adalet.az header logo
  • Bakı -°C
05 Sentyabr 2026 08:18
60
İDMAN
A- A+

DÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord

2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib.

Adalet.az xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 267 futbolçunun ümumi transfer dəyəri 3 milyard 3 milyon dolları ötüb.

Ümumilikdə peşəkar kişi futbolunda transfer dövrü rekord göstəricilərlə yadda qalıb. Bu müddətdə transfer haqlarına 9,89 milyard dollardan çox vəsait xərclənib və dünyada 12500-dən artıq beynəlxalq transfer həyata keçirilib.

Transfer xərclərinə görə İngiltərə klubları ilk sırada yer alıb. İngiltərə komandaları futbolçuların transferinə 3,02 milyard dollardan çox vəsait xərcləyib.

İngiltərəni 1,1 milyard dollarla İtaliya, 940 milyon dollarla İspaniya, 904 milyon dollarla Almaniya və 641 milyon dollarla Fransa izləyib.

Ən çox futbolçu transfer edən ölkə də İngiltərə olub. Bu göstəricidə İspaniya və Portuqaliya növbəti yerləri tutub.

Transferlərdən əldə olunan gəlirə görə isə Fransa klubları lider olub. Fransa komandaları 1,7 milyard dollar gəlir əldə edib. Bu siyahıda İngiltərə 1,43 milyard, Almaniya 1,02 milyard, İspaniya 773 milyon və Portuqaliya 642 milyon dollarla yer alıb.

Qadın peşəkar futbolunda da beynəlxalq transferlərin sayı və transfer haqları üzrə yeni rekordlar qeydə alınıb.

Hesabat dövründə qadın futbolunda 1406 beynəlxalq transfer həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir və əvvəlki rekordla müqayisədə 19,2 faiz artım deməkdir.

Qadın futbolunda beynəlxalq transferlərə ümumilikdə 28,6 milyon dollar xərclənib. Bu rəqəm əvvəlki transfer dövrünün ümumi xərclərindən iki dəfədən çoxdur.

Transfer xərclərinə görə İngiltərə klubları 8 milyon dollarla lider olub. Onu 6,6 milyon dollarla İspaniya, 4,9 milyon dollarla Almaniya, 2,9 milyon dollarla ABŞ və 2,1 milyon dollarla İtaliya izləyib.

Transferlərdən ən çox gəlir əldə edən ölkə isə İsveç olub. İsveç klubları 4,2 milyon dollar gəlir əldə edib. İngiltərə 4 milyon dollarla ikinci, Fransa və Almaniya hərəyə 3,6 milyon dollarla üçüncü, Niderland isə 2,9 milyon dollarla beşinci olub.