17 May 2024 09:00
4353
LAYİHƏ

DÜNYANIN ƏN GÜCLÜ ORDUSU – AZƏRBAYCAN ORDUSU!

Bu gün dünyada elə proseslər gedir ki, super dövlətlər digər ölkələrin  daxili işinə qarışır, öz maraqlarına uyğun olan siyasət həyata keçirir və hətta digər məmləkətləri hədələməkdən belə çəkinmirlər. Çünki onlar düşünürlər ki, böyük dövlətlərdir, dünyanın əksər ölkələri onların dediklərini qəbul edir və buna görə də bunların qarşısında hamı baş əyməlidir.

Düzdür, dünyanı həmişə güclü və super  dövlətlər  idarə edib. Amma gəlin onunla razılaşaq ki, dünya tək həmin güclü ölkələrdən ibarət deyil. Ən azından ona görə ki, dünyada inkişaf edən, hərbi və iqtisadi cəhətdən böyük gücə malik olan  dövlətlər də yaranır və yaranmaqdadır. Ona görə də həmin böyük güclər müəyyən zaman kəsiyində  bu ölkələrlə razılaşmağa  məcburdurlar.

Azərbaycan da son 30 ildə 20 faiz torpağı işğal altında olsa da çox sürətlə  inkişaf edib, hərbi, iqtisadi və sosial cəhətdən yüksək bir mərhələyə çatıb. Heç şübhəsiz, Azərbaycanın qısa zaman kəsiyində belə sürətli inkişafı bizim düşmənlərimizi və ermənilərin havadarlarını çox narahat edib. Belə ki, onlar  yaxşı bilirdilər ki, Azərbaycanın hərbi cəhətdən yüksək inkişaf  mərhələsinə çatması, ən müasir döyüş silahlarına malik olması günlərin birində işğal altında olan torpaqların azad olması deməkdir. Çünki 30 il uzanan  o zaman kəsiyi  axır bir gün gəlib Azərbaycanın ayaq  üstə durmağına və öz torpaqlarını heç kimin  köməyi  olmadan  azad etməsinə səbəb olacaqdır. Ermənilər düşünürdülər ki, öz havadarlarının köməyi ilə  hələ bir 30 il də Qarabağ problemini donduracaq və torpaqlarımızı işğal altında saxlayacaq. Bu fikirləri  ən çox onlara Fransa və digər ölkələr aşılayırdılar. Çünki onların ağızlarında isti yer qalmışdı.

2016-cı il  aprel döyüşlərini  yarımçıq saxladıqlarına görə və düşünürdülər ki, bu proses  uzun müddət yerində sayacaqdır. Amma hər şey onların düşündüklərinin əksinə oldu. Belə ki,  ermənilər yenə cəbhə boyu bütün sərhəd mövqelərimizi 2020-ci il  sentyabrın 26-na qədər atəşə tutmağa başladı. Özü də bu atəşlər fasiləsiz olaraq davam elədi. Artıq bıçaq sümüyə dirənmişdi. 2020-ci il sentyabrın 27-də səhər saatlarında  Azərbaycan ordusu ermənilərin əks hücumunu dəf edərək  Füzuli və Cəbrayıl istiqamətində ağır döyüşlərə  başladı. Bu  döyüşlər heç də asanlıqla getmədi. Çünki ermənilər bu 30 ildə  Füzuli və Cəbrayıl istiqamətində «Ohanyan səddi» deyilən böyük müdafiə xətti yaratmış, hər tərəfi  minalamış, tankların keçməməsi üçün onların əleyhinə yarğanlarda, müxtəlif yerlərdə tank əleyhinə  minalar basdırmışdılar. Elə erməniləri də ən çox arxayın edən o idi ki, bu müdafiə xəttini Azərbaycan ordusu yara bilməyəcək. Ancaq qüdrətli və güclü Azərbaycan ordusu  bir neçə saatın içində onların müdafiə xəttini yarmağı bacardı, Füzulinin və Cəbrayılın işğal altında olan 6 kəndini azad elədi. Təbii ki, bu möhtəşəm  hücum nəticəsində ermənilər çaş-baş qalmışdı. Daha doğrusu, onlar bu qədər güclü əks hücum gözləmirdilər.

Onu da qeyd etmək lazımdır ki,  ermənilər  əvvəlcədən Cəbrayılın kəndlərində və eləcə də Füzulinin Horadiz  kəndində çoxlu hərbi qüvvə, əsgər, ağır texnika, artilleriya silahları toplamışdılar. Hətta onlar deyirdilər ki, biz bir neçə saatın ərzində Horadiz şəhərini  və o istiqamətdə olan yaşayış məntəqələrini  işğal edəcəyik. Lakin onların arzuları gözlərində qaldı. Elə ilk gündən canlı qüvvə sarıdan böyük itkilər verdilər. Bununla yanaşı, onların onlarla  tankı, artilleriya qurğuları və digər döyüş  mövqeləri Azərbaycan ordusu  tərəfindən darmadağın edildi.

Azərbaycanın canavar ürəkli, şir biləkli əsgərləri heç nədən qorxmadan hücumu davam etdirirdilər. Onlardan biri də Füzuli rayonunun Böyük Bəhmənli kəndindən olan Elçin Tehran oğlu Süleymanov idi. O, tankla ağır döyüşə girərək Füzulinin və Cəbrayılın bir neçə kəndinin azad olunmasında böyük qəhrəmanlıq göstərdi. Onun idarə etdiyi tank  sentyabrın 29-da ermənilər tərəfindən vuruldu. Amma Elçin sağ qaldı və sentyabrın 30-da başqa bir tankın sükanı arxasında əyləşərək Cəbrayıl  istiqamətində gedən döyüşdə erməni  mövqeyinin alınmasında çox böyük şücaət göstərdi. Çətin vəziyyətdə olan bir neçə yaralı əsgərimizi tanka qoyaraq onları xilas etdi. Və yenidən ikinci dəfə geri dönüb  digər tankçılarımıza kömək edərək bir neçə mövqeyi ələ keçirdilər. Bu ağır döyüşdə Elçinin idarə etdiyi ikinci tank da vuruldu. Elçin də qəhrəmancasına şəhid oldu. Lakin Elçinin dostları, silah yoldaşları, bir yerdə çörək  kəsdiyi Azərbaycan oğulları onun qanını yerdə qoymadı. Elə həmin gün Cəbrayıl şəhəri işğaldan azad oldu, çoxlu sayda erməni  döyüşçü  əsgərlərimiz tərəfindən  məhv edildi. Bununla yanaşı, Hadrut və Füzuli şəhəri ermənilərdin geri alındı.

Bu rayonları və yaşayış məntəqələrini işğaldan azad edəndən sonra Azərbaycan ordusunun hücumu daha da sürətləndi. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyevə ermənilərin  havadarları tərəfindən nə qədər zəng edilsə də, təzyiq olunsa da buna məhəl qoymadı və Prezident orduya  qəti əmr verdi ki, döyüş  sürətlənməli, digər yaşayış məntəqələrimiz də azad edilməlidir.

Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın əmrini İkinci Qarabağ savaşında 44 gündə çox şərəflə yerinə yetirdi və bu 44 gündə ağır döyüşlər zamanı Azərbaycanın üzük qaşı olan Şuşa şəhəri noyabrın 8-də fəth edildi. Ondan əvvəl Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı, Zəngilan erməni işğalından təmizləndi və Ermənistan  məcbur olub  noyabrın  10-da üçtərəfli bəyanata, daha doğrusu, onların təslim aktına baş nazir Nikol Paşinyan imza atdı. Bu imza o demək idi ki, döyüş dayanır, onlar öhdəlik qəbul edir və müəyyən müddətdə  Ağdamdan, Laçından və Kəlbəcərdən çıxırlar.

Bəli, o müddət tamam olanda erməni  ordusu Ağdamdan, Laçından və Kəlbəcərdən çıxdı. Amma həmin yaşayış məntəqələrindən çıxanda bir daha  ermənilər öz əsl simalarını, şərəfsizliklərini və namərdliklərini göstərdilər. Belə ki onlar yaşadıqları binaları, mənzilləri, hətta sosial obyektləri, meşələri belə yandırdılar. Artıq  Azərbaycan ordusu  bütün istiqamətlərdə döyüşə nəzarət edirdi və adını çəkdiyimiz yaşayış məntəqələrində, rayon mərkəzlərində Azərbaycan bayrağı ucaldıldı. Bununla da Azərbaycan ordusu  çox şanlı və tarixi bir qələbə yazdı və bu qələbə Azərbaycan tarixində 200 illik dövrdən sonra qızıl bir tarixə çevrildi.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.