adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 19:08
66
GÜNDƏM
A- A+

DYP sürücülərə müraciət etdi - FOTO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Adalet.az xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir:

"Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına, xüsusilə sürücülərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir. Güclü külək zamanı nəqliyyat vasitəsinin idarəetməsinin çətinləşməsi, yollarda görmə məsafəsinin məhdudlaşması, ağac budaqlarının və müxtəlif əşyaların hərəkət hissəsinə düşməsi yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Bu səbəbdən sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda daha diqqətli olmaq tələb olunur.

İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri isə küləyin yaratdığı əlavə təhlükələri nəzərə almalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və şəxsi təhlükəsizliklə yanaşı, digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır", - deyə məlumatda qeyd edilib.