DÜNYA BOYDA SEVGİ PAYIN VAR - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
2307 | 2023-12-05 12:06

Çox bəyənməsəm də, bu sualları tez-tez verirlər şairlərə: “necə oldu ki, şeir yazmağa başladız?”, “şeir nədi?”,“şeir ən çox sevincdən, yoxsa kədərdən yaranır?” Əbülfət Mədətoğlunu oxuyanda nədənsə

bu suallar yadıma düşür. Düşünürəm ki, Əbülfətin şeirləri daha çox kədərdən yazılır. Sonra düşünürəm ki, şeir elə kədərdən yaranır. Yəni şeir baxdığımız yox, gördüyümüzdü, duyduğumuzdu, hiss etdiyimizdi – anlamaqdı əslində. Şeir, ümumiyyətlə, gözündən içinə keçən nə varsa, yaşamı, həyatı, insanları görməkdi, olduğu kimi görmək, anlamaqdı. Və təəssüf ki, gördükcə, anladıqca daha çox kədərlənərsən. “Nədənsə kədər mənə daha doğmadı”, “nəyi itirəcəm qorxam təkliyimdən savayı” deyərsən. Əslində, hər kəsin öz təkliyi var, hər kəs yalnız olur milyonların içində. Bu təbiidi, bu doğaldı, bu realdı, yaşayançün, anlayançün bu, qaçılmazdı.

Bu zaman özünlə olursan, təkcə özün olursan: ...

-Sığınıb bir otağın küncünə susmuşam...

özümdən başqa heç kimlə danışmıram.

Düşünməyin ki, kimdənsə, ya da dünyadan küsmüşəm... yox,

sadəcə indi daha çox ətrafla anlaşmıram

və odur ki, susaraq gözləyirəm...


Və bu elə poeziyadı, şeirdi. Dərdi olmayanmı var? Təbii yox. Amma şair deyil hamı desin ki: “qurtulmaq çətindi dərddən, acıdan, hər addım başında üzünə durur”, ya da

 

Ovub qoydun ortaya,dərdimi sünbül kimi,

Fırlanıram başına havalı bülbül kimi.

Bu dərdin başına necə fırlana bilir Əbülfət Mədətoğlu? Hardandır bu güc? Üzündəki, gözündəki, ürəyindəki sevgidən. Şeir sevgidən yaranır.

Son dönəmlər daha çox sevgi şeirlərini oxuyuram. Bəzən “bir qadına” yazır. Məncə bu şeirlər birinə ünvanlanmış sevgi şeirləri deyil, elə sevgi şeirləridir.O insanı-insanlığı sevir. Xoşbəxt edən duyğuları sevir. Yəni “sevin, bundan gözəl nə var?”-deyir bizə.

 

Həyatı ancaq özü üçün yaşayanlar, məsələn, aclığı yalnız özü ac qalanda yaşayan və bu aclıq üzündən

hər kəsi, hər şeyi tapdamağı bacaran heç vaxt şeir, ya nəsə maraqlı bir hekayə yaza bilməz.

Bu heç onun ağlına da gəlməz. Bunu insanın kim olduğunu anlayan, sevə bilən edə bilər. Çünki onu ”gözlərini yummağa qoymayan bir qəhər var” həmişə. Onun sevə bilən ürəyi var.

 

Dan yeri söküləndən oturmuşam dərdlərin

Qapısının ağzında...

Baxdıqca izlərini görürəm əritdiyim

illərin hamısında.

 

Və başqalarının həyatını ağırlaşdıranları da “həyatımı alt-üst edən qəlbi saxta var – əllərini ürəyimin qanıyla yuyan”ları da şair görər. Və şair deyər ki, “adamlardan itki kimi get”.

Kiprik ucundakı yaş dünyada ən ağır daş, ya da “dərdin gözü doymur ki” - bunu da şeir bilər.

 

Kədər göy qurşağıtək kəsib keçir içimdən.

Sıx gözünü ovcuma, susamışam içim mən.

 

Və özünü sorğu-sual etməyənlər, yəni cavab verə bilməyəcəkləri suallarla dolu həyat yaşayanlar nə şeir yazar, nə şeir oxuyar, nə kimsəyə sevinc yaşatmaq, ya gərək olmaq üçün yaşayar.

 

Anlaya bilmirəm – qoyuram qarşıma

Papağımı yox, özümü...

Və başlayıram sorğu-suala.

 

Bilmirəm, özünü qarşısına qoyub sorğu-sual edənlər nə qədərdi, amma bilirəm ki, var. Onlar fərqlidilər – onlar İNSANDILAR. Mənimçün Əbülfət bəy də fərqli biridi. Dost bildiyimdi, dost dediyimdi. İllərlə ötəndən sonra gördüyümdə doğmalıq hiss etdiyimdi.

 

Bir ömrüm var uduzduğum udduğum,

Günlərini saymaq indi nağıldı.

Ay diz çöküb ətəyindən tutduğum,

Niyə mənim yurdum-yuvam dağıldı? –

 

deyən şair elə öz həyatıyla, yazılara köçürdüyü, köçürə bilmədiyi duyumu ilə, sevgisi, ayrılığı, həsrətiylə   sözdü, söz sahibidi. Onun nə şerlərində, nə də yazılarında heç kəsdən ağıllı görünmək, nəsihət vermək iddiası yoxdu. Əbülfət Mədətoğlu sadəcə, oxucuyla danışır, dərdləşir. Oxucu özü anlayır onun ağlını da,

demək istədiyini də. Çünki o şeirlərində özüdü: “Mən yazdığım şeirlər elə mənim özüməm”. Əbülfət öz qızını gözüyaşlı qoyub tanıyıb-bilmədiyi, görmədiyi bir qızcığazın göz yaşından yaza bilməz. Bilir ki, bu poeziyaya saxtakarlıq gətirməkdi, sözə yalan donu geyindirməkdi. Bilir ki, oxucu bunu hiss edəcək, anlayacaq. Söz onunçün qiymətlidi.

 

Sözü mən necə deyim sahibi göydə tutsun,

Kobud, ya incə deyim, onu yerdən götürsün.

Səslər, hecalar belə ürəyə xal salmasın,

deyim ki, söz də elə ortalıqda qalmasın.

 

Elə alınmasın ki, Əbülfət kədərindən yazır. Bu onun kədəri deyil, “yanmaq boyuna biçilən ürəklərin” –Vətən həsrətli, yerini-yurdunu tapa bilməyənlərin, namərdliyi, ədalətsizliyi, haqsızlığı görənlərin, sevgini qoruyanların kədəridi. “Sevgimi dilsiz edən bir dil arzusundayam”, “ilahi eşq dünyada bir səndədi, bir məndə”

deyir, sevgidən yazır. Və bütün bunları yaşayır. Bütün bunları yaşayanların yaşamaqdan, yaşamaqçün

çarpışmaqdan bezdiyi anlar olur.

”Niyə mən?” sualıyla üzbəüz dayanıb əlbəyaxa olduğu zamanlar olur Əbülfət kimi:

 

...Mənim adım, bütün həyatım,

Və bir misram da çörəyə çevrilmədi,

ev olmadı, pul olmadı...

şairin yarımçıq şeiri kimi

qaralanmış kağız parçasına çevrildi

atıldı zibil qutusuna.

 

Bəlkə doğurdan ürəyimizi – ürəyini “zibil qutusu” eləmək lazım deyil.Yəni nadanlığı, xəyanəti, haqsızlığı, torpaq, Vətən acılarını ürəyə

yükləmək lazım deyil? Axı, ürəklərini “təmizcə”saxlayanlar var. Ancaq özüyçün yaşayanlar var. Bacarmaq olarmı? Bacararsanmı? Mən SƏNƏ demək istəyirəm ki, sənin misraların həmişə ac olduğumuz çörəyə   çevrilib. Hamısının da evi var. Hər oxucu ürəyi onların evidi.

Mədətoğlunun onlarla şeir kitabının müəllifidir. O həm də onlarla bir-birindən maraqlı, dəyərli sənədli povestin, publisitik yazı və esselərin müəllifidir. Bir yazı adamı kimi əlinə aldığı qələmin məsliyyətini dərk edən biridir.

Və yazdıqları anlayan üçün xərcləndikcə bitməyən var – dövlətdi.

Bir də...Bir də sonda

 

“Mən kədəri hərdənbir gülən görmək istədim,

Baş qoyub dizim üstə ölən görmək istədim”

 

deyən Əbülfət Mədətoğluna, onu sevənlərə, onun kimi sevənlərə, yaşayanlara kədərlərinin ölməsini arzulayıram. İnanıram ki “bu günlərin birində dərd öləcək əlində”. Və bir də unutma ki, dediyin kimi

“Dünya boyda sevgi payın var sənin”.

Bir də bir də O var. Sənin sevdiyin O. Səni sevən O-lar.

 

TƏQVİM / ARXİV