Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edildi - FOTOLAR
Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib. Ümumən qanunla müəyyən edilmiş funksiyaların icrası digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıq və qətiyyətlə davam etdirilib.
Hesabat məruzəsində vurğulanıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.
Xırda talamaların açılmasının nəticələri də yaxşılaşaraq 92 faizə yüksəlib.
Cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub.
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb. Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.
Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.
Qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox - 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram müvafiq vasitə aşkarlanıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib.
İnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də yaxşılaşaraq 89,3 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 82 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 40 nəfərin yeri müəyyən olunub.
Ümumilikdə 5.199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1.079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.
Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirib.
Fəaliyyətin mühüm istiqamətlərindən olan və gündəlik nəzarətdə saxlanılan vətəndaş məmnunluğunun təmin edilməsi tədbirləri çərçivəsində ümumilikdə 8.491, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 70 şəhər və rayonundan olan 6.910 şəxs qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Vətəndaş müraciətlərinə həssaslıqla baxılaraq Nazirliyə, onun “102” Xidmətinə və qaynar xətlərə daxil olmuş, eləcə də sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verilib, habelə cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 86,7 faizi ödənilib. Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən, sənədlərin və informativ məlumatların əldə olunması funksionallığını özündə birləşdirən “E-Polis” mobil tətbiqi təkmilləşdirilib və ötən ilin sonuna 825 mindən çox vətəndaş qeydiyyatdan keçib.
Şəxsi heyətin peşəkarlığının artırılması, mükəmməl nəzəri və praktiki hazırlığa malik olması, müasir iş metodlarına yiyələnməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ölkə daxilində və xarici dövlətlərdə keçirilən təlim, seminar, treninq, kurslara və onlayn formatda proqramlara 63 mindən çox polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu cəlb edilib.
İclasın gündəliyinə uyğun olaraq məruzəətrafı çıxışlar da dinlənilib. Çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, mövcud nöqsanlardan və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərdən danışıb.
Kollegiya iclasına yekun vuran nazir 2025-ci ildə əldə olunmuş müsbət nəticələrin polis-vətəndaş münasibətlərinin davamlı inkişafının təzahürü və aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın məntiqi yekunu olduğunu qeyd edərək göstərdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib. Cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə mövcud əlaqələrin gücləndirilməsinin vacibliyini, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinin və hər bir şəxsin qanuni mənafeyinin və hüquqlarının müdafiəsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. Bu konteksdə cinayətlərin qarşısının alınması, açılması və araşdırılması üzrə xidməti vəzifələrin icrasına, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinə yüksək məsuliyyət və peşəkarlıqla yanaşılmasını tələb edib. Antinarkotik təbliğat sahəsində keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də diqqət çəkərək bu istiqamətdə fəaliyyətin məqsədyönlü davam etdirilməsini və müvafiq tədbirlərdə iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, pedaqoqların, ictimaiyyət nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tövsiyə edib.
Çıxışında bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqları da qeyd edərək onların aradan qaldırılması və xidməti fəaliyyətin səmərəliliyinin davamlı surətdə artırılması ilə bağlı tapşırıqlarını verib.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.
Digər Xəbərlər
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01
Qız qaçırmaya görə 32 şəxs barədə məsuliyyət tədbirləri görüldü
23 Yanvar 2026 17:00


Bakı -°C

