Biz nə istəyirik?: Cinayətkar toplum, yoxsa insansevər cəmiyyət? - Nicat Kolan yazır

Uşaqlar donmamış beton kimidir, üzərinə nə düşsə, iz buraxır...
Gənc nəsli deyə bilmərəm, orta və yaşlı nəslin nümayəndələri yəqin ki, "Yaşıl eynəkli adam" televiziya tamaşasını xatırlayır. Həmin tamaşada ölməz sənətkarımız Yaşar Nurinin canlandırdığı Kazım obrazı da çoxlarının xatirində olar. Tamaşada belə bir səhnə var, Kazım həyat yoldaşı ilə axşam saatlarında qorxulu bir film izləyir. Filmdə bir qatilin evə daxil olaraq insanları qətlə yetirdiyi anlaşılır. Filmin təsiri altına düşüb vahimələnən Kazım qapının zəngi çalınanda dik atılır. Elə zənn edir ki, filmdə adamları öldürən "qəhrəman" onları da öldürməyə gəlib... Nəinki, Kazım, eləcə də bir çox insanlar belə filmləri izləyərkən qorxuya düşür, həyacanlanır. Hansı ki, izlədiklərinin sadəcə televiziyada göstərilən bir film, həmin baş verən qorxulu hadisələrin isə ssenari olduğunu və aktyor heyəti tərəfindən canlandırıldığını bilə-bilə yenə də təlaş edirlər. Bu cür filmlər ağlı başında, düşüncəsi olan bir çox insanların psixologiyasına mənfi təsir edir...
Gəlin, indiki dövrümüzdə uşaqlar üçün çəkilən və yayımlanan cizgi filmlərinə nəzər yetirək: Müasir cizgi filmlərinin qəhrəmanları kimlərdir, nədir? Əcaib, dünyada mövcud olmayan heyvan tipləri, insan simasına bənzəməyən "əcinnələr" və real olmayan digər qorxulu personajlar.
Bu gün telekanalları, eləcə də YouTube kanallarını zəbt etmiş qanlı, döyüşlü, nəyisə asanlıqla uçurub-dağıdan, heç bir uşaq təfəkkürünə sığmayan "qəhrəmanlar"ın təqdim edildiyi bu cür cizgi filmləri uşaqların psixologiyasında dərin və zərərli iz buraxır...
Yəni, bir uşağın izləyəcəyi mövzudan söhbət belə getmir...Belə cizgi filmləri uşaqlara aqressivlik, zorakılıq, vəhşilik təbliğ etməkdən başqa heç bir tərbiyəvi əhəmiyyət daşımır. Yenicə ətraf mühitlə tanışlığa başlayan uşaq cizgi filmlərindəki münasibəti həyatında da görmək istəyir, işi-gücü nəyisə dağıtmaq, sındırmaq, valideynlərə qarşı aqressiya göstərməkdən başqa bir şey olmur...
Bu tip cizgi filmlərlə böyüyən nəsil gələcəkdə cəmiyyətə nə kimi faydalı bir insan, valideynlərin ümidlərini doğruldacaq ağıllı övlad olacağı isə sual altında qalır...
Bu yaxınlarda Gəncə şəhərində ard-arda iki bıçaqlanma hadisəsi baş verdi. İkisi də orta məktəb şagirdləri arasında oldu. Birində qız, digərində isə oğlan uşağı əlini qana buladı. Hələ ictimailəşdirilməyən onlarla belə faktlar mövcuddur... Əgər orta məktəb şagirdləri üzərində kəsici alət daşıyırsa və düşünmədən, heç bir qorxu hissi keçirmədən qanlı hadisə törədirsə demək ki, uşaq və yeniyetmələrin təlim-tərbiyəsində, həyata baxışlarında ciddi bir problem var. İlk olaraq izləyici kimi problemin 3 obyektiv səbəbinin üzərində dayanırıq - Ailə, məktəb, ətraf mühit... Bəs onda baxılan filmlər, cizgi filmləri? Heç bunu düşünürükmü?
Belə neqativ halların, cinayət hadisələrinin kökündə, məncə, həmin 3 səbəbdən başqa bir gözəgörünməz səbəbin olduğunu da anlamalıyıq. Bəli, uşaqlıqdan pozulmuş psixoloji durum getdikcə, zaman keçdikcə fəsadlarını ortaya qoyur. İndiki gənclərin laqeyd hərəkətlərini, məsuliyyətsizliyini hamı qınayır, amma, heç kim bunun sosial bəla olduğunun fərqində deyil...
Bu kimə lazımdır? Uşaqların anlayacağı şəkildə, əsl nağıl qəhrəmanlarını, təbiəti canlandırmaq olmazmı?! Elə götürək bizim uşaqlıqda izlədiyimiz ən sevimli "Bir dayan" ("Nu poqodi") cizgi filmini... Əsasən 2 personajdan ibarətdir, olduqca maraqlı və heç bir zərəri yoxdur. Canavar və Dovşanın daim apardığı münaqişə elə şirin formada təqdim edilir ki, uşaqlar onların bir-birini sevdiklərini və bu münaqişənin bir zarafat olduğunu anlayır. Personajlar isə gerçək həyatdan götürülmüş heyvan tipləridir. Onsuz da yaş irəlilədikcə uşaqlar hər şeyi daha yaxşı dərk edirlər, körpəlikdən onları dava-dalaşa, şiddət və zorakılığa öyrətməyin nə mənası var?!
İlk başda böyüklərin qorxu filmlərini izləyərkən vahimələndiklərini nahaq yerə yazmadım. Uşaqlar da bu cür cizgi filmləri izəyərkən istər-istəməz qorxu hissi keçirirlər, qorxu isə insanın sümüyünə kimi işləyir və gələcəkdə daha ağır psixoloji, sonra isə fiziksəl xəstəliklərə səbəb olur. Hamıya məlumdur ki, bir çox xəstəliklərin qaynağı, mənbəyi ciddi psixoloji xəstəliklərdir...
Bir çox psixoloqlar da bildirir ki, müasir cizgi filmlərinin əksəriyyətinin heç bir süjeti yoxdur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə ondan qaçır. Bu cür görüntü və dinamika uşaqları cəlb etsə də, cizgi filminin heç bir mənası yoxdur. Belə cizgi filmləri uşaqlara heç nə öyrətmir, heç nəyi onlara izah etmir, uşaqların əqli inkişafına da müsbət təsir göstərmir.
Uşaqları bu tip cizgi filmlərinə baxmaqdan çəkindirmək lazımdır. Axı gələcəyimiz, ümidlərimiz indiki uşaqlardır!
Amma, Azərbaycanın elə cizgi filmləri var ki, uşaqların xeyirxah, nümunəvi, mehriban, zəhmətkeş, təəssübkeş insan kimi yetişməsində böyük rolu var. Məsələn: “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filmi, “Göyçək Fatma”, Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Uşaq və külək”, "Toplan və kölgəsi" , "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sehrli ləçək", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu" kimi cizgi filmlərinin uşaqların psixologiyasında müsbət izlər buraxmaqla bərabər düzgün təbiyələnməsində xidməti danılmazdır...
Məncə düşünməyə dəyər!..