28 Fevral 2025 11:38
97
SİYASƏT

"Bu sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər" - Deputat

"İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. Onun sözlərinə görə, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. 

"Azərbaycan Respublikasının Prezidentinin qəti mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsində Ermənistanın rəhbərliyi etiraf etməyə məcbur olub ki, "əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh ola biməz". Bir müddət öncə Ermənistanın baş naziri ölkədə əvvəllər keçirilən referendumların legitimlik baxımından sual doğurduğunu və ölkənin yeni konstitusiyasının 2026-cı il parlament seçkilərindən sonra qəbul edilməsi ilə bağlı referendum keçirilməsi ilə bağlı bəyanatla çıxış edib.

Ermənistanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış ola bilər. Cənab Prezidentin dediyi kimi, Ermənistanın “konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”. Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələb ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur".

Nicat Novruzoğlu