11 Sentyabr 2025 17:51
86
ƏDƏBİYYAT

Şifrə: 1487

Telefonun şifrəsini dəyişmişəm.

Uşaqlar soruşur:

— Ata, yeni şifrəni deyə bilərsən?

Bu dəfə zarafata salmıram, nə də “xeyir” deyib yola vermirəm.

Cavab çoxdan hazırdır:

— Şifrə Azərbaycan tarixinin ən əzəmətli sərkərdələrindən birinin doğum ilidir. Gedin, axtarın, tapın…

Bəs, niyə məhz 1487?

Bu rəqəm hardan gəldi ağlıma?

Niyə istəyirəm uşaqlar bu ili yadda saxlasın, sevsin, mənimsəsin?

Son illərdə, son dönəmlərdə, anti-milli olduğunda qəti şübhəmin olmadığı bir çox ziya(n)lı ünsürün Şah İsmayıl Xətaiyə hücumunu hamımız görürük.

Bu hücumları və hücumçuları görüb insan əmin olur, əgər bu qədər sistemli şəkildə Şahı gözdən salmağa çalışırlarsa, deməli Şahda bir kəramət var.

Deməli bu xalq üçün Şahda bir fayda…

Azərbaycan adı, Azərbaycan dili saray yoluna, dövlət idarəsinə məhz onun vasitəsi ilə ayaq açmışdı...

Bir də biz onu "xətalı" olaraq tanıdıq...

Təvazökarlıq gözəldir. Amma bir liderdə, bir sərkərdədə bu xüsusiyyət daha da ucalır.

Dünya tarixində özünü “məğlubedilməz”, “böyük”, “sarsılmaz”, “şimşək”, “əfsanə” adlandıran nə qədər padşah var. 

Heç özünə, "qüsurlu", "qul", "bəndə", "xətalı" deyənin eşitmisiniz?

Bizim Şah, özünə “xətalı” deyir.

İnsan kamillik yoluna qədəm qoyduğunda özünü xətalı görər...
İnsan, insan olduğunu anladığında özünə xətalı deyər...

O, özünü “xətalı” bildi.

Xalq isə onu  "xəttat" kimi gördü - Azərbaycan tarixinin ən gözəl səhifələrini nəqş etmiş bir xəttat…

Bu dəfəki şifrəmiz sadəcə telefon üçün bir açar olmadı - Yaddaşa, milliyə və kimliyə də bir pəncərə açdı...

Rusif Hüseynov, İzmir