28 Noyabr 2023 12:44
1059
ƏDƏBİYYAT

“Babam üzünə duranlardan bir nəfərin adını çəkmişdi...”- Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Cavid nə danışırdı?

- Heç nə. Sadəcə qırıq-qırıq kəlmələr. Daha çox baxırdı. Elə bil ki, gözləri danışırdı. İki il idi ki, görüşmürdük, mən böyümüşdüm. Mənə çox baxırdı. Özümü saxlaya bilməyib ağladım. Qucaqladı, təsəlli verdi. Əlbəttə ki, sonrakı iradəm yoxdu ki, özümü saxlay biləydim. Son görüşümüzü, baxışlarını heç cür unuda bilmirəm. 

- Və bu sizin son görüşünüz oldu...

- Ana ertəsi gün bir də görüşdü. Ayın ikisində apardığımız şeyləri əsəbiliknən saf-çürük etmişdi, nə lazım deyildisə bir kənara qoymuşdu. Evə gələndən sonra gördük ki, ona lazım olanları da geri qaytardığı şeylərin üstünə qoyub. Səhər ana bir daha getdi və görüş ala bildi. Artıq əsəbi deyilmiş, sakitmiş. Bax, o zaman demişdi ki, “Cavid əfəndi kişi adamdı”. Bu, sadəcə olaraq məhz o günlərdə formalaşmış münasibət kimi, daha maraqlıdı. Bundan sonra isə bir neçə nəfərin, özünü doğrultmayan “dostların” adını demək istəyib. Elə bu vaxt görüşün qurtardığını bildiriblər. Yəqin Allah istəməyib ki, biz babanın üzünə duranları tanıyaq. Amma bir nəfərin adını çəkə bilib: “Filankəs yarımkişidi”,-deyib. Ertəsi gün, yəni ayın 4-də baba sürgün edildi. 

- Cavidi aparan qatar saat neçədə hərəkət edib?

- Yox, qatar deyil, gəmiylə Krasnovodskiyə aparıblar. Oradan qatarla gedib. İyulun 4-də Bakıdan çıxıb, avqustun 22-də

Vladivostoka çatıb. Sonra gəmiyə mindirib Maqadana aparıblar. İndi təsəvvür elə, bütün iyul, avqust aylarını, iki aya yaxın, yük qatarında yol gedib. Yollarda nə qədər dözməyib ölənlər olurmuş. Ölənləri yollarda atırmışlar...

- Cavid əfəndini həbs etmək üçün gələnlər kimlərdi...

- Rus və ermənidiydilər. Sonra həmin adamları təsadüfən küçədə gördük. Ərtoğrol onları mənə göstərdi. 

- Deyəsən, Hacıbaba Quliyevin xatirəsində oxumuşam ki, guya Cavid əfəndi dustaqlıqda “Yüz bir gecə”, “Qıxdan bir əskik”, “Sirli torpaq”, “Əyləncəli metal”, “Səmada 65 döngə”, “Maraq və siyasət”, “Yollar və dağlar”, “Dəryada əyri yol”, “Ayaqlar və səslər”, “Günəşin sirri” adlı əsərlər üzərində işləyirmiş. 

- Mürsəl Şahsuvarov vardı, həkimdi, həbs olunmuşdu. Cavid Almaniyaya ezamiyyətə gedəndə o, orda Tibb İnstitutunun tələbəsiymiş. 

- Almaniyada?

- Hə. Mürsəl Şahsuvarov bəraətdən sonr Bakıya dönəndə görüşdük. Qardaşı Tibb İnstitutunda rus dili müəllimiydi, çox əsəbi bir adamdı. Mürsəl isə əksinə, xeyli sakit təbiətli bir insandı. Mürsəl Şahsuvarov bizə Almaniyada bərabər təhsil aldığı bir dostuyla gəlmişdi. Öz aralarında alman dilində danışırdılar. Şahsuvarov deyirdi ki, biz sürgünə Cavid əfəndiylə bir yerdə getmişdik. Sürgün qatarında başıma gələn bir əhvalatı Cavid əfəndiyə danışdım. Əhvalat beləymiş: Şahsuvarova ölüm hökmü kəsirlər. Ölüm hökmü kəsilmiş dustaqlar xüsusi kamerada saxlanılırmış. 

Şahsuvarov üçün də belə bir hökm kəsilməsinə baxmayaraq, Moskva bu hökmü təsdiq etmədiyindən o, 101 gün təkadamlıq kamerada qalır. 101 günün tamamında ölüm hökmünü sürgünlə əvəz edirlər. Şahsuvarov bütün bu əhvalatı yol boyu Cavidə danışır. Mürsəlin söhbətlərinə çox böyük diqqətlə qulaq asan Cavid “Min bir gecə” var, mən isə imkan olsaydı, “Yüz bir gecə” yazardım”,-deyir. Cavid Şahsuvarovun söhbətlərindən əslində bir yazıçı kimi təsirlənmişdi, ölüm hökmü kəsilmiş bir insanın keçirdiyi iztirablar, həyəcanlar, qorxu onu bir sənətkar olaraq düşündürmüşdü. Maqadanda Şahsuvarov həkim kimi fəaliyyət göstərib. Deyirdi ki, bir yerdə olduğumuz vaxtlarda mən Cavidi həkim kimi nəzarətdə saxlayırdım.

Sonra yerlərini dəyişiblər. Cavidi Maqadandan İrkutska gətiriblər. Şahsuvarov bəraətdən sonra Maqadanda evlənmişdi, axıra qədər də orda qaldı”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn