28 Oktyabr 2025 12:13
124
ƏDƏBİYYAT

Rəvanın otağı – susan divarların danışdığı qəhrəmanlıq dastanı

Quba torpağı hər zaman igid oğulları, mərd qızları ilə tanınıb. Bu yurd tarix boyu Vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən minlərlə qəhrəman yetişdirib. O igidlərin sırasında bir ad var ki, Qubanın hər daşında, hər bulağında, hər nəfəsində yaşayır.

— Əliyev Rəvan Yusif oğlu. Rəvan 27 may 2001-ci ildə Sumqayıt şəhərində dünyaya gəlsə də, onun uşaqlığı, gəncliyi və arzuları Qubada cücərmişdi. O, Quba şəhər 3 nömrəli rus məktəbində təhsil almış, daha sonra BİTK kollecinin Proqramlaşdırma fakültəsini bitirmişdi. Elmə, texnologiyaya marağı ilə yanaşı, futbolu çox sevər, tarı isə böyük bir ustalıqla ifa edərdi. Həyat dolu, gülərüz, mehriban bir gənc idi — amma hər şeydən öncə Vətənini sevən bir oğul idi. 2020-ci ilin payızı xalqımız üçün həm sınaq, həm də şərəf dövrü idi. Rəvan da minlərlə həmvətəni kimi bir an belə düşünmədən cəbhəyə yollandı. O, Ağdam, Cəbrayıl və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərdi. Qəhrəman əsgərimiz Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Vejnəli qızıl yataqları istiqamətində gedən ağır döyüşlərdə, 22 oktyabr 2020-ci ildə – dayısının doğum günündə şəhidlik zirvəsinə ucaldı. Döyüşlər gedərkən ailəsi Qubada tikdikləri təzə evə köçmüşdü. Onlar telefonla Rəvana bu xəbəri çatdırdılar. Rəvan sevinc içində döyüş yoldaşına dedi:

“Axır ki, mənim də bir otağım olacaq…” 

Amma o otaq heç vaxt işığı yanmayan otaq oldu… Otaq Rəvanın dönmədiyi, amma ruhunun daim var olduğu son mənzili oldu. İndi isə həmin evdə Rəvana ayrılan otaq muzeyə çevrilib. Onun əşyaları, geyimləri, şəkilləri sevgi və qürurla düzülüb — amma Rəvansız… Otağın divarları susur, amma hər şəkil danışır — bir gəncin, bir qəhrəmanın hekayəsini. Rəvanın nəşi 29 oktyabr 2020-ci ildə, anasının doğum günündən bir gün əvvəl, heç vaxt yaşamadığı, amma hər zaman qayıtmaq istədiyi evinə gətirildi. Beləcə, 22 oktyabrda dayısının doğum günündə şəhid olan Rəvan, 7 gün sonra anasının doğum günündən bir gün əvvəl torpağa tapşırıldı. Sanki o, iki doğma insanına — dayısına və anasına — bir hədiyyə bağışladı: şəhid qanı ilə boyanmış sinəsində dalğalanan üçrəngli Azərbaycan bayrağını… O gün Qubanın səması həm fəxr, həm kədər göz yaşları tökdü. Axşam saatlarında Rəvan torpağa tapşırıldı və bir daha torpaqla əbədi birləşdi — öz Vətəni ilə bir oldu. Onun qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib:
“İgidliyə görə” medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı.

2025-ci il 14 oktyabr tarixində, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilən dördüncü medal, şəhidin anası Mehriban xanıma şəxsən təqdim olunub. Rəvanın adını əbədiləşdirmək üçün Zəngilanda onun döyüşdüyü yüksəkliyə və posta “Rəvan postu” adı verilib. Doğma Qubada da onun xatirəsinə bir küçə adlandırılıb, ailəsi tərəfindən iki bulaq inşa edilib. Hər axan damlada, hər sükutda onun ruhu yaşayır… 

Bu gün Rəvan Əliyev təkcə bir şəhərin deyil, bütün Azərbaycanın fəxridır. Onun həyatı – gəncliyin, mərdliyin və vətən sevgisinin simvoludur. Rəvan bu torpaq üçün doğuldu, bu torpaq üçün döyüşdü və bu torpağın sinəsində əbədi məskən saldı. Rəvanın otağı… İşığı sönsə də, xatirəsi heç vaxt sönməyəcək. Çünki bu otaqda bir xalqın qüruru yaşayır.


Firəngiz Sabirqızı