adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2023 18:00
403
SİYASƏT

“Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

“Əldə olunmuş razılaşmada deyildiyi kimi, separatçı rejim özünü buraxmalıdır. Bu antiterror tədbirlərindən sonra Azərbaycan özünün bu ərazisi üzərindəki suverenliyini tam bərpa etdi. Həmçinin məlumdur ki, beynəlxalq hüquqa əsasən, o cümlədən dünya ictimaiyyətinin qəbul etdiyi kimi, bu torpaqlar Azərbaycan ərazisidir. Hamı, o cümlədən Fransa bu faktı qəbul edir”.

Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “İ24” kanalına müsahibəsində səsləndirib.

E. Əmirbəyov hesab edir ki, bu razılaşmanın vacib nəticələrindən biri də ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin həlli üçün mühüm təsirə malik olacaq: “Söhbət danışıqlar mövzusu olan sülh müqaviləsinin imzalanmasından gedir. Çünki qeyri-qanuni erməni hərbçilərinin ərazimizdə olması həm iki ölkə arasında danışıqlara, həm də sülh prosesinin davam etdirilməsinə ən ciddi maneə idi. Güman edirik ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən sonra, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək, həmçinin sülh müqaviləsinin razılaşdırılması və imzalanması üçün münbit şərait yaradacaq. Bir ilə yaxındır ki, bu müzakirələr davam edir”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi aparıcının suallarını cavablandırarkən qeyd edib ki, orada cəmi 50 minə yaxın erməniəsilli sakin yaşadığı halda, 120 min rəqəmi işlədilir: “Bu rəqəmə 10 min silahlı da daxildir ki, onlar da tərksilah olunub ərazimizi tərk etməlidirlər. Həmin razılaşmaya da bu mənada əməl olunmalıdır. Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının təmsilçiləri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə Qarabağda yaşayan ermənilərin Azərbaycanın siyasi və iqtisadi məkanına reinteqrasiyası məsələləri müzakirə olunacaq. Bizim tərəfimizdən bununla bağlı artıq müvafiq fikirlər və hətta tədbirlər planı hazırlanıb. Həmin təkliflər erməni icmasının nümayəndələrinə təqdim olunacaq. Buraya onların hüquqları və Azərbaycan vətəndaşları kimi əldə edəcəkləri haqlar daxildir. Vacib olan odur ki, erməni nümayəndələr konstruktiv davransınlar. Təbii ki, bu da həm danışıqlara, həm də onun nəticə verməsinə müsbət təsir göstərə bilər”.

Prezidentin nümayəndəsi hesab edib ki, ərazimizdə qanunsuz silahlı birləşmələrin mövcudluğu problem aradan qaldırılmalı idi: “İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub. Ona görə də Ermənistan Azərbaycanla müzakirələri, danışıqları bərpa etməlidir. Ermənistanla müzakirə aparan bizim heyətimizin üzvü kimi deməliyəm ki, sülh müqaviləsinin layihəsinin demək olar yarısı razılaşdırılıb və bu, hər iki tərəfin konstruktiv yanaşması yolu ilə edilib. İndi bizim dünyanın, xüsusilə də hər iki xalqın – azərbaycanlıların və ermənilərin qəbul edəcəkləri müsbət nəticəyə gəlmək üçün daha çox ümidimiz var. Hazırda onların yaxşı qonşular kimi sülh, sabitlik və tərəqqi şəraitində həyatlarını davam etdirmələri üçün şansları yaranıb”.