06 Sentyabr 2024 10:50
336
MƏDƏNİYYƏT

“ÇAĞDAŞ QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ MUSİQİ REPERTUARI” ADLI AUDİODİSKİN TƏQDİMATI OLUB

2024-cü il sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə   Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.  

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq layihənin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, hazırlanmış audiodiskin aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli bir vəsait olduğunu qeyd edib, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetirləcəyini vurğulayıb. Layihənin həyata keçirilməsində göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə rəhbərlik etdiyi qurumun adından minnətdarlıq edib.

 Aşıqlar Birliyinin katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında qeyd edib ki, layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirilib, onların ifalarından ibarət audiodisk hazırlanıb. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yer-yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib: “Audiodiskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər”.    

Qeyd olunub ki, hazırlanmış audidisklər əsasən aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə pulsuz olaraq veriləcək ki, bu da sənətə yeni gələn yeniyetmə və gənclərin Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarına daha yaxından bələd olmalarına imkan yaradacaq. Layihədən eləcə də aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.

Moskvada yaşayıb fəaliyyət göstərən  professor, əslən Göyçədən olan Şakir Səmədoğlu,  ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Göyçədən olan digər ziyalı Yusif Ağbulaqlı bu layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində və bu mhitlərin sənət ənənəsinin qorunub yaşadılmasında müstəsna rol oynayacağını vurğulayıblar.

Sonra aşıqlardan İmran Xəlilov (“Göyçəgülü”), Toğrul Ataxallı (“Qədim Naxçıvanı”), Urmiyadan qonaq gəlmiş Qurban Əliyar (“İrəvan çuxuru”) və onun oğlu Səhənd Əliyar (“Meydan divanisi”), Ləman Mirzəyeva (“Hüseyni”), Xanlar Alqayıt (“Kərəm gözəlləməsi”), Faxfur İsgəndəroğlu (“Köşəbaşı”), Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov və Röyal Məmmədov  (“Dubeyti”)   və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında (“Gəraylı” və “Cumagülü”) müxtəlif aşıq havaları səsləndirlib.

Sonda iştirakçılara “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hədiyyə olunub.

Emil Faiqoğlu