adalet.az header logo
  • Bakı -°C

Burnumun ucunu göynədən kitab - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
211 | 2026-02-12 10:03
A- A+

Aqil Abbasın yeni kitabı işıq üzü gördü

Mənə görə kitab, qəzet, bütövlükdə özündə fikri yazılı şəkildə çatdıran hər bir nümunə həm də müəllifin, yəni yazı sahibinin müəyyən hissəsidir. Təbii ki, söhbət ruh, hiss, duyğu və ürəkdən gedir. Bu mənada oxuduğum hər bir yazı nümunəsini müəlliflə söhbətim, dialoqum, təmasım kimi qəbul edirəm.

Deyə bilərsiniz ki, axı, həmişə söhbət alınmır. Haqlısınız, sizinlə razıyam. Amma...

Gəlin etiraf edək ki, alınmayan söhbətlərin də içərisində bəzən elə nüanslar olur ki, uzun zaman unutmursan, yanından keçib gedə bilmirsən. Çünki əvvəldə dediyim kimi, məsələnin mahiyyəti yazıdan, onun yaratdığı auradan, etdiyi təsirdən ibarət olur. Və bu da adamı tutub saxlayır. O yerdə ki, orda işıqlı nəsə var. 

Sizinlə həmsöhbət olmağa hazırlaşdığım bu məqamda masamın üzərindən bir kitab baxır mənə tərəf. Onun canından hələ mətbəə qoxusu “pırr” edib heç uçmayıb da. Zənnimcə, o kitaba ilk toxunan da mənəm. Özü də sevgiylə, istəklə, maraqla. Çünki bu kitabın içərisində yer almış bir-birindən maraqlı povest və hekayələrin demək olar ki, hamısının dünyaya gəlişinin də şahidi olmuşam, mətbəəyə yola düşməyinin də. Ona görə də bu iki prosesin yekunu olan çapın ifadə etdiyi kitab formasını görməkdən məmnunam. Hətta mən adətimə uyğun olaraq, qarşılaşdığım hər təzə kitabı az qala ordudan qalib gələn əsgər səviyyəsində, ona bərabər səmimiyyətdə qarşılayıram. Çünki kitab artıq bütövlükdür, duyğuların, hisslərin böyük silsiləsinin toplusudur. 

“Burnumun ucunu göynədən günlər” adlı bu kitab mənə görə, Qarabağın, xüsusilə, Ağdamın sözə hopmuş ovqatıdır. Kitabdakı povest və hekayələr oxucunu yaxasından tutub əyləşdiyi yerə, divanamı, stolamı, lap elə döşəmənin üstünə elə otuzdurur ki, tərpənə bilmirsən. Səni az qala nəfəs almağa da qoymur. Sonuncu nöqtəyə gəlib çıxana qədər içində bir söz acgözlüyü at oynadır. Hadisələrin, dialoqların, təhkiyə və portretlərin içində hələk olursan. Özünə bir növü hər şeyi, hətta nöqtə-vergülü də köçürmək istəyirsən. Bilirsiniz niyə?

Gəlin, bu sualın cavabını birbaşa deyim sizə:

-Ona görə bu halı yaşayırsan ki, bu hissləri keçirirsən ki, sən oxucu olaraq Ağdamı, Qarabağı görürsən. Onun özünü dinləyirsən, səsini, sözünü eşidirsən, zarafatlarını, atmacalarını, hətta söz içində söz yedirtməyini də yaşayırsan!..

Bax, dediyim bu səbəblər şəxsən bir oxucu kimi məni kitabın nə hekayələrindən, nə də povestdən ayrılmağa imkan vermir. Özü də əvvəldə vurğuladığım kimi, mən bu kitabın içində yer alan həmin o povest və hekayələri “Ədalət” qəzetinin səhifələrində təkrar-təkrar oxumuşam.
Azərbaycan oxucusu yazıçı-publisist Aqil Abbasın qələminə bələddir. Onun zamanında işıq üzü görmüş “Ən xoşbəxt adam”, “Batmanqılınc” əsərlərini oxuyublar. Bu kitablar Sovet dönəmində dünyaya gəlmişdi. Sonra “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, “Qiyamət gecəsi” və digərləri böyük söz dünyasında öz yerini tutdu. Və “Ən xoşbəxt adam”la “Batmanqılınc” bizi, şəxsən məni daha çox Sovet dövrünün nostaljisini və bir də tariximizin ağrılı bir məqamını yaşamağa kökləmişdisə, müstəqillik illərində yazılan hekayə, povest və romanlar isə Vətəndə vətənsizliyimi, çadır həyatını, Birinci və İkinci Qarabağ savaşını, bir sözlə, ömrümün 35 ilini mənə həm təkrar yaşatdı, həm də ömrümə təkrar hopdurdu. 

Oxucuların yadında olar, hətta bəziləriniz görüşlərimizdə zarafatla da bu kitabın adını xatırlatmısınız mənə. Söhbət “Camış bağa girdi, gəl” povestindən gedir. O povestdəki həyat əslində gerçəkliyin bədii təsviridir. Çünki onun qəhrəmanlarının hamısını qarabağlılar, xüsuslə, ağdamlılar yaxşı tanıyırlar. O povesti oxuduqca özünü Ağdamda, Qarqar çayının kənarında olan yeməkxanaların birində oturub söhbət edən ağdamlılardan biri hesab edirsən. Yaxud Ağdamdan Şuşaya gedən, Ağcabədiyə üz tutan adamlardan biri olursan. Və ətrafında da tanıdığın, az qala bütün nəsil-nəcabətini əzbər bildiyin adamlar... 

Bu kitabdakı “Bazar, ağdam bazarı”, “Səsinizi kəsin, görək bu it uşağı bura niyə gəlib?!” hekayələrini xüsusi ayırmaq istəyirəm. Çünki hər iki hekayənin təkcə məzmunu yox, həm də oxucu ilə birbaşa üz-üzə duran lövhələri o qədər reallığa yaxındır ki, sanki hər iki hekayədəki danışıq da, hərəkət də kiminsə tərəfindən lentə köçürülüb və nümayiş etdirilir. Oxucu da oturub özünün də iştirakçısı olduğu səhnələri izləyir. Bu, bir yazıçı kimi Aqil Abbasın yaradıcılıq imkanının nə qədər qol-budaqlı olduğunu göstərir, eyni zamanda müəllifin hadisələrin, coğrafiyanın içərisinə nə qədər bələd olduğunu, onun qatlarına enmək məharətini, qabiliyyətini nümayiş etdirir. Doğrusunu deyim ki, belə məqamlarda mənə elə gəlir ki, müəllif bütün yazdıqlarını hansısa bir zaman kəsiyində heç kimə demədən, heç kimə bildirmədən lentə köçürüb. Və indi həmin lent yazısını kitab edib povest, hekayə şəklində qaytarır bizə.
Bu kitabdakı “Göz yaşlarımla sulayacam səni, gilas ağacı” hekayəsi mənim özümün də yaşadığım hissləri, əyilib öpdüyüm qara daşı... və həmin o anımın bütün cizgilərini bir daha qoydu gözümün qarşısına. 44  günlük Böyük Zəfərimizdən sonra doğulduğum Tuğ kəndinə etdiyim ilk səfər, evimizin yerində qalmış güllə yaralı qara daş, kol-kos basmış həyət mənə çox şeylər dedi, çox şeylər xatırlatdı. Yazıçı-publisist Aqil Abbas da qələbədən sonra Ağdama ilk səfərində həmin o mənə hökm edən, varlığımı alt-üst edən, için-için ağladan hissləri daha artıq bir səviyyədə, yəni öz ürəyinin tutumu qədər yaşatdı. Aqil Abbas da üzünü gilas ağacına tutub dizini yerə atıb içindəkiləri gilas ağacına, yox, təkcə gilas ağacına yox, duymaq, eşitmək qabiliyyəti olan bütün insanlara tutub öncə pıçıltıyla, sonra isə hayqıraraq deyib. Bildirib ki, daha səni qurumağa qoymayacam, gilas ağacı! Çünki mən qayıtmışam, biz qayıtmışıq, Ağdam qayıdıb, ağdamlılar qayıdıb! Sən sahibsiz deyilsən!

“Burnumun ucunu göynədən günlər” adlı kitab 9 hekayə və 1 povestdən ibarətdir. Mən onların hər biri haqqında ayrı-ayrılıqda fikir bildirib, oxucularımı kitabı tam şəkildə oxumaq marağından uzaq salmaq istəmirəm. Bilirəm ki, bu kitabın oxucuları var və tapıb oxuyacaqlar. Oxumayanlara da oxuyanlara çatdıracaq. Ona görə ki, bu kitab adi söz yığınından, mətbəə qoxulu vərəqlərdən ibarət deyil. Bu kitab Ağdamdandır, Qarabağdandır... Və bir də bu kitabı oxuyanda oxucu biləcək ki, Əzrayıl erkəkdi, yoxsa dişi?

Və son olaraq... Mən sözün oxucuya nə verib, nə almaq gücündə olduğunu təkrar deyim ki, “Burnumun ucunu göynədən günlər”də gördüm.

P.S. “Gənclik” nəşriyyatında tanınmış yazıçı-publisist İradə Tuncayın redaktorluğu ilə işıq üzü görmüş kitab üç gündür ki, dünyamıza gəlib.

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV