DÇ-2026: Erlinq Haaland zirvədə, Vozinya isə hamını təəccübləndirdi
2026-cı il dünya çempionatı təkcə meydandakı nəticələri ilə deyil, sosial şəbəkələrdə yaratdığı böyük təsirlə də diqqət çəkib.
Adalet.az xəbər verir ki, "Front Office Sports"un hazırladığı statistikaya əsasən, turnir ərzində instaqramda ən çox yeni izləyici qazanan futbolçu Norveç millisinin hücumçusu Erlinq Haaland olub. Ulduz futbolçu dünya çempionatı zamanı hesabına 32 milyon yeni izləyici əlavə edib. Onun həm oyunları, həm də gündəlik həyatından paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Reytinqin ən böyük sürprizi isə Kabo-Verde millisinin qapıçısı Vozinya olub. Dünya çempionatına cəmi 50 min izləyici ilə başlayan 40 yaşlı qolkiper turnirin sonunda təxminən 29 milyon yeni izləyici qazanaraq sosial medianın ən çox danışılan simalarından birinə çevrilib.
Vozinya Kabo-Verde millisinin tarixi çıxışı zamanı nümayiş etdirdiyi uğurlu performansla futbolsevərlərin rəğbətini qazanıb. Xüsusilə İspaniya ilə qarşılaşmada və 1/32 finalda Argentina ilə oyunda etdiyi 18 seyv onun geniş müzakirə olunmasına səbəb olub.
Siyahıda üçüncü pillədə Kriştianu Ronaldo qərarlaşıb. Portuqaliyalı futbolçu dünya çempionatı müddətində 22 milyon yeni izləyici qazanıb.
Dördüncü yerdə 12 milyon yeni izləyici ilə Cud Bellinqem, beşinci pillədə isə 8 milyon artımla Neymar yer alıb.
Finalda İspaniyaya məğlub olan Argentina millisinin kapitanı Lionel Messi isə ilk beşliyə düşə bilməyib. Təcrübəli hücumçu turnir ərzində instaqram hesabına 7,5 milyon yeni izləyici əlavə edib.
Beləliklə, DÇ-2026 yalnız futbol meydanında deyil, sosial media platformalarında da yeni rekordlar və gözlənilməz qəhrəmanlarla yadda qalıb.


Bakı -°C

