adalet.az header logo
  • Bakı -°C

KÖÇ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
321 | 2026-02-02 13:16
A- A+

Ömrümün ağrılı anlarından fraqmentlər

 

Bilmirəm havadandır, yoxsa ətrafımızdakı auradan, yoxsa  hər tərəfdən basqı edən informasiyalardan…  Bilmirəm, amma bilmək istəyirəm  çünki indi kökləndiyim sarı sim çox üzücü və xatirələrlə, özü də kədərli xatirələrlə  yüklənib… Müdriklər deyib, kitablar yazıb, bir az  böyük səslənsə də mən özüm də bir neçə dəfə yazılarımda  vurğulamışam ki, tarix təkrarlanır, bir az ərklə, bir az əyər-əskiyi ilə…

Düşünməyin ki, sizə  Tarixi-Nadirdən danışacam… Ağlınıza gətirməyin ki, hansısa ağrılı günümü sizə deyingən adamlar kimi təkrar danışacam. Yox! Bütün bunlardan çox uzağam. O qədər uzağam ki, o xatirələr də, o keçmiş də, olmuşların hamısı da  indi mənimlə çiyin-çiyinə dayanıb…

Sanki qoşulub mənə köç edəcəklər həyatda sevmədiyim və yazılarda, söhbətlərdə qarşıma çıxanda məni haldan-hala salan bir neçə söz var. Onlardan biri  KÖÇdür.  Amma bir vaxtlar rəhmətlik Xalq yazıçısı Mövlud Süleymanlının “Köç”ünü sevə- sevə oxumuşdum.  Bəlkə də elə o sevgi məni həyatımın ağır anlarında  ayaqda saxlayan səbəblərdən biri oldu…

İndi köç deyəndə qaçqınlıq, köçkünlük yadıma düşür. Gözümün önündən ömrümdən gəlib keçir.  Və illərlə  hücrəm olan bu ovuc içi boyda otaqda  daxilən həmin anları yaşayıram. Və kitab rəflərimə  baxıram, gah stolumun üstündə, jurnallara, dəftərə, qələmə,  gah da mənə həyatın gözəllliyini xatırladan  dibçəkdəki güllərimə… Adam bu mənzərənin içərisində  kim olduğunu, nə üçün yaşadığını bilirdi, anlayırdı. Amma indi fərqinə varıram ki, mən bunlarsız kim olacam, necə olacam?... Bu sualın cavabını bilmirəm. Deyə bilərsiniz ki, həyat davam edir. Və  siz həyatın davam etdiyini mənə xatırladanda  mən  ömrümün bir məqamını da xatırlayıram…

1980-ci ilin yayı idi. Sovet ordusundan tərxis olunmuşdum. Bir tələbə kimi artıq özümü dünyanın ən xoşbəxt bəndələrindən biri sayırdım. Üstəlik də yazılarım ara-sıra mətbuatda işıq üzü görürdü. Necə deyərlər, ədəbiyyatın, bir də qələmin dəlisi olmuşdum. Həmin günlərdə də kitab mağazasından rəhmətlik Əlfi Qasımovun “İnsan qaranquş deyil” adlı kitabını aldım. Öncə kitabın adı məni özünə çəkdi.  Həmin günün axşamı da “İnsan qaranquş deyil” povestini oxudum. Əməkdaşlıq etdiyim “ Təşviqatçı” jurnalının baş redaktoru Əlisəfa  Məmmədovun (həyatımın ən xeyirxah insanı, yaddaşıma adı həkk olunmuş yazıçı-publisist Ə.M)  otağına gəlib ondan Əlfi müəllimi tanıyıb-tanımadığını soruşdum. Maraqla üzümə baxıb:

-Xeyirdimi?

-Povestini oxumuşam. Tanısaydım, gedib ona fikirlərimi deyərdim.

Elə yanımdaca telefonu götürüb, harasa zəng etdi. Çox mehriban hal-xoş edəndən sonra dedi:

- Əlfi, yanımda bir yerlin var. Sənin povestindən danışdı. Səni görmək istəyir. Göndərirəm yanına…

 Dəstəyi yerə qoyub, üzünü mənə tutdu:

-Əlfi mənim tələbə yoldaşımdır. Həm də dostuq. Dur get  Nəşriyyat Komitəsinə. Əlfi oranın böyüyüdür…

 Doğrusu, Nəşriyyat Komitəsi sözü məni bir balaca qorxutdu. İçimdə bir tərəddüd baş qaldırdı. Adi tələbə bir  adamın durub komitə sədrinin yanına getməsi mənə möcüzə kimi gəlirdi. Amma Əlisəfa müəllimin: dur, ürəkli ol, məmnun qayıdacaqsan deməsi mənə  həqiqətən cəsarət verdi. Getdim Əlfi müəllimin qəbuluna. Dərhal qəbul etdi məni. Kimliyimi hardan olduğumu, harda oxuduğumu soruşdu. Problemlərimlə maraqlandı. İnanın ki, yarım saatlıq söhbətin içərisində  bir dəfə də olsun povestini xatırlatmadı. Sonda mən özümü toplayıb  dedim ki, Əlfi müəllim, bütün gecəni sizin son kitabınızı oxudum. Amma povestin  adı ilə razılaşmıram. Axı deyirsiniz ki, insan qaranquş deyil. Təbii ki, qaranquşlar yuvalarına qayıdır. İnsan da yuvasına qayıdır - gəzib, dolaşıb evinə dönür…  Əlfi müəllim təbəssümlə:

-Sevinirəm ki, povest xoşuna gəlir. Çox sağ ol ki, oxumusan.  Fikirlərin də maraqlıdır. Amma insan ali zümrədir. O, düşüncə ilə, ağılla dönür  ocağına. Qaranquşlar isə instinktlə...

Və beləcə mən ilk dəfə Azərbaycanın sayılan-seçilən bir yazıçısının, həqiqi mənada böyük bir aydınının qarşısında özümü həm rahat hiss etdim, həm də anladım ki, insanlıq vəzifə ilə, titulla, maddi durumla ölçülmür. İnsanlıq diqqətlə, səmimiyyətlə, vicdanla, böyük hərflərlə yazılan ADAMLIQla müəyyən olunur. İndi də düşünürəm ki, mən o vaxt bəlkə də fikirlərimdə tələskənliyə, çılğınığa yol vermişdim. Amma böyük ziyalı, böyük ürək sahibi olan Əlfi Qasımov bunu mənə hiss etdirmədi. Çox  ustalıqla könlümü ovutdu, düşüncələrimi aydınlığa  istiqamətləndirdi.

Bəli, bütün bu yazdıqlarım, necə deyərlər, ruhumdan süzülüb gələnlərin hamısı uzun illər iş otağım olan “Azərbaycan” Nəşriyyatının 6-cı mərtəbəsində hardasa təbiətin bir parçası kimi tanınan çoxlu sayda dibçək gülləri ilə bəzənmiş otağımla bir növü vida idi. Sanki bu otaqla, burdakı xatirələrimlə sağollaşırdım. Elə o anın içərisində də özümdən asılı olmadan pıçıldadım:

 

Yuvası dağılır xatirələrin,

Qapısın yel açır, bacasın külək.

Məni bu məqama gətirənlərin -

Yanında durursan niyə, ay fələk?

 

Hənrini tavandan yığa bilmirəm,

Səsini divardan necə qoparım?

Boşalan otaqdan çıxa bilmirəm,

Ümidsiz özümü hara aparım?

 

Dolubdu gözləri çiçəklərimin,

Dibçəklər çatlayıb qəfil həmlədən.

Gözümü onlardan çəkə bilmirəm,

Bu da bir ağrıdı məni qəmlədən.

 

Ömrün yarısından çoxu əriyib

Uğur, arzu dolu dərya binada!

İndisə üstünə nəzər yeriyib

Bina tuş gəlibdi nəfsli inada!

 

Yuvası dağılan xatirələrin

Üstünə ələnir son qəlpələri.

İndi təsəlli də verə bilmir tay -

Dolmuş gözlərimin lal ləpələri.

 

 

Mən indi hisslərimin diqtəsi olan bu yazını bilgisayara diqtə etdiyim anlarda da birmənalı olaraq anlayıram ki, həyat davam etsə də, yeni ünvanlar bizləri gözləsə də, amma danılmaz bir həqiqət də var. Məndən əvvəl özü də lap çox-çox qabaq müdriklər deyib. Bilirsiniz  nə deyib müdriklər?

-KÖHNƏ YURDUN QƏDRİNİ TƏZƏ YURDDA BİLƏRLƏR!!!

Bax elə bu ovqatla, bu hisslərlə KÖÇə qoşulmağa hazırlaşıram.

TƏQVİM / ARXİV