Bədii ədəbiyyat həm də sözün kağıza köçürülməsidir. Və uzun, bəzən də qərinələr aşan yaşam haqlı nümunəyə çevrilməsidir. Bəlkə də bu fikir hardasa kimlərisə razı salmayacaq. Amma mənə görə bu bir həqiqətdir. Çünki mən bu fikrimdə faktlara söykənirəm. Oxuduğum memuarlar, eləcə də sənədli-bədii nümunələr məndə bu fikri formalaşdırır. Ən çox sevdiyim əsərlərdən biri unudulmaz yazıçımız Manaf Süleymanovun qələmindən çıxan və Bakını mənə yenidən tanıdan möhtəşəm əsəridir. Bax, elə dəyərli və unudulmaz yazıçılarımız Həsən Seyidbəyli və İmran Qasımovun birlikdə yazdıqları xatirləri də, səfər təəssüratları da, Novruz Nəcəfoğlunun, Hüseynbala Mirələmovun Sinqapur, Çin səfərləri və digərlərinin bu mövzularda təəssüratları da məni qiyabi olaraq o yerlərə aparıb çıxarır…
Bütün bunları yazmaqda məqsədim bədii ədəbiyyata olan baxışımın təsdiqlənməsidir. Və bu da mənim son vaxtlar oxuduğum, lap dəqiq desəm, ötən ilin sonuncu 10 günlüyündə oxuyub bitirdiyim bir xatirə-romanla bağlıdır.
Bəlkə də kimlərsə artıq oxuyubdur. Onların da özəl fikirlərinə hörmətim var. Amma bu məqamda öz düşüncələrimi kağıza köçürmək istəyirəm. Özü də minnətdarlıqla.
“Ömür nağılı” xatirə-romanının müəllifi tanınmış yazıçı-publisist, şair Şövkət Zərin Horovludur. Elə buradaca vurğulayım ki, mən hörmətli Şövkət xanımın şeir kitablarının bir neçəsini zamanında oxumuşam və kitab rəfimdə də öz yerini tutub. Onun şeirləri barədə oxucu fikirlərimi mətbuatda yayımlamışam. İlk dəfə idi ki, mən bu xanım müəllifin iri həcmli nəsr əsərini oxuyurdum. Bu da səbəbsiz olmadı. Kitabın adı məni özünə çəkdi:
- “Ömür nağılı”. Özü də xatirə romanı!!!
Adətən “ömür” sözü, “ömür” fikri cəlbedici olur. Şəxsən mən bu sözlə bağlı olan fikirlərə həmişə maraqla yanaşıram. Bu günə qədər də yanılmamışam. Oxuyanda görmüşəm ki, müəllif ömrünün hansısa bir fraqmentini bir anlıq sərgiləyir. Məhz elə bu kitabı oxuyanda da mən bir daha öz hissiyyatıma təşəkkür etdim. Axı həqiqətən bu kitab təkcə müəllifin yox, həm də onun aid olduğu nəslin, soyun, obanın, elatın ömür nağılı idi. Hardan-hara gəldiyini bütün ləngəri ilə, bütün dolamaları ilə, bütün qədəri ilə danışan nağılvari, amma nağılın içindəki həyat gerçəkliyi idi. İndi vurğulamasam, özümü qınayaram. Bilirsiniz nəyi? Yəqin ki, təxmin etdiniz. Etmədinizsə, deyim.
Mən Şövkət xanımın yaddaşına, onun arxiv bilgisinə heyran qaldım. Çünki bu xanım bir elatın demək olar ki, bütün məhlələrini, bütün ailələrini, tayfalarını, böyüklü-kiçikli o qədər xırdalıqla, o qədər həssaslıqla oxucuya danışır ki, şəxsən mən bəzən oxuduğum səhifəni və ya abzası təkrar oxuyurdum ki, görüm müəllif hardasa nəyisə qarışdırırmı? Amma yox, rast gəlmədim! Ona görə də marağım bir az da artdı, daha da həvəsləndim. Romanın sonuncu nöqtəsinə çatmaq üçün tələsdim.
“Ömür nağılı” xatirə-romanı müəllifin həm şahidi, həm iştirakçısı olduğu, həm də özünün ata-anasından, nənə-babasından daha yaşlı qohum-əqrəbasından, doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Horovlu kəndinin dünya görmüş insanlarından yaddaşına köçürdüyü faktların, bilgilərin, xatirələrin sanki lentə alınmış bir formasıdır. Oxuduqca insan, xüsusilə, köçkünlük həyatını yaşamış insan, Qarabağ savaşının iştirakçısı olan insan Bakıdan çıxıb gedir Araz qırağına. Keçir hələ də yolumuzu gözləyən İrəvana, ordakı yurdlarımıza nəzər yetirir. İlk erməni köçünün Qarabağda məskunlaşdığı günə. İlk erməni fitnəsinin baş qaldırdığı zamanlara… Və beləcə unutqanlığımızla yanaşı xeyirxahlığımızın, qonaqpərvərliyimizin, bir də bəzən həddindən çox insansevərliyimizin bizə yaşatdıqlarına…
Bax, bütün bu dediklərim xanım yazarın ömründən gəlib keçib. Sonda da romana çevrilib. Sadəcə olaraq Şövkət xanım təkcə öz ömründən yox, aid olduğu şəcərənin ömründən, doğulduğu tayfanın, kəndin ömründən keçənləri də bir zəncirin həlqələri kimi birləşdirib pərən düşən xatirələri, faktları, gerçəklikləri bir romanın damı altında oxucu qarşısına çıxardıb.
Mən “Ömür nağıl”nın canlı qəhrəmanı olan Şövkət xanımın bu romanını oxuduqca yaxşı bələd olduğum Cəbrayıl, Hadrut bölgəsini sanki yenidən tanıdım. Bu coğrafiya sanki göz önümdə canlandı. Horovludan atlanıb Hadrutdan, Tuğdan keçib Şuşa qalasına gedən Kəlbalı ilə birlikdə mən də suvar oldum. Dərədən- təpədən, meşələrdən keçib, Şuşaya dərdimi danışmağa, haqq tələb etməyə getdim. Düşündüm ki, Rus çarının ordakı nümayəndəsi haqq-ədalətə işıq salacaq. Amma…
Torpaqlarımızı yağmalamaqda, ona sahiblənməkdə heç nədən çəkinməyən Rus İmperiyasının əl tulaları olan ermənilərin onda da, indi də etdikləri xəyanətlər, törətdikləri qətliamlar bircə nüansda fərqləndilər. Onda xəncərlə vurmuşdular, indi silahla vurdular. Onda yollara tələ qurmuşdular, indi mina basdırmışdılar. Tam oxşarlıq onda da arxadan vururdular, indi də.
Romanda məni bir oxucu kimi sarsıdan, daha çox ağrıdan var-dövlət, əmlak üstündə ailədaxili, nəsildaxili çəkişmə məqamları oldu. Və bu gün də mala-pula, mülkə görə bir-biri ilə düşmən olan doğma qardaş-bacıların atadan qalan mirasa görə bir-biri ilə küsülü qalanların nəfsi mənə çox acı təsir yaşatdı. Bildiyim bu cür halların kökünün hələ 200 il bundan öncə də olduğunu bir daha bu roman mənə nağıl dili ilə olsa da danışdı.
Xanım müəllifin öz nəslinin, öz kəndinin oxucuya təqdimatındakı səmimiyyəti o qədər inandırıcıdır ki, şübhəyə iynə ucu qədər də yer qalmır. Kəndin sayılan adamlarının, başbilənlərinin, həqiqi bəy oğlu bəylərin necə qılınc kəsərli sözə malik olduqları, hər kəsin qaydına qalmaları, hətta xeyir-şər mərasimlərində də tutduqları mövqe milli dəyərlərimizin çalarlarıdır. Qız qaçıranın, mal-qarası tələf olanın yanında olmaq, ona dəstək vermək kimi nümunələr xalqımızın genefondunun bir detalıdır. Romanda müəllif özünün həyatı, ağacdan yıxılması, lap elə ailə qurması üçün valideyn istəyinə qarşı gedə bilməməsi gənc ailənin kirayələrdə yaşadığı məşəqqət sonra böyüyən uşaqlarla bağlı yaşadıqları, bir sözlə, bu roman həyatın dibindən bu günə gələn bir yoldur. Həmin yolu Şövkət xanım demək olar ki, hər gün bir iynə boyu gəlməklə mən adlı oxucusunu da yanında gətirib. Ona görə də birinci hissəsini oxuyub başa çatdığım bu romanın ardını da səbrsizliklə gözləyirəm. Çünki müəllifin hələlik nöqtəsini qoyduğu 1968-ci ilin 30 noyabrından sonra nələrin baş verdiyini bilmək çox maraqlıdır. Burda söhbət Şövkət xanımın özəl həyatında nələrin baş verdiyindən gedir. Çünki mən həmin tarixdə artıq 9 yaşında idim. Və bir məktəbli kimi müəyyən bilgilərdən xəbər tuturdum. Qalanını isə böyüdükcə eşitdim, oxudum, öyrəndim. Bunlar mənim üçün ümumi bilgilərdir. Oxucu olaraq “Ömür nağılı” romanının özündə ehtiva etdiklərini isə Şövkət Zərin Horovlunun ardını yazacağına söz verdiyi romanından oxumaq istəyirəm. Və…
Sizə can sağlığı, həm də teziklə “Ömür nağılı”nın ardını oxucuya çatdırmağı arzu edirəm, əziz Şövkət xanım!


Bakı -°C
