adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 19:33
64
ƏDƏBİYYAT
A- A+

DÜZ YAŞAYAN KİŞİ

Umud Rəhimoğlunun yubiley yaşına 

Onda hələ nə müharibə var idi, nə qaçqınçılıq, nə də ümumiyyətlə, bu barədə iynə ucu boyda da olsun təsəvvür...
Adamlar öz güzəranları ilə, gündəlik qayğıları ilə başlarını qatır, işi ilə, gücü ilə məşğul olur və həyata tamam fərqli bir prizmadan baxırdılar. Çünki adamların başını onda siyasət xarab eləməmişdi... Çünki onda adamların çörəyi siyasətdən çıxmırdı... Çünki onda adamlar dünyanın bəlkə də birinci super dövlətinin - imperiyasının vətəndaşları idilər... Çünki onda imperiyanın vətəndaşı olanlar nə iş yeri qayğısı çəkirdilər, nə də bu imperiyanın hansısa bir bucağında gedib yaşamaqdan ehtiyatlanırdılar. Hələ mən gəzməyi, görməyi demirəm... Amma bütün bunların cəmi bir azadlıq anının, bir azadlıq yazısının, bir azadlıq qismətinin yerini verə bilməzdi...

Bax elə həmin o azadlıq havasına, a zadlıq mücadiləsinə doğru gedən yol barədə olsa-olsa tək-tək adamlarda bir ip ucu var idi. Böyük əksəriyyəti isə yalnız kitablardan, nağıllardan, söhbətlərdən o böyük azadlığın özünün və yolunun barəsində az-maz xəbərdar olurdular... bütün bunlara isə hamı bir az nağılvari yanaşıb, xəyalpərvərlik hesab edirdi. Lakin...

Onda insanların oxumağa, mütaliəyə qəribə bir münasibəti kök salmışdı. Həmin o kökün rişələri yayılmışdı hər tərəfə. Etiraf edək ki, onda yazılanlar indikindən çox-çox sanballı və dəyərli idi. Çünki onda yazılanları həm yazanlar, həm də oxuyanlar məsuliyyətlə ortalığa qoyurdular. Təəssüf ki, bu gün bu ölçü aradan götürülüb... Nə isə...

Deməli, onda mən orta məktəbin sonuncu sinfində oxuyurdum və ayda bir dəfə Füzuli rayonunda çap olunan "Araz" qəzetinin nəzdindəki "Ərgünəş" ədəbi birliyinin məclislərinə qatılırdım. O məclislərin iştirakçıları arasında Azərbaycanın tanınan söz, qələm adamları buğum-buğum böyüyür, ilbəil ədəbi mühitə özünün imzasını tanıdıb sevdirirdi. Bunların arasında mərhum Sabir Rüstəmov, Vəzir Hacıyev, Vahid Əlifoğlu, eləcə də Mətləb Misir, Mahmud Qacar, Oruc Səda və başqaları da var idi. Elə həmin o, ədəbi birliyin növbəti məclislərinin birində balacaboy, amma üz-gözündən bir ağsaqqallıq tökülən, arıq bir uşaqla da qarşılaşdım. Bu oğlan Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndindən gəlirdi məclisə. Dinməzcə oturur, ona növbə çatanda bir az sıxıla-sıxıla, bir az da həyəcanla şeiri oxuyur, iştirakçıların münasibətini eşitdikcə qan-tərə batırdı və hər dəfə mən düşünürdüm ki, bəzən haqsız olan tənqidlər onu bezdirəcək və növbəti məclislərə gəlməyəcək. Lakin...

Dövlət universitetində oxuyurdum. Yay tətili zamanı birinci kurs tələbələrinin qəbul imtahanlarının keçirilməsi ərəfəsində universitetdə növbətçi saxlayırdılar. Biz daha çox sənəd qəbulu edilən yerdə dayanıb növbələri nizamlayırdıq. Mən növbədən çıxıb gedərkən universitetin qarşısındakı oturacaqda əyləşmiş iki nəfər diqqətimi çəkdi. Ayaq saxladım, bu, o idi. Həmin o balaca, cılız oğlan. Və beləcə onunla ikinci dəfə qarşılaşdım. Həyatımın onunla bağlı olan ikinci məqamı beləcə yaddaşıma köçdü. O, Umud Rəhimoğlu idi. İnsan həyatı məqamlarla, hadisələrlə, gəzib gördükləri ilə daha maraqlı, daha rəngarəng olur. Bu mənada mənim yaşadığım həyat payımda çoxlu fərqli məqamlar olub. O məqamlardan Umud Rəhimoğlu ilə bağlı olanları bir silsiləyə çevirsəm elə azı bir əlli məqam təşkil edər. Bu da orta hesabla azı ilə bir məqam deməkdi. 60-ı çoxdan yola salmışam. Yaşı deyirəm. Ardımca gələn Umud Rəhimoğlu da bir neçə gün öncə 65-in qapısını açdı. Bilmirəm, o açdığı qapıdan içəri keçib üzü geri boylananda orda gördüklərinin içərisində mən də var idim, yoxsa yox. Amma şəxsən mənim həyatımda Umud Rəhimoğlu adlı bir dostun, bir eloğlunun xüsusi yeri var. Bu yerin ən başlıca meyarı, ən başlıca xarakterik cəhəti odur ki, mən Umudun adını çəkəndə, adını eşidəndə heç bir narahatlıq hissi keçirmirəm. Çünki bu adın sahibi özünü yetərincə təsdiq edib, istər cəmiyyətdə, istər el-obada, istər ictimai-siyasi arenada, istər ədəbi mühitdə...

Qarlı-şaxtalı bir qış gecəsi idi. Moskvanın Puşkin metrosunun ətrafında var-gəl edirdim. Şaxta adamı kəssə də gecələdiyim mehmanxanaya getməyə heç həvəsim yox idi. Çünki Qarabağ savaşının ilk ilində düşmənlərin atdıqları əldəqayırma mərmi qardaşımın gözlərini yandırmışdı. Həmin mərminin partlayışı onun bir gözünü əlindən almışdı, ikinci gözünü xilas etmək üçün mən də qardaşımı Moskvaya aparmışdım. Metronun ətrafında gəzişdiyim gecənin səhəri onu əməliyyat edəcəkdilər. Həkim çox da inamlı deyildi. Bu da məni əməlli-başlı ümidsizləşdirmişdi. Bu qərib şəhərdə getməyə, dərdimi bölüşməyə, fikrimi yayındırmağa doğma bir adam axtarırdım, tanış bir insanla qarşılaşmağı arzulayırdım. Birdən...Qarşımdan bir oğlan gəlib keçdi. Əlində hörmə zənbil, onun içərisində də kənardan aydınca görünən ərzaqlar... bu yeriş mənə yaman tanış gəldi. Ağ saçlarının üzərinə qonan ağappaq qar dənələri onu 100 yaşlı bir kişiyə çevirmişdi. Özüm də hiss etmədən ona doğru yeriyib bircə kəlmə dedim.

- Umud!

Çevrilib geri baxdı. Bu qərib şəhərdə qucaqlaşdıq. Bu, onunla qarşılaşdığım və yaddaşıma həkk olunmuş üçüncü bir məqam idi. Həmin gecəni o məni tək qoymadı. Özü ilə birlikdə təhsil aldığı və sonuncu kursunda olduğu Moskvanın və bütövlükdə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri olan Ədəbiyyat İnstitutunun yataqxanasına apardı. Burada imzasını tanıyıb üzlərini ilk dəfə gördüyüm çoxlu qələm adamı ilə tanış oldum. O gecəni necə keçirdimsə səhərin açılmasından xəbərim olmadı. Bu mənim Moskvada keçən 50 günlük ömrümün bəlkə də ən maraqlısı, ən yaddaqalanı oldu. Onu mənə Umud Rəhimoğlu bağışladı.

... Üz-üzə oturmuşuq. Özümüzdən, işimizdən, ailəmizdən danışırıq. Təbii ki, bu təkcə həmsöhbət olmaq üçün yox, həm də içimizdəki yorğunluğu bir az kənara atmaq üçün, bir az qayğısız anlar yaşamaq üçün etdiyimiz bir dərdləşmədi. Umud danışır, mən isə onunla bağlı daha bir məqamı xatırlayıram. Umud Rəhimoğlu o vaxtın ən oxunaqlı qəzetlərindən biri olan "Ədəbiyyat və İncəsənət" qəzetində işləyirdi. Ara-sıra görüşürük. Hər görüşümüzdə də bircə kəlməni bütün zamanlarda söylədiyi səmimiyyətlə təkrar edirdi:

- Yazı-pozun olanda çəkinmə. Nəyə gücün çatır həmişə qulluğundayam.

Təbii ki, bu münasibətin özü mənim üçün hər şeydən qiymətlidi. Bu kifayət edir ki, mən onunla görüşlərimizin arxasında böyük bir səmimiyyətin dayandığına tam əmin olum...

Umud söhbət eləyir. Onun dediklərinin bir qismini mən artıq çoxdan bilirəm. Bilirəm ki, o, 1992-ci ildə yaratdığı BAMF-nın nüfuzunu artıq bütün dünyaya çatdıra bilir. İndi bu qeyri-hökumət təşkilatı Dünya Bankının, Amerikanın Dövlət Deportamentinin, Avropa Komissiyasının, Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının yaxından tanıdığı, əməkdaşlıq etdiyi bir oturuşmuş qurumdu və onun rəhbərliyi ilə bu təşkilatda 100 nəfərdən artıq insan çalışır. Özü də bu təşkilat bir çox istiqamətlərdə fəaliyyət göstərir. Fəaliyyətlərinə görə, artıq BAMF dünyadan bir çox layihələrin gerçəkləşməsinə öz töhfələrini verə bilib. Xüsusilə ilk dövrlərdə bu təşkilatın Füzulidən - Qazağın düşmənlə həmsərhəd olan sonuncu kəndinə qədər böyük bir ərazinin demək olar ki, özünün ilk regional ofisi vasitəsi ilə əlaqələndirmişdir və burada həyata keçirtdiyi layihələrin nəticələri beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanırdı...

Mən onu da bilirəm ki, Umud Rəhimoğlunun rəhbərlik etdiyi bu təşkilat həm də nəşriyyat sahəsində də xeyli işlər görə bilib. Təkcə əlifba dəyişikliyi ilə əlaqədar olaraq, ölkə prezidentinin imzaladığı sərancam əsasında nəşr edilən kitabların böyük bir qismini də BAMF oxuculara çatdırıb. Üst-üstə bu kitabların tirajının milyondan artıq olduğu indi bir həqiqətdir. Hətta Umud Rəhimoğlunun doğulduğu Füzuli rayonunun şəhidlərinin xatirəsinə Mahmud Qacarın yazıb tərtib etdiyi "Füzuli şəhidləri" kitabının da hazırlanmasında, təqdimatında xidmətlərinin şahidi olmuşam. Ümumiyyətlə, bu gün Umud Rəhimoğlu bir söz adamı kimi müstəqilliyimizin 20 illiyinə töhfə olacaq "Şəhidlər xiyabanı" ensiklopediyasını tamamlayıb oxuculara çatdırıb. O, xüsusi bir arzu ilə vurğulayır ki, bu kitab bizim şəhidlərimizə yaxşı bir abidə olacaqdır. 

Bəli, Umud Rəhimoğlunun əvvəllər də etdiyimiz söhbətlərində, elə son görüşümüzdə də verdiyi bir çox bilgilər cəmiyyətə də bəlli olduğundan mən onları təkrar etmirəm. Çünki məqsədim Umud Rəhimoğlunun fəaliyyətini araşdırmaq, şərh etmək deyil, sadəcə mən istəyirəm ki, böyük sözdən ictimai fəaliyyətə səmt götürmüş və burada da kifayət qədər özünü təsdiq edə bilmiş dostum Umudun 65 yaşı ilə bağlı gözümün önündən, yaddaşımdan gəlib-keçənləri kağıza köçürüm. Amma nə qədər çalışıramsa onların hamısını sıralaya bilmirəm. Üstəlik də gündəlik qəzetlərdə onunla bağlı dərc edilən yazılar məni bir az fərqli yazı yazmağa, fərqli münasibət bildirməyə məcbur edirdi. Bax  bu məqamda bir xatirə yaddaşımda təzələnir. Bu xatirə həmin vaxtlarda baş nazirin müavini vəzifəsində çalışan, gözəl yazıçı və ziyalımız Elçin Əfəndiyevin Umud Rəhimoğluna göndərdiyi  təbrik teleqramı ilə bağlı idi. Elçin müəllim bu teleqramda Umud Rəhimoğlunu bir yaradıcı, qurucu ziyalımız kimi dəyərləndirmiş, ona bütün fəaliyyətində uğurlar diləmişdi. Bu isə mənim içimdən bir sualı qanadlandırdı:

- Umud Rəhimoğlu, bəlkə bu 65 yaşda imzanızı yox, ictimai fəaliyyətinizi izləyən oxucularınıza yaradıcılığınızdan ərmağan edəsiniz.

- Qardaş, mən sözdən, qələmdən uzaq düşməmişəm. İnşallah, günlərin birində oxucular yenə Umud Rəhimoğlu imzası ilə qarşılaşacaqlar. Hələlik, bu 65 yaşın çox ilini ictimai fəaliyyətə həsr etmişəm. Çünki bu daha çox vacib, daha çox gərəklidi. İçimdə olan söz mənimlə yol yoldaşıdı. Onu günlərin birində kağıza, kitaba çevirəcəm.

Bəli, bu gün ictimaiyyətin yaxşı tanıdığı və bir çox nüfuzlu təşkilatların üzvü olan əməkdar mədəniyyət işçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ictimai xadim, şair-publisist Umud Rəhimoğlu 65 yaşın təbriklərini qəbul edir. Bu təbriklər ölkənin hər yerindən və sərhədlərin o biri üzündən də gəlir. Bu onu göstərir ki, onun mənə pıçıldadığı bir sirr həqiqətdir. Umud Rəhimoğlu mənə dedi ki, MƏN 65 YAŞI DÜZ YAŞADIM!

Bəli, biz də səni təbrik edirik. İnanırıq ki, bundan sonrakı illərini də düz yaşayacaqsan.

P.S. Artıq fevralın ilk günlərindən başlayaraq Azərbaycan mediasında Umud Rəhimoğlu günləri yaşanır. Üç gün öncə Mətbuat Şurasında, dünən isə AYB-nin Natəvan Klubunda Umud Rəhimoğlu ilə bağlı möhtəşəm tədbirlər keçirildi. Bir daha şahidi oldum ki, ölkənin sayılıb-seçilən ziyalılarının qatıldığı bu tədbirlərdə hər kəs Umud Rəhimoğlunun düz yaşadığını söylədi. Deməli, mən yanılmamışam. Umud Rəhimoğlu ömrünü düz yaşayan kişilərdəndir.
 
Əbülfət MƏDƏTOĞLU