04 Oktyabr 2024 09:00
6022
LAYİHƏ

CƏBRAYILA İLK DÖNÜŞ SEVİNDİRİCİ OLDU 

… Onlar düz 30 il idi ki, bu Vətəndən, bu eldən, bu torpaqdan ayrı düşmüşdülər. Övlad anasından ayrı düşdüyü kimi bu insanlar da o 30 ildə çox çətin, çox ağır və çox məşəqqətli günlər yaşayıblar. Çünki onlar  1993-cü ilin avqustun 23-də ermənilərin Cəbrayılı  işğal etməsi nəticəsində məcburi köçkünlük həyatı yaşamağa başladılar. Varını-dövlətini, evini, eşiyini, hər şeyini qoyub çıxan Cəbrayıl camaatı  nicat yolunu başqa elə, başqa obaya  sığınmaqda tapdılar.

Düzdür, məcburi köçkünlərə ölkəmizin hər yerində qucaq açıldı, onlara arxa duruldu. Və  başqa  sözlə demiş olsaq, bu insanların  çətin  gündə  sığındıqları el çörəyi onlarla  tən böldülər.  Çünki ev-eşik sahibləri, yurd yiyələri yaxşı bilirdilər ki, məcburi köçkünlərin göydə Allahdan, yerdə də onlardan başqa  köməyi yoxdur. Və bir də  Ulu Öndər  Heydər Əliyevin göstərişi ilə bütün rayonlarda bir milyona yaxın  məcburi köçkün və qaçqınlara  şərait yaradıldı. Heydər Əliyev də heç vaxt  o insanları  tək qoymadı. Prezident məcburi köçkün və qaçqınlarla görüşlərində onlara ürək-dirək verdi  və dedi ki, vaxt gələcək sizin hamınız qaçqın düşdüyünüz Cəbrayıla, Füzuliyə, Ağdama, Şuşaya, Qubadlıya, Zəngilana, Laçına və bir sözlə, böyük Qarabağa  qayıdacaqsınız. İndi bizdən  tələb olunan odur ki, bir-birimizi anlayaq, dövlətimizi iqtisadi-hərbi cəhətdən möhkəmləndirək və sonra da işğal altında olan Vətənimizin 20 faiz torpağını  azad edək. 

Əlbəttə, Azərbaycanın hər yeri  bizim vətəndaşlarımız üçün Vətən sayıla bilər. Çünki  Azərbaycan bizim doğma yurdumuz, elimiz və obamızdır. Amma buna baxmayaraq, yenə Vətən Vətəndir. Ataların belə bir  deyimi var: «El elə sığar, ev evə sığmaz». Bəli, 30 illik  qaçqınlıq və məcburi köçkünlük dövründə el elə sığdı, onlar bir-birinə arxa oldu, dayaq durdu, «çətin günün  ömrü az olar» deyib  böyük ümidlə, inamla yaşadılar. Amma bu çətin günün  ömrü az olmadı, düz 30 il çəkdi. 

Azərbaycan prezidenti İlham Əliyevin orduya verdiyi əmrlə 2020-ci il sentyabrın  27-də əsgərlərimiz əks hücuma keçdi və 44 günlük İkinci Qarabağ savaşında işğal altında olan  torpaqlarımızın əksər hissəsini azad elədi. Yəni  Cəbrayıla, Hadruta, Füzuliyə, Qubadlıya, Zəngilana, Şuşaya, Laçına, Ağdama Azərbaycan bayrağı  sancıldı. Hələ bu da Azərbaycan dövlətini  və ordusunu sakitləşdirmədi. Belə ki, 2023-cü il  sentyabrın  19-20-də Azərbaycan  Ordusu Qarabağda  antiterror əməliyyatı apardı. Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Qarabağın  bütün yaşayış məntəqələri geri qaytarıldı. Başqa sözlə demiş olsaq, Azərbaycanın ərazi bütövlüyü  tamamilə bərpa edildi.

Artıq 2020-ci ildən sonra Füzulidə, Cəbrayılda, Zəngilanda, Ağdamda, Qubadlıda və Laçında çox böyük  yenidənqurma və bərpa işlərinə start verildi. Həmin rayonlarda yeni  infrastruktur quruldu,  asfalt yollar  çəkildi, qaz, işıq və su xətti  istismara verildi, eyni zamanda məktəblər, uşaq bağçaları, çoxlu sayda yaşayış binaları inşa edildi. İlk köç Zəngilanın Ağalı kəndinə oldu. Ondan sonra Füzuliyə  və Laçına insanlar köçürüldülər. 

Bir neçə gün bundan əvvəl isə  34 ailə çox böyük sevinclə Cəbrayıla köçürüldü. Onlar dövlət tərəfindən hər cür şəraitlə təmin olunublar. Yəni evləri-eşikləri  və hər cür rahatlığı olan  digər sosial obyektlər. 30 il Bakıda məskunlaşan  həmin insanlar  Yol Polisinin  müşayiəti ilə mikroavtobusla  Cəbrayıla gətirildilər. Onların  sevincini hiss etməmək mümkün deyildi.  70 yaşlı  Cəfər Məmmədov  deyir ki, mən 40 yaşında buranı tərk etmişəm, indi isə  70 yaşın  içindəyəm, övladlarımın  hamısını  evləndirmişəm, nəvələrim var. Ən böyük  arzum Cəbrayıla – doğma Vətənə  dönüş etməkdir. Biz Vətənsizliyin nə olduğunu yaxşı bilirik. Çünki 30 il Cəbrayılsız yaşamışıq. Onu hər axşam  yuxularımızda görürdük. Və bizə bu sevinci yaşadan prezident İlham Əliyevə, eləcə də Azərbaycan ordusuna, Azərbaycan əsgərinə öz minnətdarlığımızı  bildiririk. Çünki bu torpaqlar şəhidlərimizin canı və qanı hesabına geri qaytarılıb. Dünyada Vətəndən şirin heç nə yoxdur. Ömrümdə qaçqınlıq dövründən sonra belə bir rahat  axşam yaşamamışdım. Axşamı öz evimizdə, isti ocağımızda yaşadıq, plov bişirdik və sevincimizi  birlikdə bölüşdük. Bundan gözəl nə ola bilər?!

Qaçqınlıq dövrü yaşamış Fatimə Məcidova da deyir ki,  mən 5 yaşında Cəbrayılı tərk etmişəm. İndi təsəvvür edin, mən burdan çıxanda  uşaq idim, indi 35 yaşım var, ailə qurmuşam, övladlarım var. Özüm də müəllimə işləyirəm. Düşünürəm ki, bizim Vətənə dönməyimiz həm də əcdadlarımızın ruhunun şad olması, sevinməsi deməkdir. Necə ki bizim iç dünyamız Vətənə dönəndən sonra rahatdır, onların da ruhları bir o qədər  sakitdir. Gəldim Cəbrayılı  gördüm, sevincimdən  uşaq kimi  ağladım. Çünki qısa bir  müddətdə burda çox möhtəşəm işlər görülüb. Evlər tikilib, sosial  obyektlər inşa edilib, yollar çəkilib və hər cür infrastruktur yaradılıb. Yəni bizim bu məkanda rahat yaşamağımız və işləməyimiz üçün demək olar ki, nə varsa  hamısı olunub. Buna görə də mən dövlətimizə və ölkəmizin  prezidenti Cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Deyirəm ki, Allah  prezidentimizi qorusun və cənab Prezident  də bizim təhlükəsizliyimizi təmin etsin. 

Cəbrayıla bu dönüş ilk başlanğıcdır. İlk başlanğıc xeyirli və uğurlu  olsun. İlin  sonuna qədər  və gələn ilin  əvvəllərində də  mərhələ-mərhələ bu elə  qayıdış olacaq. İndi çox cəbrayıllı böyük sevinclə, fərəhlə həmin günləri gözləyir. Onları qınamalı deyil, qürbət cənnət olsa da yenə Vətən yaxşıdır. Bir də ki axı, onlar qürbətdə yaşamayıblar, öz doğma Azərbaycanımıza  sığınıblar. Deməli, Azərbaycanın hər yeri  elə Vətənə bənzəyir. Amma əsl Vətən isə insanın anadan olduğu, böyüyüb boya-başa  çatdığı yerdir. O yer ki hara getsək, haranı gəzsək və bir gün  ora qayıtmaq istəyirik. Gec qayıdanda darıxırıq, ancaq Vətəndə heç vaxt darıxmaq olmur. Çünki Vətənin  hər daşı-qayası, hər gülü-çiçəyi, hər ormanı özü bir dünyadır! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.