adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Noyabr 2022 11:33
629
ƏDƏBİYYAT

 Buludun yağış  yolu... 

Mən hələ səmada bulud olduğum zaman bütün bunları bilmirdim. Bilmirdim ki, əslində mənim bu uşaq məsumluğum müvəqqətidir. Səmada süzür,dostlarımla əylənir,öz gözəlliyimdən vəcdə gələrək xoşbəxtlikdən məst olurdum...

Yumşacıq, xəfif mavili görüntümə baxdıqca, sevinclə gülümsəyir, yox olmuş anamın yolunu gözləyirdim. Sonuncu dəfə anam, rəngi qaralmış halda mənimlə sağolaşıb, mühüm iş dalıyca getdiyini demişdi. Gəlmirdi, artıq üstündən günlər keçmişdi. Əslində dostlarımın da anaları yox idi, onlarda narahat idilər....

Artıq biz dözə bilmirdik,yığışıb qərar verdik, analarımızı axtarmağa gedəcəyik. Səhər açılan kimi yola çıxdıq. Səmada süzdükcə arabir analarımızın qoxusunu duyurduq. Mat qalmışdıq. Bu gələn qoxular onların idi. Bəs analarımızın özləri hanı axı? Çırpınmaqdan, süzməkdən yorulmuşduq. Tapa bilmirdik analarımızı...

Artıq danışmırdıq da... Kədərli, qüssəli bir hiss bürümüşdü bizi. Olanları qəbul etmək çox ağır idi. Nə olursa olsun, biz geri çəkilmək istəmirdik. Axı onların şirin, ecazkar, məstedici qoxusu burda idi, lap yaxında , lap burnumuzun ucunda... axı duyurduq onları... Deyəsən, biz anasız qalmışdıq. 

 
Kədərlə ən yaxın dostum Mavişi səsləmək üçün dönüb geri baxanda heyrətdən gözlərim qaraldı. Bu necə ola bilərdi? Dostlarımın hamısı tünd rəngli, şişkin, acıqlı buludlara çevrilmişdilər. Bəs mən? Məndəmi elə olmuşdum?

Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Olmuşdum, həə, məndə öz gözəlliyimi itirib qapqara, böyük bir kütlə olmuşdum. Artıq anamın bizimlə sağollaşıb getdiyi an yaddaşıma həkk olmuş anama bənzəyirdim. Heç nə anlaya bilmirdim. Süzüb dostlarıma çatmaq istədikcə onların sürəti artırdı. Havada deyəsən güclü külək vardl. Bütün gücümlə yüyürürüdüm, qaçırdım, dostlarıma çatmaq üçün ... Nəfəsimi dərib yenidən onlara tərəf gedirdim... çata bilmirdim... Ağlamaq keçirdi içimdən...

Birdən birə dəhşətli bir səs gəldi, sanki səma ortadan yarıldı. Biz pərən pərən düşdük. Mən çığırmaq istədim səsim çıxmadı. Əl qol atdıqca sürətlə aşağı enirdim. Nə baş verir?
“Anacan,ana hardasan kömək et mənə” demək istədim, bacarmadım. Özümə toxunmaq istədim, amma özümü hiss etmədim. Tanımadığım rəngsiz maye halında ora bura səpələnirdim. Artıq məndən heçnə qalmamışdı. Dostlarım da yox olmuşdular. Külək mənim tikələnmiş hissələrimi ora bura çırpdıqca, mən də çarəsizcə üzü aşağı, naməlum bir məkana enirdim. Qorxu içində bölünmüş hisslərimi havada uçuşan gördükcə nəfəsim kəsilirdi. Birdən var qüvvəmlə harasa çırpıldım. Bura hara idi? Mənim bölünmüş hissəciklərim, rəngsiz maye halında ətrafa çıllənirdilər. Hər tərəf bu cür görünürdü, mənim kimi,tikələnmiş hissələrdən ibarət idi hər yan... Bu anda beynimdə bütün işıqlar yandl, xatırladım hamısını. Mən hələ çox körpə ikən anam demişdi bütün bunların olacağını. Necə unutmuşdum o söhbəti,,.necə anlamamışdım anam sağollaşıb gedəndə ki,bu bizim son görüşümüzdür...? Deməli , mən son məkandayam?

Əbədiyyətə qədər bir daha qarşılaşmadan, daima bir birimizin qoxusunun izi ilə dövr edəcəkdik. Həsrətimiz dünya var olduqca bitməyəcək. Ana bala qovuşmadan, sadəcə bir bimizin keçdiyi yollardan, buraxdığı izləri öpərək, toxunaraq sürdürəcəyik yaşamımızı.
Asta-asta anlayıram... mən indi torpağa hopmalıyam, anamın qoxusu,o gül kimi narin qoxusunu duyum, hər şeyə razıyam. Bəlkə bir gün üzünü də görə bilərəm, əllərindən tuta bilərəm. Bax onda heç buraxmaram anamı. Sarılaram, deyərəm anacan, məni özündən ayırma lütfən. Sənsiz olmaq məni yox edir. Var olmam yalnız sənin sevginlə mümkündür, anacan... İndi isə hopum torpağa, belə lazımdır. Sonra yerin altındakı çaylar, sonra nələr nələr olacaq....


Çox ümidliyəm, mən yenə o səmada bulud olacağam. O gün üçün, təkrar anama qovuşacağım gün üçün, mən bir ömür şəkildən şəklə düşməyə hazıram. Əslində qorxulu deylmiş sona yetmək, yağış olmaq. Yaşadıqlarım məni qorxmaz, cəsur və xeyirxah edəcəksə, anam mənimlə fəxr edəcəksə nədən yağış olmaqdan qorxum ki? Yağışın su adını alması, bu adla dünyanı abadlaşdırması, təbiəti yaşıllaşdırıb can verməsi bu qədər möhtəşəm və vacibdirsə,mən yağış olmaqdan xoşbəxtəm. Eynən səmada bulud olduğum zamanlardakı xoşbəxtliyim qədər... 

Kəklik Alışova