02 Avqust 2024 09:00
391
LAYİHƏ

Böyük qələbəyə gedən yol

Dünyanın heç bir ölkəsi Azərbaycan qədər çətinliklər içərisində yaşamayıb. Çünki Azərbaycan müstəqillik qazanan zaman işğala məruz qaldı və torpaqlarının 20 faizi ermənilər tərəfindən ələ keçirildi. Yenicə müstəqillik addımını atan bir ölkənin çiynində bu qədər ağır yük var idi. Üstəlik də dünyanın super gücləri Azərbaycanın haqq sözünü eşitmir və ermənilərə havadarlıq edirdilər. Təbii ki, belə bir çətin, siyasi, iqtisadi və hərbi durumda yalnız ölkəmizin özünə ümid qalırdı. Hətta ümid bəslədiyimiz ölkələr belə bizə lazımi siyasi-iqtisadi və hərbi dəstəyi vermirdi. 

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişiylə demək olar ki, insanlarda çox böyük inam və ümid yarandı. Bu inam və ümid ondan ibarət idi ki, Azərbaycan xalqı Heydər Əliyevə inanır, ölkəmizi çətin vəziyyətdən yalnız onun xilas edəcəyini düşünürdülər. Təbii ki, xalq belə düşünməkdə haqlı idi. Çünki ondan əvvəlki dövlət rəhbərləri zəiflik göstərmiş, ölkəmizi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, eləcə də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün ciddi bir addım ata bilməmişdilər. Bütün bu ağır yük Ulu Öndər Heydər Əliyevin çiyninə düşmüşdü. O, isə hakimiyyətdə olduğu dövrdə ölkənin siyasi-istisadi, hərbi problemlərini qısa zaman kəsiyində yoluna qoymağı bacardı. Azərbaycan yüksək istisad inkişaf mərhələsinə qədəm qoydu. Və hərbi sahədə böyük irəliləyişlərə nail oldu.

Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmiz siyasi-istisadi və hərbi cəhətdən çox böyük yüksəlişə nail oldu. Belə bir durumda isə ermənilər yenə sərhədboyu kəndlərdə tez-tez atəşkəsi pozur, yaşayış məntəqələrinə fasiləsiz olaraq ağır artilleriyalardan zərbələr endirir və bu zəbələr zaman şəhidlərimiz və yaralılarımız olurdu. Üstəlik də yaşayış məntəqələrinə xeyli ziyan dəyirdi. 2020-ci il sentyabrın 26-a qədər ölkəmiz bu hücumlara dözdü. Amma daha dözmək mümkün deyildi. Ona görə də Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan ordusuna əks hücuma keçmək barədə əmr verdi. Bu əmr 2020-ci il sentyabrın 27-də icra edilməyə başlandı. Bir neçə gündə qüdrətli Azərbaycan Ordusu əks hücuma keçərək, Füzulinin və Cəbrayılın 8 kəndini erməni işğalından azad elədi. Azərbaycan Ordusu 30 illik sükuta son qoydu. “Ohanyan səddi” deyilən müdafiə sistemləri möhtəşəm və qüdrətli Azərbaycan ordusunun gücü hesabına darmadağın edildi. Çünki ermənilər 30 il idi ki, Füzuli və Cəbrayıl istiqamətində, eləcə də digər işğal olunmuş yaşayış məntəqələrimizin ərazisində keçilməz müdafiə xətti qurmuşdular. Onların səngərlərindən əvvəl, yəni qarşıda tankların keçməsinin qarşısını almaq üçün böyük dərələr qazılmış, yolla minalanmış, hətta tikanlı məftillər belə yerləşdirilmişdir. İlk baxışdan bu səddi keçmək olduqca çətin bir məsələ idi. Amma Azərbaycan ordusunun istehkamçıları, mina təmizləyənləri əsgərlərimizin hücumu zamanı bütün bu təhlükəni qanları, canları, həyatları bahasına təmizləmiş və zərərsizləşdirmişdilər. Əgər bu təhlükə və müdafiə sistemləri vaxtında zərərsizləşdirilməsəydi, onda canlı qüvvə, texnika sarıdan böyük itkilərimiz ola bilərdi. Məhz buna görə də hərbi əməliyyat başlamamışdan öncə generallarımız bu barədə çox ətraflı götür-qoy eləmiş və nəticədə onların qurduğu taktika və həyata keçirdiyi əməliyyat uğurlu olmuşdu. 

Azərbaycan ordusunun gücü və qüdrəti tək onun hərbi arsenalından ibarət deyildi. Azərbaycan ordusunun gücü NATO standartlarına uyğun böyük məktəb keçmiş və təcrübə toplamış zabitlərdən, əsgərlərdən ibarət idi. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan əsgəri aslan kimi, şir kimi döyüşdü. Onlar nə ermənilərin keçilməz müdafiə səddindən qorxdular, nə də ən müasir döyüş texnikalarından. Çünki Azərbaycan əsgərinə güc, qüvvət və ruh verən ayağının altında olan Vətən torpağı və bir də Vətən torpağının havası idi! Erməni əsgəri heç vaxt Azərbaycan əsgəri kimi döyüşə bilməzdi. Çünki Qarabağ və eləcə də işğal altında olan digər yaşayış məntəqələrimiz onların Vətəni deyildi. Vətəni olmadığına görə də burda ölmək istəmir və qaçıb aradan çıxmağa can atırdılar. Ölməmək üçün çoxu elə qaçdı da! Ermənilərin öz mətbuat orqanları 44 günlük İkinci Qarabağ savaşında yazırdı ki, onların 10 mindən çox döyüş mövqeyindən qaçan fərari əsgərləri var. 

Amma bir Azərbaycan əsgəri 44 günlük müharibədə silahını atıb, geri çəkilmədi. Üstəlik də respublikanın bütün rayonlarında Hərbi Səfərbərlik İdarələrinin qarşısında 10 minlərlə gənc könüllü olaraq cəbhəyə döyüşməyə getmək üçün növbəyə durmuşdular. Hardasa 100 minə yaxın belə gənclərimiz növbə gözləyirdilər. Onların çoxuna növbə çatmasa da, bu onu göstərirdi ki, Azərbaycanda 7-77-ə qədər hamı silaha sarılıb Vətən topağını işğaldan azad etmək istəyirdi. Onsuz da bizim 100 minə yaxın döyüşən əsgərimiz var idi. Onların yarısı 44 günlük İkinci Qarabağ savaşında erməni ordusunu darmadağın etməyə bəs elədi. Bu ordunun gücü ilə Cəbrayıl azad olundu... Hadrut azad olundu... Füzuli azad olundu... Qubadlı azad olundu... Zəngilan azad olundu... Və ən nəhayət, noyabrın 8-də Azərbaycanın ürəyi olan Şuşa azad olundu... Azad olunan bütün yaşayış məntəqələrinə Azərbaycan bayrağı sancıldı!..

Bütün bunlar onu göstərdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusuna əks-hücuma keçmək barədə vaxtında və düzgün əmr vermişdi. 44 günlük möhtəşəm savaş Prezident, Ordu və Xalq birliyi simvoluna çevrildi. Çünki bu üç qüvvə bir yerdə olmasaydı, biz möhtəşəm qələbə qazanıb yeni bir tarix yaza bilməzdik. Və ermənilər məcbur olub 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata təslim olmaq haqqında imza atmazdı. Üstəlik də ermənilərin Baş naziri Nikol Paşinyan 3 rayonun – Ağdamın, Laçının, Kəlbəcərin razılaşmış vaxtda boşaldılmasına qol çəkmişdi. 
Və həmin rayonlarımız da bir müddətdən sonra erməni işğalçıları tərəfindən boşaldıldı və Azərbaycan ordusu həmin rayonlara daxil olaraq bayrağımızı yüksəkliklərə sancdı. Bu o demək idi ki, İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qələbəsi ilə bir tarixə çevrildi. Bu tarix 200 ildən sonra yazılmış yeni bir qızıl tarix idi. Qızıl tarix bu millətin yaddaşında və həyatında ömrü boyu yaşayacaq, xalqımız həmin günlərlə qürur duyacaqdı!..
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.