adalet.az header logo
  • Bakı -°C

Daşın üstündə oturmuş şair - İlqar RƏSUL yazır

İLQAR RƏSUL
94 | 2026-06-04 18:52
A- A+

AQİL ABBASIN “RƏMİŞ”İ HAQQINDA

 

Proloq

 

Roman boyu bir uşaq yağışın altında qaçır, bir bulud da çətir olub onun başı üzəri ilə uçur ki, islanmasın... Bütün bunları göydən mələklər, yerdən şair müşahidə edir. Axırda mələklər o uşağı göylərin ənginliklərində, şair kitabın arasında yaşadır...      

 

HƏR DAHİ SƏNƏTKARIN YANINDA BİR AQİL ŞAİR OLMALIDIR

 

Tanrı bizim ikimizi də eyni şəhərdə bu dünyaya gətirib deyə azox Rəmiş haqqında məlumatım var idi (tanış deyildik). Qonşuda toyda görmüşdüm, 1 may günü paradda görmüşdüm və s. Elə orta məktəbdə oxuyarkən müəllimlərimizdən biri də hərdən onun haqqında nələrsə danışırdı bizə. Deyirdi Rəmişlə qonşuyuq: "Bir axşam nərd oynayırdıq, qapı açıldı, bir xanım girdi həyətə (bəlkə evə-İ.R.), gəldi, görüşdü, dedi, Rafiq, qalx, gedirik Tiflisə, bizi gözləyirlər, toydur, hamı səni arzulayır, camaata  söz vermişəm, təcili çıxmalıyıq. Rəmiş getmək istəmədi, qadın əl çəkmədi, mən də dedim, day o qədər yolu gəlib, höcətlik eləmə, axırda gedəsi oldu. Getdi, toyu yola verdi, Borçalı camaatı başına ətək-ətək pul tökdü, iki gün orada qalıb o pulların hamısını tanış-bilişə xərclədi, pulsuz-pənəsiz qayıtdı, gəldi..."

Bunu müəllim danışmışdı bizə dərs vaxtı. İllər sonra işimlə əlaqədar özüm söhbət edəsi oldum Rəmişlə. 2010-cu illər idi. Müsahibə almaq üçün Rəmişi redaksiyaya dəvət elədim, gəldi, danışdıq, maraqlı söhbətimiz oldu. Düşündüm, bir az da artıq tanıdım Rəmişi. Amma sən demə bu da tanımağın sonu deyilmiş....

Bu günlərdə yazıçı Aqil Abbasın yenicə nəşr olunmuş "Rəmiş" kitabını oxudum. Yeri gəlmişkən, müəllifin özü romandakı iki əsas obrazdan biridir və Rəmiş onu əsər boyu şair adlandırır. Nə isə...

Kitab mənə bu dünyanın bəlkə də ən sərgərdan sənətkarı haqda çox şey danışdı və sonda dedi ki, əslində sən Rəmişi indi tanıdın. Sözsüz ki, bu tanışlıqla da "Rəmişi tam tanıdım" demək olmaz. Belə adamları ən yaxşı tanıyanlar da tam tanıya bilmirlər. Görünür, ruhun sirri Allah yanında olduğu kimi, belə qeyri-adi insanların da tam məlumatı hansısa başqa məqamda, bəlkə hər kəsin gözlə görə bilmədiyi başqa mərtəbədədir. Amma indilik və çox güman ki, həmişəlik Rəmişin haqqında yerə məxsus və gözlə oxuna biləcək ən çox məlumat məhz bu kitabın içindədir:

 

RƏMİŞ

 

Kitabı oxumağa başlayanda məndə yaranan bir təəssürat getdikcə ağlımda yerini daha da möhkəmlədirdi: Göylər Rəmişi fərqli yaradıb. Göylər həm də onun yerli şənliklər, tədbirlər, toylar, aradabir ölkədən kənara ayaq basan konsertlər bataqlığından qopub gerçək sənət aləminə, dünyanın özünə bab olan dahi sənətkarların arealına çıxmayacağını, daha doğrusu, çıxmaq istəməyəcəyini, Ağdamdan başlayan sənətkarlığını Bakıya, Azərbaycanın hər yerinə və qonşu məmləkətlərə qədər daşımaqla kifayətlənəcəyini əvvəldən bildiyi üçün onu Aqil Abbasla rastlaşdırıb.

Yəqin elə o üzdəndir ki, Aqil Abbas da romanı yazanda göylərin təsirindən çıxa bilməyib, ya da çıxmaq istəməyib və əsərində göyləri Rəmiş doğulandan ölənədək qapılarını açıq saxlayıb onu həsrətlə gözləyən obraza çevirib. Kitabı oxuyanda adama elə gəlir ki, gitaradan sonra Rəmişin həmişə və hər yerdə ən çox yanında olan dostu məhz Aqil Abbasdır. Çünki adam Rəmiş haqda heç şübhəsiz ki, qapı-qonşusunun, yaxınlarının belə bilmədiyi çox şey yazıb. Belə sadə, aydın və faktoloji mətnləri məhz şahidi olduğun, müşahidə etdiyin hadisələr vasitəsilə ərsəyə gətirmək mümkündür. Sadəcə oradan-buradan eşitdiyin məlumatlarla belə işlər əmələ gəlməz. Onu da deyim ki, bu roman mahiyyət etibarı ilə ikili xarakter daşıyır. Əsər eyni vaxtda həm dahi sənətkar haqqındadır, həm də avtobioqrafikdir. Yəni müəllifin özü haqdadır. Bu səbəbdən də müəllifi şəxsən tanımayan adam romanı oxuyarkən Rəmişlə bərabər həm də Aqil Abbasla tanış olur...

Amma əlbəttə ki, romanda əsas hədəf məhz hamımızın tanıdığı virtuoz gitara ifaçısı Rəmişdir. Və müəllif bu kitab vasitəsilə az qala hər səhifədə oxucuya deyir ki, yox, sən onu tanımırdın, indi tanımağa başlayırsan, o da tam deyil, müəyyən qədər. Çünki Rəmişi nəinki Aqil, heç göylər özü də tam olaraq tanımadı. Olsa-olsa Rəmişi bəlkə gitarası bir az tanıdı, onun da dediyinin hamısına ətrafdakılar ya oxudular, ya oynadılar, ya da təsirləndilər. Rəmişin ifaları zamanı - bəlkə bu alət onun əvəzindən bizə nəsə deyir? - düşünən oldumu, bilmirəm. Hər halda  kitab bu barədə də düşündürür adamı...

Kitabın addımbaşı adama dediklərindən biri də odur ki, dünyada fərqli, tək sənətkar təkcə Rəmiş deyil. Var belə sənətkarlar. Amma görünən odur ki, təkcə sənətlə, fərqliliklə, hətta dahiliklə iş bitmir. Bizim tərəflərdə (regionda) həm də hər belə sənətkarın yanında bir aqil şair olmalıdır. Olmalıdır ki, sənətkarın özünə qarşı laqeydliyinin fəsadlarını aradan qaldırsın. Yəni özünə laqeydliyin sənətkar ətrafında hördüyü divarları dağıdıb, baryerləri yox edib tədbirlərdə, efirlərdə görünməyən tərəflərini cəmiyyətə, dünyaya çatdırsın...  

Nəfsinin qulu olmamaq, pula həris olmamaq dahilərin əsas keyfiyyətlərindəndir, əlbəttə. Amma öz başına tökülən pulları nə vaxtsa sən ola biləcəyini ağlının ucundan belə keçirməyən musiqiçilərin ayağı altına atmaq hər dahinin də işi deyil. Kitabda belə epizodlar da yetərincədir...

Göylərdən sonra kitabda əsas və sonadək Rəmişə dözən, Aqil Abbasın əlini buraxmayan obrazlardan biri də çoxumuzun tanıdığı Nikkolo Paqaninidir. XIX əsrdə yaşamış italyan bəstəkardan, bütün dövrlərin ən mahir skripka ifaçısından gedir söhbət. O dahi sənətkardan ki, hələ sağlığında, barəsində qəlbini Şeytana satmaq müqabilində hüdudsuz istedad aldığına dair şayiələr yayılmışdı. Müəllif bu iki tarixi obrazı öz romanında bir araya gətirməklə - əslində, Rəmişi keçmişə, Paqanininin evinə aparmaqla, onları görüşdürüb danışdırmaqla sanki həm də oxucuya deyir ki: Rəmiş də hansısa kənar qüvvə ilə əlaqəsi, bağlılığı olan dahi sənətkardır. Amma o, hətta şayiələrdə belə qəlbini nə şeytana, nə də əzrailə satacaq biri deyildi. Üstünə təmənnaya hətta mələk gəlsəydi belə "nə istəyirsən, götür apar" deyəcək qədər rahat biri idi. Bu xasiyyəti, tərzi Rəmişi həm də bir insan kimi dahi edirdi. Və kitab bütün bu cəhətləri, çalarları sadalaya-sadalaya oxucuya həm də təxminən deyir ki: əgər Rəmiş öz gitara ifası ilə dahi sənətkar olmasaydı belə, həyat tərzi ilə sənətkar sayıla bilərdi...

Yeri gəlmişkən deyim ki, romanı maraqlı edən cəhətlərdən biri də proseslərin, hadisələrin keçmişlə indiki dövr arasında var-gəl etməsidir. Mütaliə zamanı bu günə kökləndiyin halda özünü keçmişdə görürsən və əksinə.    

Əsərdə bir daş da var. Hamımızın sonu daşın altı olduğu üçün söhbətimi də elə daşla yekunlaşdırıram. Amma burada söhbət daşın üstündən gedir. Romanda Rəmiş hərdən gedib İçərişəhərdəki tanış daşın üstündə oturur, üzbəüz pəncərədə yaşayan qıza baxır və daha nələr... 

Çox güman ki, nə vaxtsa Rəmiş haqda da Paqanini haqqında olduğu kimi bir bədii film çəkiləcək. Ola bilsin yüz ildən sonra, amma çəkiləcək. Guya Paqanini haqda film nə vaxt çəkildi ki? Adam öləndən yüz il sonra. Amma sənətkar ölmür axı. Demək ki, sağlığında. O hesabla Rəmişin də sağlığında çəkilmiş sayılacaq o film. Demirəm Rəmişə görə çəkiləcək, yox. Necə ki, Paqaninini çəkən rejissor maraqlı iş ortaya qoymaq üçün Paqanininin mövzusuna tapınmışdı, eləcə də bizdə, ya haradasa maraqlı ideya axtaran rejissor bir gün Rəmiş haqda düşünəcək. Bəlkə Aqil Abbasın bu kitabını oxuyub düşünəcək Rəmiş haqda, bəlkə düşünüb sonra kitabı oxuyacaq. Hər halda əminliklə demək olar ki, o prosesdə bu kitab mütləq iştirak edəcək. Bəlkə hələ film elə bu kitabın motivləri əsasında çəkiləcək...  

 

EPİLOQ

 

Bir film proloqu təsəvvür edin:       

Havva qaralıb. Köhnə Bakının hansısa dalanında yönü gitara şəkilli çərçivəyə salınmış pəncərəyə baxan daş var. Daşın üstündə "Rəmiş" romanından yeganə sağ qalan obraz - qoca  şair oturub. Çiynində cins kostyum geyindirilmiş balaca meymun var. Şairin baxdığı pəncərədən qadın baxır, qadının əlində kitab var. Kitabın üstündə "Rəmiş" yazılıb, içində yağış yağır və o yağışın altında bir oğlan uşağı dayanmadan göylərin açıq qapılarına doğru qaçır...

  • Iyun:
  • 5

TƏQVİM / ARXİV