Burda sülhməramlılar, orda müşahidəçilər: amma ortadakı təxribatları kimsə “görmür”
Deputat: “Nə avropalı diplomatlar, nə də rus sülhməramlılar “ay erməni, bu hərbçiləri nəyə yığmısınız?” deyə soruşur”
Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Qarabağ İqtisadi Rayonu ərazisində gərginlik müşahidə edilməkdədir. Bir müddətdir ki, Ermənistan tərəfi Laçın sərhəd-keçid məntəqəsi ərazisində “humanitar böhran” şousu göstərir, “Qarabağ erməniləri acından ölür” şüarı ilə beynəlxalq birlikdən kömək istəyir. Rəsmi İrəvan “Qarabağdakı ağır humanitar vəziyyət” haqqında BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün müraciət edib, Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyir.
Azərbaycana reinteqrasiyaya imkan verməyən Qarabağdakı separatçı rejim isə ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə bölgəyə silah-sursat toplayır. Separatçı xunta rejiminin “rəhbərləri” Azərbaycana qarşı bəyanatlar səsləndirir, revanşist hərəkətlər edirlər. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri son günlər sərhəddə atəşkəsi mütəmadi olaraq pozmaqdadır.
Proseslərin hərbi eskalasiya ilə nəticələnəcəyi proqnozları artmaqdadır. Ekspertlər hesab edirlər ki, Ermənistan və Qarabağdakı silahlı ünsürlər Azərbaycanın səbr kasasını daşırır ki, bu, yeni hərbi əməliyyatları qaçınılmaz edir.
Baş verən proseslərlə bağlı AYNA-nın suallarını Milli Məclisin deputatı Aqil Abbas cavablandırıb. Deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər bütün günü şikayət etməkdədirlər:
- Dünən bir xəbər oxudum, rəsmi İrəvan iddia edir ki, guya Azərbaycan Ordusu Ermənistanda olan Avropa İttifaqının mülki missiyasının avtomobillərini atəşə tutub. Bizim Müdafiə Nazirliyi bu məlumatı təkzib etdi, belə bir halın olmadığını söylədi. Amma məni başqa məsələ maraqlandırır. Məlumdur ki, şərti sərhəddə avropalı müşahidəçilər dolaşırlar, hansı ki, Ermənistan bəyan edir ki, guya biz onları atəşə tutmuşuq. Bir gün əvvəl həmin o müşahidəçilərin dolaşdığı yerlərdən, Basarkeçər ərazisindən Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Dörd saata yaxın atəş davam edib. Bəs həmin avropalı müşahidəçilər harda yatmışdılar, niyə səslərini çıxarmadılar? Niyə demədilər ki, “ay erməni, niyə o tərəfə güllə atırsınız”? Demək ki, həmin müşahidəçilər, həmin Qərb həmişəki kimi ikiüzlüdür. Biz atəş açmaya-açmaya şərləyirlər ki, atəş açmışıq, amma ermənilərin güllə atmasını görmürlər. Bu, ikiüzlülükdür.
- Avropalı diplomatlar Ermənistanın “humanitar böhran” şousunu da müşahidə edirlər...
- Ermənistan TIR-ları yığıb sərhədə, bunları da çağırıb ki, gəlin çəkin. Nə olsun ki? İstəyir Makron da sərhədə gəlsin, nə olacaq ki? Azərbaycan sərhədinin pozulmasına imkan vermir, qanunlar çərçivəsində keçidi təmin edir. Humanitar yük demirlər, Bakı Ağdam-Xankəndi yolunu təklif edib. Zəhmət çəksinlər, Azərbaycanın tələbini yerinə yetirsinlər. Ərazi mənimdir, hansı yolu istəyərəmsə, o yoldan da yüklərin getməsinə göstəriş verərəm. Haqq var, hüquq var. Özbaşınalıq deyil ki...
Laçın yolundan mülki əhalinin keçidinə də şərait yaradılır, kim istəyir İrəvana gedib-gəlir. Yüklər məsələsi isə fərqlidir. Biz gördük Qızıl Xaçın avtomobilində Xankəndiyə nə aparıldığını. Biz 2 ildə gördük sülhməramlı deyilənlərin gözü önündə separatçılar silah-sursatı necə daşıyırlar. Avropalılar nəyi müşahidə edirlər? Həmin o diplomatlar niyə Ermənistana demirlər ki, Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edib, acınızdan ölürsünüzsə, niyə o yoldan istifadə etmirsiniz? Laçın sərhəd-keçid məntəqəsinin girişinə, Həkəri körpüsünə avtomobillər, hərbçilər yığıblar. Həmin o diplomatlar - avropalısı olsun, rusiyalısı olsun - niyə sual etmirlər ki, bu hərbçiləri nəyə yığmısınız? Hücum edəcəklər onlar?
- Sizcə, hücum edəcəklər?
- Edə bilməzlər. Hədə-qorxu gəlməklə məsələ bitmir. Onlar 44 günlük müharibədə dərslərini aldılar. Sadəcə indi güman edirlər ki, həmin o avropalı himayədarlarının arxasında gizlənib, bəlkə, nələrsə edə bilərlər. Amma əbəsdir, Azərbaycan Ordusu bütün təxribatların qarşısını alacaq, buna ermənilərin də, himayədarlarının da şübhəsi olmasın. Sadəcə bizim səbrimizlə oynayırlar. Mən bir yazı da yazmışdım ki, “A yordu-yordu, görək kim-kimi yordu”. İndi görək kim-kimi yoracaq.
Ümumiyyətlə, bu avropalılar, ruslar, amerikalılar 35 ildir Naxçıvanın blokadasına niyə səslərini çıxarmırlar? Dünya buna susur, amma ermənilərin hay-həşirinə anında reaksiya verirlər. Halbuki Azərbaycan alternativ yol təklif edir.
- Sizcə, ermənilər ruslar üçün, avropalılar üçün niyə bu qədər dəyərlidir, əhəmiyyətlidir?
- Bu qüvvələr öz maraqları üçün ermənilərdən alət kimi istifadə edirlər. Bəzən deyirlər ki, erməni lobbisinə görədir. Amma məncə, yox, onların elə diaporu yoxdur. Fransada 500 min erməni, 3 milyon türk yaşayır. O 500 min erməninin də lap 200 mininin səsvermə hüququ olsun. Fransa Prezidenti o səsə möhtacdır ki? Sadəcə bu ermənilər türklərə qarşı, müsəlmanlara qarşı alət kimi istifadə olunurlar. Ermənilər bizimlə sülh şəraitində yaşasaydılar, indi Türkiyə ilə Orta Asiya birləşmişdi, böyük coğrafiyada inkişaf vardı. Beynəlxalq güclər də bunu istəmir, Türkiyənin, Azərbaycanın inkişafında maraqlı deyillər. Ona görə də bir ovuc ermənidən istifadə edirlər. Məsələnin mahiyyəti budur. Yoxsa erməninin nəyi var ki, şirin olsun?
Amma unutmadan bir məsələni də deyim. Ermənilər dünyaya hay-küy salmağı bacarırlar. Xüsusilə də media sahəsindədirlər. Avropa, Amerika, Rusiya televiziyalarına baxın, hər gün çıxış edən ekspertlər ermənilərdir. Təbliğatları çoxdur, bunun da təsirləri var.
- Ermənistan və Qarabağ erməniləri niyə Ağdam-Xankəndi yolundan istifadəyə bu qədər qarşıdır?
- Hikkələrindəndir, bədbəxtliklərindəndir. Hesab edirlər ki, bunu qəbul etməyəcəklər, ağlaşacaqlar ki, aclarından guya ölürlər və s. Dünya da bunların “məzlumluqlarını” görəcək, Azərbaycana təzyiq göstərəcək. Amma unutmasınlar ki, Azərbaycan təzyiqlərə öyrəşib, bununla bizi yora bilməyəcəklər. Biz müharibədə göstərdik ki, nələrə qadirik. Anlamalıdırlar ki, Azərbaycan dövləti də, Azərbaycan xalqı da hansısa təzyiq nəticəsində milli maraqlarından geri çəkilən deyil. Çığırmaqla, bağırmaqla, səs-küylə nəyəsə nail ola bilməyəcəklər. Azərbaycan dövlətinin suveren ərazilərini heç kəs poza bilməz, vəssalam! Bizim icazəmiz olmadan bölgədə nələrsə həyata keçirə bilməzlər.
Qaldı ki Qarabağın sadə erməni sakinlərinə, onlar günü sabah Ağdam-Xankəndi yolundan istifadəyə razı olarlar. Yəni ki, bu yolu “Qarabağın erməni sakinlərinin hamısı istəmir” demək olmaz.
- O zaman siz dediyiniz sadə ermənilər reinteqrasiyada da maraqlı olmalıdırlar. Sizcə, onlar bizimlə birgə yaşamaq istəyirlər?
- Mən sizə deyim, Qarabağ ermənilərinin içərisində Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən, bizimlə birgə yaşamağı qəbul edən ermənilər var. Sadəcə separatçı quldurlardan qorxurlar, bunu açıq şəkildə deyə bilmirlər. Unutmayaq ki, bu gün Qarabağda Ermənistan ordusunun 10 minədək əli silahlı ünsürləri var, qondarma rejimin silahlı quldur dəstəsi var. Eyni zamanda, “Rusiya sülhməramlısı” adlandırılanlar var. Bunlar imkan verərlər ki, reinteqrasiya baş tutsun? İmkan vermirlər ki, dialoq, görüşlər baş tutmur da...
Amma yenə deyirəm, içlərində Azərbaycanın vətəndaşı olmaq istəyənlər var. Ümumiyyətlə, kim yaxşı yaşamaq istəməz ki? Nə olar erməni olanda, onlar da adam kimi yaşamaq istəyirlər, amma əli silahlı əclaflar imkan vermirlər. Bunlar bizimlə birgə yaşayıblar, bilirlər ki, vətəndaşlığı qəbul etsələr, yaxşı yaşayacaqlar. Özü də Qarabağ erməniləri işləyəndirlər, təsərrüfatçıldırlar. Vaxtilə Ağdam bazarına tonlarla kənd təsərrüfatı məhsulu gətirirdilər, satırdılar. Ağdam bazarı erməni eşşəkləri ilə dolu olurdu. Yenə yaşaya bilərlər, həm də yaxşı dolanarlar.
- 2025-ci ilin Azərbaycan üçün çox vacib il olduğu bildirilir. Xüsusən də həmin il Rusiya sülhməramlılarının bölgədən çıxacağı, yaxud çıxarılacağı gözlənilir. Proqnozunuz nədir, 2025-ci ildə Qarabağ məsələsi birdəfəlik həllinə qovuşacaqmı?
- Mən dəqiq proqnoz verə bilmərəm. Azərbaycan diplomatiyası çalışır ki, məsələlər yoluna qoyulsun. Olmasa, ordumuzun gücü var. Amma inanmıram ki, erməni silahlıları oradan öz xoşu ilə çıxacaq, reinteqrasiya baş tutacaq. Mən “Rusiya sülhməramlısı” deyilən əsgərlərin də 2025-ci ildə Qarabağdan öz xoşuna çıxacağına inanmıram. Rusiya hərbçilərinin bölgədə qalması üçün dəridən-qabıqdan çıxırlar, hər yola əl atırlar. Amma bir şeyə əminəm: necə Şuşanı işğaldan azad etdik, vaxtı çatanda Stepanakerti də Xankəndi edəcəyik.