adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bizans siyasəti - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
16870 | 2022-01-14 20:23

Qarışıq  günlər yaşayırıq. İmperiya iddiaları, hökmü, irqlərin, millətlərin davası... Davaların  kökü isə uzaqdan gəlir. Tarixdən... Mən  sakit yanaşıram bu  davalara. Nə vaxtsa bir imperiya öz  rəqibləri  ilə mövcud olub  və  sonralar  onlar  gedib tarix səhnəsindən, yenilər yaranıb. Kim güclüdürsə o da qazanacaq. İndi biçarə postsovet respublikaları yenidən ekspansiya qorxusu altında yaşam sürdürürlər. Nə  qədər və hansı  şəkildə  davam  edəcək kimsə  bilmir. İmperiya ədaları rahatlıq vermir. Heç  biri  güzəştə getmir. Orta Asiya da, Qafqazlar da bu  güzəştsiz davaların qurbanı olaraq qalır. Təbii ki, ərazisinə bir  bomba  da  düşməyən ölkə zəngindir və  zəngin  qohumun dostu  da  çox olacaq. Amma bu  zəngin  dostun çox  cazibədar təklifləri də mövcuddur - yalnız təklif  halında, ideya kimi. Həm də  bəşəriyyətin güzəranı da yaxın  olduğu ölkələr kimidir. Zəngindirsə, deməli ora, okeanın o tayına yaxındır. Fəqirdisə, xalqlar həbsxanasına... Yəni  belə  deyirlər də.  Sanki hansı  imperiya həbsxana deyil ki?  Əvvəl imperializmə “çürüməkdə olan kapitalizm” deyirdik. İndi isə yeni fazaya daxil olub. Qloballaşma!!!  Dünya birqütblü olmaqdadır. Milli vahidlər və ərazi vahidləri silinir, yalnız iqtisadiyyat, siyasət deyil dəyişən. Mədəniyyət, yaşam tərzi, ideologiya da dəyişir və o da qloballaşır... Yəni yaşadığımız bu  azacıq  vaxt ərzində hər ictimai formasiya ilə  tanış olma  imkanımız oldu. Və  davam etməkdədir... Nəinki əsrin  sonu, hətta min ilin  sonunu da gördük və  bundan  doğan nəticələri yaşayırıq.

Amma elə  isimlər də mövcuddur ki, adı  şəkil dəyişib... Yunan  şəhərləri... Daha doğrusu, şəhər-dövlətlər. Rəqib  dövlətlər. Afina, Sparta, Milet...  Sonradan koloniyalar qurulub və  dünyaya səpələnib. Abidələri deyir ki, biz varıq.  Roma imperiyası... Qoşun çəkib  Qafqazlara qədər  gəlib. Amma xatirəsi qalır. Ən  azından ədəbiyyatda.

Hər xalqın tarixdəki yeri onun bəşəriyyətə verdiyi maddi-mədəniyyət abidələrinin dəyəri ilə ölçülür. Danılmaz həqiqətdir ki, elmin, sənətin, mədəniyyətin inkişafı yunanların adı ilə bağlıdır. Bu günə qədər fəlsəfə, tarix, teatr, memarlıq və neçə-neçə sənət növü ilə bağlı işlətdiyimiz terminlər elmin, mədəniyyətin izlərini yaşadır. Amma yunanlar özləri bütövlükdə bu elm, mədəniyyət məsələlərinə birmənalı yanaşmayıblar. Daim rəqabət halında olan şəhər-dövlətlər Afina və Sparta. Fərqli düşüncənin, həyat tərzinin bariz nümunələri. Biri ağlın, biri gücün, zorun simvolu. Hər ikisi tarixdə qalıb. Hansının daha üstün olduğunu demək istəmirəm. Çünki hər ikisinin tərəfdarları bu gün də mövcuddur. Baxmayaraq ki, Afina elmin, mədəniyyətin beşiyi sayılırdı, Olimpiya oyunlarını insanlığa onlar bəxş eləmişdilər. Amma dünyada idmançıları ilə yox, sənətləri ilə məşhurdurlar. Spartalılar da qabalıqları, kobudluqları ilə.
 

Zaman-zaman tarixin müxtəlif çağlarında, müxtəlif hökmdarların hakimiyyəti dövrlərində bu meyllər müşahidə olunub. Bəziləri elmə, sənətə mesenatlıq edib, bəziləri də hərbə, döyüşə, ova həvəsli olub. Ancaq bunları birləşdirə bilənlər də olub. Əmir Teymuru xatırlayaq. Qılıncının gücü ilə istila elədiyi torpaqlarda zorla da olsa alimləri, sənətkarları öz imperiyasının paytaxtına yığırdı. Və bu gün Səmərqənd Teymurun qılıncının gücündən yadigar qalmış tək-tək abidələrdəndir. Özbəklərin bu mənada bəxti gətirib - geriyə baxanda öyünə biləcəkləri tarixləri var. Yeri gəlmişkən, bu gün Amerika eyni siyasəti yeridir. Bir tərəfdən top-tüfənglə dünyanı təsiri altında saxlayır, bir tərəfdən də pulun gücü ilə ağıllı, istedadlı adamları yığır ölkəyə. Gözəl siyasətdi.

Əslində nə  qədər zaman  keçsə də ancaq dekorasiyalar dəyişir, mahiyyət, məzmun  olduğu kimi  qalır.

1. Ordu, qoşun hər zaman döyüş qabiliyyətli olmalıdı. Silahla təchiz olunmuş, sursatla zəngin. Mütəmadi təlimlər rəqib tərəfdə şübhə yaratmalı deyil.

2. Potensial düşməni yaxşı  tanıda biləcək kəşfiyyat şəbəkəsi mövcud olmalıdır. Qonşu ölkələrdə iş görən agentlər fəaliyyət göstərməlidir.

3. Böyük, iri həcmli döyüşlərdən uzaq durmaq lazımdır. Ayrı-ayrı əngəllər  yaratmaqla həll etməyə çalışmaq.

4. Savaş halında düşmən ordunu kiçik dəstələrə parçalamaqla, pusquya salmaqla, azuqə ehtiyatlarını dağıtmaqla, ruh  halını sındırmaqla davam  etmək.

5. Müharibə dövründə rəqib tərəfdə müttəfiqlər cəlb edə bilmək.

6. Düşmən qüvvələri hər zaman pulla, hədiyyələrlə ələ ala bilmək. Dini  fanatizmə bağlı  qüvvələr olsa belə.

7. Uğurlu, xeyirli iqtisadi ittifaqlarına mane olmaq. İqtisadi zəiflətmək.

8. Qonşu  ərazilərdə təbliğat, təşviqat işinin təşkili - düşmənlər sizin güclü və nəcib dövlət olduğunuza inanmalıdır. Obraz yaradılmalıdır.

Obraz dedik - dünyada hansı obraz var? Zəngin, yekəxana amerikalı və quduz, kobud rus?

Son  vaxtlar isə bu obraza həyasız, ləçər rəngləri də əlavə olunur. Necə  etsinlər bəs? Silahı yerə qoysalar itirəcəklər hər şeyi. O biri tərəf necə etsin? Daim qarşı tərəfi blokada qorxusuyla sıxmaq olmayacaq - müttəfiqlər də bir gün bezəcək və qaçacaq... Belə  bir dilemma... Əziyyəti  isə 8 min kilometr sərhədi olan məmləkətlər çəkir. Ya da Liviya, ya da Əfqanıstan...

Labirint bir  sözlə ... Necə  çıxacaq bəşəriyyət bu  labirintdən? İki Minotavr görünür səhnədə... Ariadnanın yumağı isə hələ tapılmayıb...

 

TƏQVİM / ARXİV