Ceyhun Bayramov Öcal Oğuzla görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın ev sahibliyi etdiyi “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri, habelə iki ölkənin UNESCO üzrə Milli Komissiyaları müstəvisində sıx əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu xüsusda türk dünyasına məxsus ortaq miraslarımızın UNESCO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstəyin vacibliyindən söz açılıb.
Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin qəsdən tarixi-mədəni xarakterinin dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.
Nazir 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq, lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib. Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətə çatdırıb.
Görüşdə qarşı tərəf öz növbəsində TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərində mədəni irsinin qorunmasının beynəlxalq səviyyədə ortaq məsuliyyətimiz olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər, Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı kimi ev sahibliyi edəcəyi birgə tədbirlər, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13
“Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır”
11 Sentyabr 2026 12:33
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
11 Sentyabr 2026 12:19
““Məkkə İttifaqı” təmsilçiləri bu əməliyyata qoşulmağa tələsmirlər...”
11 Sentyabr 2026 11:34
“Zelenskiyə sui-qəsd müharibənin bitməsi deyil...” – Politoloq
11 Sentyabr 2026 09:52


Bakı -°C

