adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 14:52
71
MARAQLI
A- A+

Bu tərliklər ayağın formasını dəyişə bilər

Barmaq arası tərliklər isti yay günlərində ən çox seçilən ayaqqabı modellərindən biridir. Rahat və yüngül olması səbəbindən geniş istifadə edilən bu tərliklərin ayaq sağlamlığına təsiri isə müzakirə mövzusudur.

Adalet.az xəbər verir ki, İngiltərədə ayaq sağlamlığı üzrə mütəxəssis doktor Helen Branthwaite bildirib ki, barmaq arası tərliklərin uzun müddət istifadəsi ayaqlarda müəyyən problemlərə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, xüsusilə qış aylarında ayağı sıxan ayaqqabılardan istifadə etdikdən sonra birbaşa açıq tərliklərə keçmək ayaqların daha çox yüklənməsinə gətirib çıxara bilər.

O qeyd edib ki, barmaq arası tərlik geyinərkən ayaq barmaqları həddindən artıq sıxılır. Bu isə sürtünmə və su toplamasına səbəb ola bilər.

Mütəxəssis həmçinin bildirib ki, bu tip tərliklər dabanı qorumaq və topuq oynağını dəstəkləmək baxımından kifayət qədər funksional deyil. Uzun müddətli istifadə zamanı ayağın yana doğru yayılması və formasının dəyişməsi də mümkündür.

Doktor Helen Branthwaite ayaqqabı seçərkən altlığın və istifadə olunan materialın xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edib.

Onun sözlərinə görə, ayaqqabı çox asanlıqla iki yerə bükülürsə, onun ayağa kifayət qədər dəstək verib-vermədiyini nəzərə almaq lazımdır.

Mütəxəssis açıq ayaqqabı geyinən şəxslərə ayaqların dərisini mütəmadi yoxlamağı, hər gün nəmləndirici kremdən istifadə etməyi və ayaqqabı ölçüsünü vaxtaşırı yoxlatdırmağı məsləhət görüb.

Branthwaite vurğulayıb ki, ayağın ölçüsü zamanla dəyişə bilər. Buna görə də illər əvvəl geyinilən ayaqqabı ölçüsünün dəyişməz qalacağı düşünülməməlidir.