05 Dekabr 2024 16:20
1645
ƏDƏBİYYAT

DÜNYA GÖZLƏRİN AYDIN... - Bəhram Fərmanzadənin şeirləri

VƏTƏN

Arada ayrılıq iki yüz ildi,
Qardaşın qardaşdan  əli üzüldü.
Hicran göz yaşına dönüb süzüldü,
İradə, mətanət, dbzümsən, Vətən!

Sərhəd məftilindən tikandı yaxan
Sinəmdə qıvrılıb Arazsan axan.
Bu taydan o taya həsrətlə baxan,
Vüsalın gözləyən gözümsən, Vətən!

Ömürtək  əriyən yolumda şamsan,
Muraza can atan arzusan, kamsan.
Nağıllı gecəsən, qərib axşamsan,
Mən sənin, sən mənim özümsən, Vətən!

ARAZ

Arazım bir anadır,
O sahildə balası 
Arazım bir anadır,
Bu sahildə balası.

Arazım bir anadır,
Dərdimizə qalası.
Arazım bir anadır,
Bölünübdür laylası.

Arazım bir anadır,
Dərdə dözür, lal dayanır.
Arazım bir anadır,
Baxışında sual yanır.
ARAZIN ÜSTƏ
Sahilinə çıxan kim,
Həsrəti ilə baxan kim.
Göy suyunda axan kim,
Gülüm, Arazın üstə.

Üzünə  ələk salıb,
Durnalar lələk salıb
Düyünü  fələk salıb,
Elim, Arazın üstə.

Suyu alov dilimi,
Yandıracaq əlimi,
Axan alın tərimi,
Silim Arazın üstə.

Ocaq mənimdir deyə
Külək alıb yedəyə.
Sovrulsun qoy göyə
Külüm Arazın üstə.
Mənəm həsrət xəstəsi,
Əlimdə gül dəstəsi
Eşidim qardaş səsi,
Gəlim Arazın üstə.

Vüsal  həsrətim ahı,
Sinəmdir nişangahı.
Aydın açıb sabahı,
Ölüm Arazın üstə.

ARAZ ADİ ÇAY DEYİL

Araz adi çay deyil,
Onun  bizə qəsdi nə?
Niyə günahlar yıxır,
Çoxu onun üstünə.

Hər bir çaya  tay deyil,
Araz sovqat, pay deyil.
Araz adi çay deyil,
Axır millət qanından.

Sakit dayanıb keçmək,
Olmaz onun yanından,
Sıyrılıb qılınc kimi,
Araz çıxar qınından.

Sədd, sərhəd arasından
Sakitləşir, gurlaşır,
Şahə qalxan dalğalar,
Gör necə məğrurlaşır.

Sovuşmağa can atır,
Axır Kürlə birləşir.
Onun sinəsi üstə
Azərbaycan yerləşir!

KEÇİR KƏNDİMİZDƏN TƏBRİZ QATARI
Elə bilirdim kəndimizdən  keçən bütün qatarlar Təbrizə gedir

Kimin dərdi var bizim tək görən,
Bizim kədərimiz, qəhrimiz var.
Bağı-bağatıyla yuxuma girən,
Təbriz tək bir qərib şəhərimiz var.

Elə bil ömrümün dünəni yoxdur,
Gün keçir, il keçir eh, ömür yarı.
Vaqonlar boş gedir, minəni yoxdur.
Keçir kəndimizdən Təbriz qatarı.

Təbrizə qatarda gedən var, susun,
Vaqonu bələdçi yoxlaya bilmir.
Vaqon bələdçisi vətən arzusun
Daşıyan qatarı saxlaya bilmir.

Getdiyi yollardan duman, çən keçir,
O taydan boylanır neçə dağ-dərə.
Keçir, kəndimizin içindən keçir,
 Nəfəs dərə-dərə, fit verə-verə.

Dünyanı dolanır dəmir yolları,
Uzatsaq Təbrizə çatar qolumuz.
Görəsən bağlıdır, bağlıdır, niyə,
Bakıdan Təbrizə gedən yolumuz.

Gedənlər boylanır pəncərələrdən,
Gedənlər gecəni, gündüzü yatmır.
İlahi, bilmir, bəs niyə, nədən,
Bu qatar sonuncu mənzilə çatmır.

OĞULLAR YATARSA

Oğullar yatarsa, yurdda qurd ular,
O, gecə yatammaz qərib gecəni.
Bu taydan o taya keçər  ordular,
Arazın üstünə sərib gecəni.

DÜNYA GÖZLƏRİN AYDIN

Atlı, atdan düş yeri
Aran yurd örüş yeri.
Dünya, gözlərin aydın,
Təbrizdi görüş yeri.

VARIYMIŞ

(Müəllimim və dostum Fərman  Kərimzadənin ruhuna)

Cəbrayıla onunla birlikdə gedib hər sübh çağı, qürub vaxtı Xudafərin körpüsünə baxardım. Belə qərara gəldik ki, onun məşhur «Qızıl ağacdan asılmış beşik» əsərinin adını dəyişib «Xudafərin körpüsu» qoyaq. Çünki Xudafərin körpüsündən böyük el, tarixi şəxsiyyətlər keçmişdir)
Qara bulud yağış olub selləndi,
Çopur daşlar dağ döşündən helləndi.
Çeşmələrin zümrüd gözü lilləndi,
Xan Arazın bulanmağı varıymış.

Çinar töküb həsrətdən yarpağın,
Canıdır su, qanıdır su torpağın.
İki yerə bölünən bu torpağın,
Göz yaşıyla sulanmağı varıymış.

Bu qalanın mamır basıb hörpüsün,
Keçə bilmədim Xudafərin körpüsün,
İtirmişik beldə kəmər hörpüsün,
Baba yurdun talanmağı varıymış.

Həsrətimin Araz olan qolunun,
Ləkələyən Bakı, Təbriz yolunun
Ortalıqda bitən tikan kolunun,
Boynumuza dolanmağı varıymış.

ÖPƏRSƏN
«Şuşa, Qarabağ üçün burnumun ucu göynəyir»- deyən dostum   Ənvər Əhmədin əziz xatirəsinə

Həyat mənə işgəncədir, zülümdü,
Bir kimsəm yox, gözləyənim ölümdü.
Sənə qalan bircə ovuc külümdü.
Azad olan torpağıma səpərsən.

Xətainin qılıncını al görüm,
Gir döyüşə, sağa, sola çal, görüm.
Düşmənimi pərən-pərən sal, görüm,
Qolda qüvvət, ürəyimdə təpərsən.

Pərvazlanıb qartal göydə süzəndə,
Güzgülənib sona göldə üzəndə,
Şamxoruzu  fərəsini gəzəndə,
Göndər mənə, qaranquşdan xəbər sən.

Bu dünyanın üzü sevinc, kədərdi,
Demə, qardaş, nə əkmişdim, nə dərdim.
Bu dünyada nə var gəldi-gedərdi,
Başım üstə qılınc, qalxan, sipərsən.

Bir palıdam, şimşək vurdu laxladım,
Öz kökümü, budağımı saxladım.
Ənvər Əhməd, yaxşı, pisi yoxladım,
Qarabağın torpağını öpərsən.

NEYNİRƏM
Tək bir oğlum Fərmanın ruhuna

Yarılmadı həsrətimin cinahı,
Yıxın, qardaş, üstümə hər günahı.
Sinəm gördü min sitəmi, min ahı,
Qəm yükünü daşımağı neynirəm?

Turac uçur, qırqovullar  kirimir,
Bu məftillər, bu dirəklər çürümür.
Sinəm yanır, hicran dağı ərimir,
Belə sitəm, belə dağı neynirəm.

Şam düzəldin gözlərimin yağından,
Heydər baba, gül dərmədim bağından.
Üzmədim mən şamamanı tağından,
Mən saralıb-solmuş tağı neynirəm.

Şərbətini Savalanda içməsəm,
Toy paltarın əllərimlə biçməsəm,
Oğlüm üçün Təbrizli qız seçmişəm,
Mən bu toyu, bu növrağı neynirəm.

VƏTƏN BİRLƏŞİR

Bu taydan o taya 
Həsrətlə baxan
Mənim gözlərimdə 
Vətən yerləşir.

O taydan, bu taya
Çör-çöp daşıyan
Bir quş dimdiyində
Vətən birləşir.

EŞQ MƏBƏDİ

«Pəncərədən daş  gəlir
Ay bəri bax, bəri bax».
Pəncərəniz bağlıdı,
Amma tülü görünür.
Ağ tülünün üstündə
Qızıl gülü görünür.

Pəncərəniz bağlıdı,
Qapınızı döyən yox.
Pəncərədən daş gəlir,
«Ay bəri bax»-deyən yox.

… Pəncərəniz açıqdı,
Səhər durub o başdan
Eşq məbədi tikmisən,
Mənə atdığın daşdan.

NÖQTƏ  QOYA BİLMƏDİM

Yaşamaq gözəl şeydi,
Yaşadım, duya bilmədim.
Bu dünya bir qədəh meydi,
İçdim, doya bilmədim.

Baxdım göy üzünə,
Gecəsinə, gündüzünə,
Baxdım əyri, düzünə,
Abır, həya bilmədim.

Ölçüm, biçimi yazdım,
Köçən köçümü yazdım.
Yazdım, içimi yazdım,
Nöqtə qoya bilmədim.