ay, müxtəlif adda qəzet çap edirdi. Təxminən 2004-cü ildə təsis etdiyi "Sirr qapısı" qəzetinin elə həmin il çap olunmuş iki nömrəsini daim çirkli çantasında gəzdirir, qəzeti gah jurnalist hüquqlarını müdafiə təşkilatı, gah da İnformasiya Agentliyi kimi təqdim edirdi. Hazırda da Rövşən Gəncədə köhnə peşəsi ilə məşğul olur.
Özü haqqında olduqca yüksək fikirdə olmasına baxmayaraq, gördüyü işlər, fəaliyyəti göz qabağındadır. Rövşəndən müsahibə almaq, onu ətraflı tanıtmaq istərdim, amma heyf ki, Rövşən hələ də "müsahibə" ilə "müsabiqə"nin fərqini anlamaq səviyyəsində deyil. Özünü yazıçı-filosof kimi təqdim edən "reket jurnalistin" yüksək zəkasını və intellektini özünün yazdığından da anlamaq mümkündür.

Rövşənin kədərli taleyi

Müsahibə təklifimə cavab olaraq Rövşən Əli Azəri özü haqqında e-mailimə kiçicik bir məktub göndərib.
Beləliklə, əyalət jurnalistikasının görünməyən tərəfi ilə yaxından tanış olaq. Rövşən özünü belə təqdim edir: "Azərbaycan respublikasının fəxri üzvüyəm. Azərbaycan bayrağının daşıcısıyam, Jurnalistlər,Yazıçılar birliyinin üzvüyəm, QHT-lər, İslam forumun üzvüyəm, Sirr Qapısı informasiya agentliyinin, Əhli-Beyt cəmiyyətinin, Azad Mətbuat Mərkəzinin rəhbəriyəm, Cavad Xan filmində və bir neçə kilipdə çəkilmişəm.Tənqidçi yazar kimi daimi Azərbaycanda məmurlar tərəfindən incidilmişəm, təziqlərlə daim üzləşmişəm."
Şəxsən tanıdığım üçün əminliklə yazıram ki, Rövşən nə JB-nin, nə də AYB-nin üzvüdür. Gəncədə inzibati binaların birində balaca bir "ofis"i, ofisində 6-7 ədəd işləməyən, ömrünü çoxdan başa vurmuş kompyüter var. Əslində bunlara kompyüter yox, kompyüterin müxtəlif parçaları desək, daha yaxşı olar. Rövşən "zəngin" tərcümeyi- halını, bu şəkildə davam etdirir:
"7 kitabın müəllifiyəm, Adəmdən Xatəmə, Bəşəriyyət Gözəlikləri, Qəmli Talelər-2 cild, Bəşəriyyətdə İslam Faciəsi, Şer toplusu-2 cild, Xəyyam Ata kitablarının müəllifiyəm, 5000-mindən artıq tənqidi məqalənin müəllifiyəm." Təxminən 6 il Gəncədə yaşasam da Rövşənin sadaladığı heç bir kitabla rastlaşmamışam. Yaxın dostları da deyir ki, Rövşən heç vaxt kitab , məqalə, şeir yazmayıb. Amma nə hikmətdirsə, Rövşən hər yerdə yazıçılığı ilə öyünür. Rövşənin öyündüyü digər bir məsələ, incidilməsi ilə bağlıdır. Bütün gün idarə rəhbərlərinin kabinetinin qapısında marığa yatan bu insan özünü çox asanlıqla məzlum kimi qələmə verir. Üstəlik utanıb çəkinmədən müharibə iştirakçısı olduğundan danışır:
"İncidilmiş Jurnalistlər, Yazıçılaradan biri kimi beynəlxalq QHT-lər tərəfindən qeydə alınmışam.
Ali Təhsilliyəm. 2-qızım 1-oğlum var. Necə deyərlər vəzifə görsəmdə özümü yaltaxlara tay edib saray şairi deyiləm. Qizim 18 oktyabrda müstəqillik günü anadan olub, digər qızım və oğlum isə fitri istedad olmasına və mənim 5 il 8 ay erməniyə güllə atmağıma baxmayaraq kirayədəyəm." Bütün bunların yalan olması bir tərəfə, Rövşən hesabına yaşadığı məmurlardan, ona dilənçi payı verən idarə rəhbərlərindən də narazıdır. Böyük ehtimalla son vaxtlar heç kəs ona pul vermir. Bu tərəfini dəqiq bilməsəm də, məktubun ruhundan bunu anlamaq çətin deyil. Sonda isə Rövşən özünü peyğəmbər, imam nəslinə qohum çıxarır və xarici dövlətlərdən sığınacaq istəyir:
"Rəhbər vəzifədə olan məmurlardan utanıram. Evladlarıma müstəqilikdən danışa bilmirəm. Kompüterdə 18-dən artıq proqram bilirəm.
Erməni qəbristanlığındada ev tikdirməyə imkan vermədilər, Dayısı erməni olanlar mənim ofisimin qapılarını belə möhürləyiblər. Heç bir siyasi partiyanın üzvü deyiləm. İmam Rızanın nəslindən olan Yedgərlilər nəslinin nümayəndəsiyəm, Dünya elimləri ilə yanaşı İslam elimlərinidə ali dərəcədə mənimsəmişəm. Türkoğlu-Türk kimi İstənilən dövlətin üzvü ola bilərəm".
Çox düşünsəm də, Rövşənin "İstənilən dövlətin üzvü ola bilərəm" fikrini anlaya bilmirdim. Nəhayət ki, uzun xahiş-minnətdən sonra özü bunun mühacirət arzusu olduğunu açıqladı.

P.S. Rövşənin e-mailimə göndərdiklərini nöqtə-vergülünə toxunmadan verməkdə məqsədim odur ki, bu gənc "reket jurnalistin" qabiliyyətindən sadəcə, xəbərdar olasınız.

Cəlil Cavanşir

TƏQVİM / ARXİV