29 Noyabr 2023 10:52
1045
ƏDƏBİYYAT

“Cavidin sürgün həyatı ilə bağlı danışılanların böyük əksəriyyətinə...” - Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

“Qırxdan bir əskik isə NKVD-də onun saxlandığı kameranın nömrəsidi. Yəni 39-cu kamera. Amma Şahsuvarov deyirdi ki, Cavidlə bağlı çox şeylər danışa bilərlər. Siz bütün bu danışılanlara inanmayın. Bir sözlə, çox müxtəlif söhbətlər danışırdılar. Guya Cavid yazırmış, yazmaya bilmirmiş, sonra da yazdığını cırıb məhv edirmiş, saxlamaq istəmirmiş. Yaxud, guya orda əyninə geydiyi bir sırıqlı varmış, yazdıqlarını yumurlayıb sırıqlının içərisində gizlədirmiş. Guya orda kiməsə vəsiyyət edib ki, ölsəm, sırıqlını evimizə göndərərsiniz. Bütün bunlar əlbəttə inanıqlı deyil. Sonralar mən təsadüfən bəraət alıb sürgündən qayıtmış Qasım Vahabzadəylə tanış oldum. O söhbət edirdi ki, sürgündə yazı yazmaq üçün balaca bir kağızın tapılması qeyri-mümkün idi. Bir də kim kimə yazmaq imkanı verərdi orda qeyri-mümkündü belə şeylər. 

- 1980-ci illərdə Cavidə məxsus olduğu iddia edilən “Xaliqə” adlı bir şeir dərc olundu. Bu şeirin atanızın qələminə məxsus olduğuna inanırsınız?

- Yox. Qətiyyən Cavid belə şeir yazmazdı. 

- “Onlar türk idi” kitabında Cavidin son günləri təsvir olunub...

- Yox, ordakı tarixə uyğun gəlmir. Ümumiyyətlə, mən Cavidin sürgün həyatı ilə bağlı danışılanların böyük əksəriyyətinə inamıram. Deyirdilər ki, guya Cavidin yubileyini keçirmək üçün hamı öz yemək normasını yığıb saxlayıb ki, bunu bütün məhbuslar bir yerdə qeyd eləsin. Amma tarix uyğun gəlmir. Cavid öləndə 59 yaşı vardı. 55 yaşında hələ Bakıdaydı. Yubileyini deyil, ola bilsin, ad gününü keçirirmişlər... Cavid 50 illiyi qeyd olunmayıb. Ümumiyyətlə, o illərdə kiminsə yubileyinin keçirildiyini xatırlamıram. 

- Cavidin ilk məktubu nə vaxt gəldi? 

- İyulun 26-da yazdığı məktubdu. Yoldan yazmışdı. Çox kiçik bir məktub idi. Kiçik bloknot vərəqi boyda bir məktub. 

- Sonra Cavidin ailəsini köçürdülər Sovet küçəsindəki evə. 

- 1937-ci ilin 28 sentyabrında köçürüldük. O zaman Bakıda çoxlu İran vətəndaşı vardı. İranlıları isə əsgər aparmırdılar. Buna görə də çoxları İran pasportu almışdı. 1936-cı ildə bütün iranlıları, həmçinin İran pasportu daşıyanların hamısını qəfil köçürdülər. Hadisələr qarışıq cərəyan edirdi. Saxta pasptortlu adamları ailəsindən, uşaqlarından zorla ayırırdılar və bizim köçdüyümüz ev də həmin ailələrdən birinə məxsus idi... Bura başqa bir planetdi. Tamam ayrı bir həyat tərzi, heç vaxt eşitmədiyimiz söyüşlər... 

Mədəni bir aləmdən az qala vəhşi bir mühidə düşdük. Təsəvvür et, taxta arakəsməylə bölünmüş üç otaq. Qonşu quşbaz... Otağın birini göyərçin yuvası etmişdi. Digər otaqda isə Yılmazgil məskunlaşmışdı. Mən quş qoxusunun nə demək olduğunu onda bildim. Uzun müddət göyərçinlər bizi yatmağa qoymadı. Otağımızı pəncərəsi qonşu otağa açılırdı. Bir gün onu da qapadılar. İyirmi il belə bir şəraitdə yaşadıq. İyirmi il...

- Köçürülməyiniz barədə bir az ətraflı danışın, bu çox maraqlıdı...

- Cavidin həbsindən sonra böyük şeydi ki, biz 4 ay Mərkəzi İcraiyyə Komitəsinin binasında yaşamışıq. Əlbəttə, artıq bizə heç kəs gəlmirdi, gəlməyə də heç bir təşəbbüs də etmirdilər. Nizami heykəlinin arxa tərəfində dairəvi bir sahə var. Orda skamya qoymuşdular. Bu skamya 4 ay bizim görüş yerimiz oldu. Axşam yeməyindən sonra ora gəlirdik. Kimin ki, cəsarəti çatır gəlirdi yanımıza. Ora əsasən Əbuzər dayım və Yılmazın dayısı Həsənqulu gəlirdi. Tahir o zaman Lənkəranda yaşayırdı, Bakıya yolu düşəndə o da mütləq bizə baş çəkirdi. 

Tahir subtroptexnikumun direktoruydu...”.

Ardı var...
Mənbə: “Hüseyn Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn