20 Noyabr 2023 12:09
1174
ƏDƏBİYYAT

Çəkməçi Eldar - Adil MİSİRLİ yazır

Sadəlik gözəllikdir. Və bu gözəlliyin içində həyatın bütün boyaları, naxışları var. Sadəlik heç də adilik demək deyildir. Sadəlikdə adi baxışlarla görüb, sezə bilmədiyimiz o qədər dəyərli və insani keyfiyyətlər var ki, gəl görəsən. Yaponlar sadəliyin müdriklikdən xəbər verdiyini söyləyirlər. Məncə bu qədim və mədəni xalq belə düşünəndə heç də yanılmır.

Sadəlik həm də gerçək həqiqət deməkdir. Çünki, bu gerçəklikdə nə var, hər şey göz önündədir, görünür. Sadəcə olaraq bunu görmək lazımdır.

Eldar Məhəmməd oğlu Səfərov 1953-cü ildə Ağcabədidə doğulub. Çox keşməkeşli həyat yolu keçib. Atası Məhəmməd kişidən çəkməçi sənətini öyrənib. Artıq 40 ildən artıqdır ki, bu peşə ilə məşğul olur. Bu insan sadə peşəsi ilə fəxr edir və bu sənətin yaşaması üçün əlindən gələni əsirgəmir. Şəhərimizin Ü.Hacıbəyli prospektində yerləşən iş yerində (otağında) o, normal işləmək üçün hər cür  şərait yaradıb. İş otağının yanına su çəkdirib, müxtəlif növ ağac və gül-çiçək əkib. Buranı təbiət həvəskarı olan Eldar, sözün əsl mənasında cənnətə döndərib. Eldar həm də musiqinin böyük aludəçisidir. Təbiəti ürəkdən sevir. Həyatda insanlığa, düzlüyə, haqqa, ədalətə böyük önəm verir. Pulun, təmtərağın yaşamaq üçün çox da vacib olmadığını vurğulayır. Musiqinin insan həyatında tutduğu yeri dəqiq anlayan Eldar həmişə iş gördüyü və bekar vaxtlarında musiqi dinləməyi sevir. Bir Qarabağlı kimi muğama böyük hörmət bəsləyir. Bu ölməz sənətin vurğunu olan Eldar Səfərov həmyerlimiz, böyük muğam ustası Yaqub Məmmədovu dinləməkdən doymur, yorulmur...

Eldar ayaqqabı təmir edəndə sanki çəkiclə mismarı da musiqi sədaları altında vurur. Yadımdadır, bir dəfə ona ayaqqabı təmir etdirirdim. Radioda mahnı oxunurdu(səhv etmirəmsə, mərhum müğənni Nəzakət Məmmədova “Qızlar bulağı” mahnısını ifa edirdi) Eldar ayaqqabını sökəndə, tikəndə, kiçik mismarı çəkiclə vuranda dodaqaltı zümzümə edirdi. Çəkici musiqinin sədaları altında elə vururdu  ki, sanki musiqiylə nəfəs alırdı. Və sonda mahnının son akkordu ilə Eldarın axırıncı zərbəsi elə üst-üstə düşdü ki, təəccüb məni bürüdü...

Eldar iş otağının yanında əkdiyi ağacların, güllərin qayğısını çəkir, vaxtlı-vaxtında  budayır, sulayır, onların nazı ilə əməlli-başlı oynayır.  Bura baxanda dincəlir və zövq alırsan. Düşünürsən, doğru fikirdir ki, hərə bir ağac əksə, dünyamız yaşıl don geyinər, ətrafa baxanda adamın gözləri sevinər.

Eldarın bir qəribə xüsusiyyəti də var. Sadəliyindən doğan bu ali hiss ona iş vaxtı hər zaman hakim kəsilir. O, işinə vicdanla yanaşır, gördüyü işi səliqə və keyfiyyətlə görür. Maraqlı budur ki, o, müştəri ilə heç vaxt pul, qiymət haqda söhbət etmir, danışmır. Nə versən, bərəkət deyir. Özünün çox zaman pula ehtiyacı olsa da, bu sadə, təvazökar, əsl insan imkan daxilində adamlara kömək əlini uzadır. Gördüyü işin müqabilində müştərilər hər nə versələr sağ olun, Allah razı olsun deyir.

... Adam çox zaman peşəsi ilə tanınır. Çünki onu bu peşəyə sahib olmağa əqidəsi, mənəviyyatı, əxlaqı səsləyir. Və vicdanının səsinə qulaq asan, sadə əmək adamı peşəsini sevdiyi kimi, dünyamızı, insanları da sevir. Məgər yaşamaq üçün lazım olan ən böyük dəyərlərdən biri elə bu deyilmi? Çəkməci işləyən Eldara  uğurlar arzulayır, bu genişürəkli sadə peşə adamına sağ ol deyirik. Çünki peşəsi kimi, onun da həyatda əsas vəzifəsi kimlərə isə kömək edib, əlindən tutmaq, ehtiyaclarının ödənilməsində bir usta kimi böyük əməyi var. Və Eldarın da başqalarını sevindirdiyi kimi, özünün də sevinməyə haqqı var.

İşin avand olsun, çəkməçi Eldar!