Dövlət standartlarını özündə ehtiva edən Analitik Mərkəz
Biz bu yazıda Azərbaycan Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan istifadə mərkəzi”nin fəaliyyəti, iş prinsipi və başlıca vəzifələri haqqında söhbət açmaq istəyirik.
Əgər desək ki, bu mərkəz xüsusi əhəmiyyətə malik, geniş spektrli, ölkəmizdə tayı-bərabəri olmayan mühüm dövlət əhəmiyyətli bir laboratoriya funksiyasını yerinə yetirir, yəqin ki, yanılmarıq.
Belə sanballı, dünya standartlarına cavab verəcək bir mərkəzin varlığı ölkəmiz üçün olduqca vacib və zərurətdən doğan bir hal kimi qiymətləndirilir. Məhz bu səbəbdən də institutun direktoru akademik Akif Əlizadə bu mərkəzin yaradılması, ərsəyə gəlməsi üçün əlindən gələni əsirgəməmişdir. Nəticə göz qabağındadır. Təsadüfi deyil ki, bu mərkəzi institutun “döyünən ürəyi” adlandırırlar.
Respublikamızın görkəmli elm xadimlərindən biri, respublika dövlət mükafatı laureatı akademik A.Əlizadə mərkəzdə öz işinin incəliklərinə dərindən bələd olan savadlı və bilikli elmi kadrlardan ibarət yaradıcı bir kollektiv formalaşdırmağa nail ola bilmişdir.
Mərkəzə əməkdar mühəndis Nazim Sadıqov rəhbərlik edir. Bizimlə söhbət zamanı o, mərkəzin yaranma tarixinə qısa bir ekskursiya etdi. Öyrəndik ki, bu mərkəz 1977-ci ildə yaradılıb, formalaşdırılıb, ölkəmizin qabaqcıl mərkəzlərindən biri kimi tanınmaqdadır.
Kollektiv bir çox şirkət və təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.
Respublikamızın mineral xammal bazasının inkişafı və geoloji-xidmət işlərinin effektliyi dağ süxurlarının, filizlərin, mineralların və texnoloji işlənmə məhsullarının kimyəvi tərkibinin öyrənilməsinin keyfiyyətindən çox asılıdır. Xüsusən də son illər fiziki və fiziki-kimyəvi üsullarla yanaşı tətbiqi geokimyaya da böyük təlabat olması səbəbindən analitik laboratoriyalara olunan ekspers analiz üsullarının sayının artırılmasına böyük ehtiyac duyulmaqdadır. Fiziki və fiziki-kimyəvi analitik cihazların tətbiqi isə öz növbəsində çətin analitik işlərin avtomatlaşdırılması və mexanikləşdirilməsi üçün münbit imkanlar yaradır. Təbii ki, bütün bunlar eyni zamanda istiqamətlənmiş laboratoriya sisteminin yaranmasına, geokimyəvi parametrlərin riyazi işləmələrinin keçirilməsinə imkan verən və onların avtoımatlaşdırılmış bank hesablarının bazasında saxlanmasına perspektivlər açır.
N.Sadıqov onu da xüsusi qeyd etdi ki, analitiklər mineral-xammal barəsində kifayət qədər dəqiq məlumata sahib olmalı və geokimyəvi məsələnin həllini tam aydınlığı ilə başa düşməlidirlər. Bununla yanaşı tətbiqi geokimya sahəsində çalışan geoloqlar analitik üsullar sahəsində, laboratoriya xidmətinin tələblərindən və analiz olunan mineral maddə ilə əlaqədar digər məlumatlar barəsində lazımi professional biliyə malik olmalıdırlar.
Mərkəzin rəhbəri ilə söhbətdən o da məlum oldu ki, elmin effektliyini, rəqabətliyini artırmaq və onu real iqtisadiyyata yaxınlaşdırmaq bu günümüzün ən vacib problemlərindən biridir. Və təsadüfi deyil ki, institutda elmin istehsalatla əlaqəsinə xüsusi önəm verilməkdədir. Məhz bu səbəbdən də mineral xammalın xassələrinə, texnoloji prosesə və istehsal olunan məhsulun keyfiyyəti və surətini artırmaq məqsədilə bütün əsas analitik cihazlar və köməkçi avadanlıqlar bir mərkəzdə cəmləşdirilmişdir.
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, belə mərkəzin yaradılması yeni analitik cihazlardan kollektiv istifadə, iqtisadi və elmi praktiki baxımdan sərfəlidir və öz müsbət təsirini analizlərin ətraflı və operativ aparılmasında göstərir. Bu məziyyətlərdən çıxış edərək institutda yaranmış sertifikatlı analitik mərkəzdə Almaniya, Rusiya və Yaponiyadan gətirilmiş cihazlardan istifadə edərək beş bölmə yaradılmışdır. Nümunələrin qəbulu və analizə hazırlanması Herzoq kompleksində Sevil Ağayeva, Rentgenspektral S8 TİGER cihazında Bahar Babayeva, İCPMS7700e mass spekrometr cihazında Samirə Qurbanova, AAS200 atom-absorbsiya cihazında Aygün Musayeva, Rentgendifraktometr cihazında Azər Əmirov və İlahə Həmzəyeva tərəfindən həyata keçirilir.
Mərkəzdə, ixtisaslaşmış mütəxəssislər tərəfindən qeyd olunan analiz üsullarından istifadə edərək mineral xammalların, filizlərin, metal və ərintilərin, torpağın, dib çöküntülərinin, şüşənin, sementin, təbii və süni qiymətli bəzək daşlarının, tikinti sənayesində istifadə olunan, eyni zamanda istənilən qeyri-üzvi (bərk və maye) maddələrin, kimyəvi mineraloji tərkibləri analiz edilir.
Beləliklə də Mendeleyev cədvəlində dördüncü berilium elementindən 92-ci uran daxil bütün elementlər, qazlar və təsirsiz qazlardan başqa, qeyd etdiyimiz analitik üsullardan istifadə etməklə dəqiq və qısa bir zamanda təyin olunur.
Rentgenspektral və Rentgenfaza analizinə nümunə hazırlığı Almaniyadan gətirilmiş xüsusi avtomatik “HERZOQ” kompleksində aparılır. Ərzaq mallarının yarımkeçirici materiallarının, tibbi pereparatların, bioloji maddələrin, kimyəvi təmiz birləşmələrin, ətraf mühit obyektlərinin, çətin parçalanan maddələrin dib çöküntülərinin tərkibində Hg, As, Cd, Se, B, P və sairə kimi elementlərin atom absorbsiya üsulu ilə təyini zamanı nümunələr 150-200 S temperaturda müxtəlif mineral turşu qalıqlarında parçalanmalıdır. Eyni zamanda göstərilən elementlərin miqdarının itirilməsinin qarşısını almaqdan ötəri onlar xüsusi analitik avtoklavlarda qısa zamanda və itkisiz analizə hazırlanır.
Analizlərin aparılması zamanı Beynəlxalq Standartlaşma Cəmiyyətinin, Rusiya Elmi Tədqiqat Mineral Xammal Ehtiyatlar İnstitutunun analitik üsullar üzrə elmi şurasının təsdiq etdiyi metodik göstəricilər və təlimatlardan, neft və neft məhsullarında metalların, fosfor və kükürd təyini zamanı isə ASTM-lərdən və ya sifarişçinin tələb etdiyi vasitələrdən istifadə olunur.
Analizlərin nəticələrinin düzgünlüyü Rusiya, Almaniya və Yaponiyadan alınmış xüsusi dövlət standartları ilə yoxlanılır. Analitik mərkəz 2025-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan qiymətləndirmədən uğurla keçmiş və akkreditasiya sertifikatını almışdır. Bundan başqa qeyd olunan analitik üsullardan istifadə etməklə mərkəzdə Ekoloji problemləri də həll etmək olur. Beləliklə də mineral xammalın, torpağın kimyəvi tərkibinin öyrənilməsi və paylanma qanuna uyğunluqlarının, bitkilər, canlılar üçün və zərərli komponentlərinə, mikroelementlərin, kənd təsərrüfatının və dağ-mədən sənayesi istehsalının tullantılarının kimyəvi və faza tərkiblərinin təyini, ətraf mühitin qorunması, metalların və onların birləşmələrinin anomal toplanmasının geokimyəvi paylanması öz həllini tapır.
Mərkəz müqavilə əsasında kənar təşkilatlar üçün də müxtəlif təyinatlı laborator işləri həyata keçirməkdədir.
Yeni istehsal açan iş adamlarının tələblərinə uyğun olaraq mərkəzdə Azərbaycan Respublikası ərazisində yerləşən hər növ qeyri-filiz yataqları haqqında hər cür ixtisaslaşmış arayış və məsləhətlərin verilməsini təmin edən xüsusiləşmiş geoloji xidmət qrupu fəaliyyət göstərməkdədir.
Geologiya və Geofizika İnstitutu geologiya elminin müxtəlif sahələrində genezis problemlərinin həlli istiqamətində izotop geokimyəvi üsullardan istifadə etmək üçün Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “İsoPrime 100 elementar izotop nisbətləri kütlə spektrometri, vario PURO cube Element analizatoru və SHİMADZU GS-2030qaz xromotoqrafı” avadanlıqlarını əldə etmişdir. Bu avadanlıqlardan istifadə etmək məqsədilə “İzotopgeokimyəvi tədqiqatlar” laboratoruyası da yaradılmışdır.
“Azərbaycan neftləri” adlı pilot layihənin icrası çərçivəsində 2012-2013-cü illərdə ELM FONDU tərəfindən Geologiya və Geofizika İnstitutu üçün bir sıra analitik cihazlar satın alınmışdır. Neftin geokimyası laboratoriyası Perkin Elmer GC-MS Clarus 680, ICP-MS NexION 300D, STA 6000, FTIR Spectrometer Frontier, UV/VISLambda 35, Shimadzu Nexis GC-2030 kimi müasir avadanlıqlarla təchiz olunmuşdur. Bunun sayəsində 2013-cü ildə Geologiya və Geofizika İnstitutunda yaradılmış “Neftin geokimyası” laboratoriyasında neft və neft məhsullarının müasir səviyyədə tədqiqi mümkün olmuşdur. Laboratoriyada Naftalan müalicəvi neftinin müasir geokimyəvi metodlar vasitəsilə müasir cihazlarda mikroelement, fraksiya və karbohidrogen tərkibi təyin olunmuş, həmçinin nümunələrdə biomarkerlərin təyini analizi aparılmışdır. İlk dəfə olaraq Naftalan neftinin müalicə effektində triterpan, hopan və adamantan kimi biomarkerlərin iştirakı qeydə alınmışdır. Bundan əlavə laboratoriyada dünyanın müxtəlif yerlərindən əldə olunmuş müalicəvi xüsusiyyətlərə malik olan neftlərin müasir geokimyəvi tədqiqatları aparılmışdır.
Tahir Uluqaya (Abdulov),
şair-publisist
Digər Xəbərlər
18 Fevral 2026 09:27
Azərbaycan Serbiya münasibətlərində yeni mərhələ
17 Fevral 2026 11:43
Azər Məmmədov: “Parisin Ermənistanda revanşist qüvvələri..."
17 Fevral 2026 08:16
Azərbaycanın artan enerji ixrac potensialı
17 Fevral 2026 08:14
Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri
16 Fevral 2026 08:59
Rəqəmsal arxitektura yeni hədəflərə köklənib
16 Fevral 2026 08:49
Dövlət-vətəndaş münasibətlərində yeni model
16 Fevral 2026 08:47
Azərbaycanın rəqəmsal gələcəyi
13 Fevral 2026 11:51


Bakı -°C

