adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2026 10:01
77
DÜNYA
A- A+

“Bosniya qəssabı” dövlət mərasimi ilə dəfn ediləcək - Qalmaqallı qərar

Serbiya hökuməti Haaqada həbsxanada ölən keçmiş serb generalı Ratko Mladiçlə bağlı qalmaqallı qərar qəbul edib.

Adalet.az xəbər verir ki, Serbiyanın ədliyyə naziri Nenad Vujiç Mladiçin cənazəsinin Serbiyaya gətirildikdən sonra yüksəksəviyyəli dövlət və hərbi mərasimlə dəfn ediləcəyini açıqlayıb.

“Bosniya qəssabı” ləqəbi ilə tanınan Mladiç Bosniya müharibəsi zamanı törədilən ən ağır cinayətlərdə, o cümlədən, Srebrenitsa soyqırımında əsas fiqurlardan biri olub. O, soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

Mladiçin ölümündən sonra Bosniya və Herseqovinadakı bəzi serb qrupları onun xatirəsinə tədbirlər keçirərək keçmiş generalı təqdir ediblər. Zvornikdə yüzlərlə insan Serbiya bayraqları və Mladiçi tərifləyən plakatlarla küçələrə çıxıb. Bratunacda isə divara “Hamımız Mladiçin əsgərləriyik” yazılıb. Brçkoda da Mladiçin xatirəsinə şamlar yandırıldığı bildirilib.

Hadisələr region ölkələrinin sərt reaksiyasına səbəb olub. Monteneqro Prezidenti Yakov Milatoviç Mladiçin müharibə cinayətkarı kimi öldüyünü vurğulayaraq onun irsinin siyasi baxımdan fərqli təqdim edilməsinə qarşı çıxıb.

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman da Mladiçin Bosniya və Herseqovina və Xorvatiyada qanlı izlər qoyduğunu bildirib.

Ratko Mladiç Srebrenitsa soyqırımındakı roluna görə beynəlxalq tribunal tərəfindən müharibə cinayətkarı kimi məhkum edilmişdi. Onun rəhbərlik etdiyi Bosniya serb qüvvələri 1995-ci ildə Srebrenitsada 8 mindən çox bosniyalı müsəlman kişi və oğlanın qətlə yetirilməsində əsas məsul tərəf kimi tanınır.