28 Iyun 2024 09:00
7511
LAYİHƏ

Dünyanın zəngin ölkəsi – Azərbaycan!

Bu gün dünyada bir-birindən iqtisadi cətəhdən güclü və zəngin ölkələr çoxdur. Heç şübhəsiz, həmin iqtisadi cəhətdən qüdrətli olan dövlətlər də dünya siyasətinə təsir edir və öncə öz maraqlarını qoruyurlar. Hətta ABŞ və Avropanın inkişaf etmiş ölkələri belə haqq-ədalət və demokratiya kənarda qalır və özlərinin maraqlarını müdafiə edirlər. Onlar hansı ölkələrə təsir etmək istəsə, o dəqiqə əllərində demokratiyanı, insan hüquqlarını, söz və mətbuat azadlıqlarını əllərində bayraq edirlər. Guya onlar bu dəyərləri hər şeydən üstün tuturlar. Amma demokratiya adıyla ABŞ-ın, Fransanın, İngiltərənin, hansı ölkələrə daxil olmasını və onların sərvətlərini talamasını heç kim bilməsə də, dünya ictimaiyyəti yaxşı bilir. İraqda, Misirdə və digər Şərq ölkələrində Amerikanın apardığı müharibələrin nəticəsi bəşəriyyətə yaxşı tanışdır. ABŞ deyirdi ki, İraqda nüvə silahı var. Amma getdi, oranı altını-üstünə çevirdi, heç bir şey tapa bilmədi. İraqın, Misirin neftini, qazını, qızılını və digər sərvətlərini talan edərək öz ölkələrinə apardılar. Bax, demokratiyadan dəm vuran ölkələrin iç üzü belədir və onların da iç üzünü artıq dünya yaxşı tanıyır. 

Dünyanın zəngin ölkəsi olan Azərbaycandan da onlar gözlərini çəkmirlər. Çünki bilirlər ki, bu ölkə balaca məmləkət olmasına baxmayaraq, dünya siyasətində və iqtisadiyyatında çox önəmli yer tutur. Əlbəttə, Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü olması nə Qərbə, nə İrana, nə də Ermənistana sərf edir. Təbii ki, güclü Azərbaycanın mövcudluğu Cənubi Qafqazda sabitliyin yaranmasına və burda iqtisadiyyatın-sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafına şərait yaradıb. Heç kim deyə bilməz ki, bu gün  Azərbaycan dünya siyasətində öz sözünü deyə bilməz. Əksinə, bütün dünya görür ki, ölkəmiz, hətta böyük güclərin qarşısında belə tab gətirir, onların dediyi ilə oturub-durmur. 

Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı müstəqillik dövrünə qədəm qoyduqdan sonra başladı. Daha doğrusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın iqtisdadiyyatı yenidən çiçəklənmə dövrünü yaşadı. Belə bir vaxtda iqtisadiyyatı yenidən qurmaq elə də asan deyildi. Çünki ölkəmizin büdcəsində kifayət qədər vəsait yox idi, olanlar da keçmiş hakimiyyət tərəfindən dağıdılmışdır. Umummilli lider Heydər Əliyev bütün bu məsələləri çox gözəl bilirdi. O, Azərbaycanın iqtisadi-inkişaf yolunu beynəlxalq layihələrə qoşulmaqda görürdü. Elə bu məqsədlə də “Əsrin müqaviləsi” imzalandı. Dünyanın ən məşhur şirkətlərindən olan “BP”-lə böyük bir müqavilə imzalandı. Təbii ki, bir müddətdən sonra imzalanmış müqavilə gerçəkləşdirilməyə başlandı. Yəni həmin şirkətlə birgə Azərbaycanın Xəzərdəki neft yataqlarında çox böyük ehtiyatlar aşkarlandı. İllər keçdikcə bu layihə özünü doğrultdu, Bakı-Ceyhan Neft Kəməri işə düşdü və Azərbaycan nefti artıq Avropaya ixrac edildi. Özü də Azərbaycanın nefti digər ölkələrin istehsal etdiyi neftdən daha keyfiyyətli idi. Avropalılar da gördü ki, biz onlara başqalarından daha keyfiyyətli və ucuz neft satırıq, ona görə də ölkəmizə olan maraqları daha da artdı. “BP”-lə birgə layihə həm həmin şirkətə, həm də ölkəmizə çox böyük vəsaitlər gətirdi. İngiltərənin məşhur şirkəti gördü ki, onların sərmayəsi artıq izafi dəyər gətirdi və buna görə də bu sahəyə maraqlarını daha da artırdı. 

İngiltərədən sonra Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Macarıstan, Yunanıstan və digər inkişaf etmiş ölkələr Azərbaycanda sərmayə qoymağa böyük maraq göstərdilər. Qonşu İran, dünyanın ən böyük güclərindən olan Çinin də Azərbaycana marağı daha da artdı. Ən azından ona görə ki, onlar gördülər, hansı ölkə Azərbaycana sərmayə qoyur, qısa zamanda həmin sərmayəni çıxarır və gəlir gətirir. Məhz buna görə də illər ötdükcə xarici şirkətlərin ölkəmizə marağının artması geniş vüsət almağa başladı. 
Azərbaycan iqtisadi inkişaf yolunda iri addımlarla irəliləməyə başladı. Bu cür yüksəlişin olmasını bəlkə də xarici ölkələr gözləmirdilər. Amma bunu öncədən Ulu Öndər Heydər Əliyev çox yaxşı bilirdi. O, yaxşı bilirdi ki, Azərbaycanın zəngin iqtisadiyyatı var, bundan səmərəli istifadə edilsə, ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya olunacaq, məmləkətimizin siyasi, hərbi gücü daha da qüvvətlənəcək. Bütün bunlar onu göstərirdi ki, Azərbaycan bir müddətdən sonra nəinki Avropada, dünya iqtisadiyyatında öz sözünü deməyə qadir olacaqdı.

Azərbaycanın neft sahəsində dünya şöhrətli mütəxəssisi olan Xöşbəxt Yusifzadə xarici şirkətlərin nümayəndələri ilə görüşündə deyirdi ki, Xəzər dənizində çox zəngin neft və qaz yataqları var. Biz bunların yerini də müəyyənləşdirmişik. Sadəcə olaraq bu sahəyə sərmayə qoymaq və axtarışlar aparmaq lazımdır. Düzdür, onun bu fikri ilə bəzi şirkətlər razılaşmırdı. Amma Ulu Öndər Heydər Əliyev onun dediklərinə inanır və bilirdi ki, Xöşbəxt Yusifzadənin ideyası qısa zaman kəsiyində öz təsdiqini tapacaq. Çünki Heydər Əliyev Xöşbəxt Yusifzadənin istedadına və təcrübəsinə həmişə inanmışdı. Axır ki, bir neçə ildən sonra Xöşbəxt müəllimin ideyaları öz əksini tapdı və Xəzərdə yeni neft və qaz yataqlarıç kəşf edildi. Həmin qaz yataqlarından 100 il bundan sonra da qaz hasil etmək olacaq. Bax, bütün bunlar böyük dövlətlərin Azərbaycana diqqətini daha da artırdı.     

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Heydər Əliyevin tutduğu siyasi və iqtisadi kurs daha sürətlə davam etdirildi. Azərbaycanda yeni-yeni beynəlxalq layihələr həyata keçirildi. Ağır və yüngül sənayenin, kənd təsərrüfatının və turizmin inkişaf etdirilməsi üçün xarici ölkələr sərmayə qoymağa yenidən böyük maraq göstərdilər. Bununla yanaşı, Qarabağın işğaldan azad olunması və ərazi bütövlüyünün  bərpası iqtisadiyytımızın yenidən çiçəklənməsinə bir təkan verdi. Bir çox dövlətlər ölkəmizdə yeni infrastrukturun, tikintinin həyata keçirilməsinə maraqlarını gizlətmədilər. Xüsusən də qardaş Türkiyə Qarabağda çox böyük layihələrin həyata keçirilməsinə təkan verdi. Azərbaycanın və qardaş Türkiyənin köməkliyi nəticəsində qısa müddətdə işğaldan azad olunmuş rayonlarda, şəhərlərdə, kəndlərdə, qəsəbələrdə böyük tikinti-abadlıq işləri gerçəkləşdi. İndıi xarici şirkətlər tək neft sənayesinə deyil, qeyri-neft sektoruna da böyük yatırımlar edir. Bu isə o deməkdir ki, Azərbaycan siyasətdə olduğu kimi, iqtisadiyyatda da beynəlxalq səviyyədə öz sözünü deyir və dünyanın ən inkişaf etmiş ölkələri belə bizimlə iqtisadi əlaqələr qurmağa böyük maraq göstərirlər. 
 
  
Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.