15 Sentyabr 2024 10:03
189
ELM VƏ TƏHSİL

Bu il neçə uşaq birinci sinfə gedəcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən, hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı, eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan təhsili son illərdə əhəmiyyətli bir inkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün səviyyələrində dövlət proqramları uğurla icra edilir.

Adalet.az xəbər verir ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261 uşaq qəbul olunub, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qatılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I siniflərində 46 min 98, IX siniflərində 44 min 233, X siniflərində 35 min 757, XI siniflərində 32 min 260, XII siniflərində isə 156 şagird təhsil alacaq.

Məktəbəqədər təhsil müəssisələrində isə 45 min 201 uşaq, məktəbəhazırlıq qruplarında isə 29 min 216 beşyaşlı təhsil alacaq. Ümumilikdə 2024-2025-ci tədris ilində BŞTİ tabeliyində 29 min 400 müəllim və 4830 tərbiyəçi-müəllim fəaliyyət göstərəcək.

BŞTİ-nin tabeliyində hazırda 698 təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların 342-si məktəbəqədər, 327-si ümumi təhsil müəssisəsi, 3-ü xüsusi tipli orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

Son illərdə təhsil müəssisələrinin əsaslı təmiri və yenidən qurulması, müasir avadanlıqlarla təmin edilməsi gənc nəslin daha bilikli formalaşmasına xidmət edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də təhsil infrastrukturu Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bərpa olunur. Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda təhsilin bərpası planlaşdırılır.

Cari ildə bir sıra yeni məktəb binalarının açılışı olub, o cümlədən Bərdə, Quba, Ucar və Masallı rayonlarında yeni tədris ocaqları istifadəyə verilib.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" və digər layihələri təhsil sahəsinin inkişafında böyük rol oynayır. Təhsilə qoyulan investisiyalar ölkənin gələcəyi üçün əhəmiyyətli sərmayədir və Azərbaycan bu sahədə qabaqcıl ölkələrdən biri sayılır.

Yeni tədris ilində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq. 2024-2025-ci tədris ilində 295 tələbə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq. Bu proqramın müddəti 2028-ci ilədək uzadılıb.

Hökumətlərarası müqavilələr çərçivəsində Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya və Tacikistan kimi ölkələrdə Azərbaycan vətəndaşlarının təhsili üzrə təqaüd proqramları da aktivdir.

Bütün bu tədbirlər sayəsində təhsilin inkişafı davam edir və təhsil müəssisələri müasir dövrün tələblərinə uyğunlaşdırılır.