Çıxışlarda kütləyə oynamağınız əladır - Eminquey yazır

EMİNQUEY AKİF
2034 | 2023-08-09 13:55

O qədər şəxsiyyəti bir köpüyə dəyməyən adam var ki, hakimiyyət əleyhinə danışıb özünə şəxsiyyət donu geyinir.

Gözünüzün önündəcə neçə-neçə belə adam marionetka çıxdı, yenə də dərs olmadı, hər dəfə təəccübləndiniz, mat qaldınız. Təltif olunduğu üçün Rasim Balayevin dərisini soymağa hazırsınız. Bu yandan fəxri ad verilməyən sənətkarlar üçün kədərlənirsiniz, fəxri ad verilməsini tələb edirsiniz. O biri yandan Fuad Poladova şəxsiyyət olduğu üçün rəhmət oxuyursunuz. Halbuki heç Fuad Poladov da İsa bəydən sonra nə mitinqə qatıldı, nə də xüsusi müxalif fikirləri ilə gündəm oldu. Bir yandan Ramiz Rövşənə tapınırsınız, o biri yandan Ramiz Rövşənə "xalq şairi" adı veriləndə sevinib əl çalırsınız. 2017-ci ildə Tural Abbaslıdan demokratiya haqqında fikrini soruşmuşdum. Demişdi ki:

- Mən heç demokratiya aşiqi də deyiləm axı. Mən xalqımızın yaxşı yaşamağını, varlı yaşamağını istəyirəm. Əgər bu monarxiyayla özünü göstərəcəksə, olsun. Əgər bura da Suriyaya dönəcəksə, lazım deyil.

Yenə soruşuram?

Hansı sənətçi, şair, yazıçı, rəssam və digər sənət sahiblərilə görüşmüsünüz? Nə vəd etmisiniz? Onlar necə hörmət qoymusunuz? Öz aranızda “mütrüb” deyib nə qədər ələ salmısınız? Öz aranızda “s... sənin qəzəlinə” deyib nə qədər məzələnmisiniz? Siz də bir medal, təltifnamə-zad tərtib edin, müxalif düşüncədə olan sənət sahiblərini mükafatlandırın da. Çıxışlarda kütləyə oynamağınız əladır, biraz da belə şeylərdə kütləyə oynayın da.

Hələ bir müxalifət lideri, yaxud da adamından mədəniyyətlə bağlı geniş planının olduğunu nə eşitmişəm, nə də oxumuşam. Sizin planınız nədir?

TƏQVİM / ARXİV