adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 15:38
99
ƏDƏBİYYAT
A- A+

Biz nədən qorxuruq? - Tərlanə Yaqubqızı yazır

Çox götür-qoy etdim ki, yazım, ya yazmayım. Amma düşünəndə ki, son vaxtlar Azərbaycanda kitabxanaların vəziyyəti ilə bağlı rəsmi dairələrdə gedən söhbətlər birbaşa mənim də işlədiyim sahə ilə bağlıdır, yazmağa qərar verdim.

Əvvəla onu qeyd edim ki, son vaxtlar respublikanın ayrı-ayrı bölgələrində kitabxanada işləyən tələbə yoldaşlarımdan xeyli mesaj alıram. Hamısı da eyni mövzuda. Görəsən attestasiya nə vaxt olacaq, hansı mövzuda suallar veriləcək və sair, və ilaxır. Onların həyəcanını, narahatlığını başa düşmək olar. Demək olar ki, otuz ildən artıqdır ki, universiteti bitiriblər, yaş az qala altmışa yaxınlaşıb, artıq hafizə problemi və səhhətlərində bəzi xəstəliklər də üzə çıxıb. Bir də başqa tərəfdən yanaşaq. Amma həm də otuz illik bir təcrübə var axı. Bizdən əvvəlki kitabxana işçilərinin də, yaş etibarilə mənsub olduğum nəslin kitabxanaçılarının da Azərbaycanın ziyalı elitasının formalaşmasında danılmaz əməyi var.

Ay mənim əziz həmkarlarım, bu nəyin təlaşıdır? Biz Əşrəf  Xələfov, Xəlil İsmayılov, Musa Qasımlı, Nüşabə Sadıxlı, Əmirxan Xəlilov, Yolçu Piriyev, Xaqani Məmmədov kimi alimlərin tələbəsi olmuşuq, onların qarşısında imtahan vermişik. Həmişə də hesab etmişəm ki, kim tələbə vaxtı necə oxuyubsa, iş yerində də elə işləyir. Bu sözü həmişə Milli Kitabxanaya istehsalat təcrübəsinə gələn tələbələrimizə də demişəm.

İnsanın şəxsi həyatında da, iş yerində də uğur qazanmasının ilkin şərti özünəgüvən hissidir. Bu hissi özündə inkişaf etdirənlər, əlbəttə ki, uğur qazanacaqlar. Söz yox ki, söhbət savadına, iş təcrübəsinə kor-koranə arxayın olmaqdan getmir. Axı elm yerində saymır. Kitabxana işi ilə bağlı o qədər yeniliklər baş verir ki. Milli Kitabxanaya daxil olan elmi  jurnalları gözdən keçirmək, kitabxana işi ilə bağlı məqalələrin analitik təsvirini aparmaq işimin tərkib hissəsi olduğundan bu barədə məlumatlıyam. 

Cəmi iki il işlədiyim Sumqayıt şəhər mərkəzi kitabxanasında çox gözəl bir ənənə vardı: Ayda bir dəfə direktorumuz Yeganə Əhmədovanın otağında mərkəzi kitabxananın şöbə müdirləri və bütün filial müdirlərinin də iştirakı ilə xüsusi seminar keçirilirdi. Rusiyadan Mərkəzi Kitabxanaya daxil olan kitabxana işi ilə bağlı jurnallardan son dərəcə maraqlı məqalələri tərcümə edərək  həmkarlarıma xülasə şəklində məlumat verirdim. Zaman elə gətirdi ki, yenidən doğma Bakıma qayıtdım, attestasiya ilə Milli Kitabxanada işə qəbul olundum və  vaxt tapdıqca mənə əziz olan Sumqayıt kitabxanalarının fəaliyyətini də nəzərdən qaçırmadım. Günlərin birində internet vasitəsilə sumqayıtlı həmkarlarımızın  yaşının çoxluğuna və əlilliyə görə kitabxanaya gələ bilməyən insanların birbaşa evinə gedərək onlara kitab, qəzet və jurnal apardıqlarından xəbər tutdum. Gözəl və xeyirxah işdir. Xatırladım ki, o vaxt belə bir ənənə haqqında rus jurnallarının birində məqalə oxuyub  həmkarlarıma məlumat vermişdim. Deməli, dünya gör-götür dünyasıdır. Hansı millətinə aid olmağından asılı olmayaraq, 
bir əməl humanizmə xidmət edirsə, deməli, bəşəridir və təqdir olunmağa layiqdir.

Əziz həmkarlarım attestasiya öncəsi həyəcan keçirir və çoxları da bunu informasiya texnologiyalarının qıtlığı, kompüterlərin köhnəliyi və digər səbəblərlə izah edir. Amma 2008-2013-cü illərdə qəbul olunmuş dövlət proqramına əsasən, Sumqayıtın filial kitabxanalarına belə kompüterlərin verilməsinin şəxsən şahidiyəm. Çünki mərkəzi kitabxananın metodistləri ilə bərabər həmin kitabxanalarda İRBİS 64  proqramının təliminə göndərilmişəm. 

Deyirlər, imperator Napoleon da imtahandan qorxurmuş. Bəlkə də belə deyil, kimsə zarafatla bu sözü uydurub.

Amma, əzizlərim, qorxmağa o qədər səbəblər var ki...

Qatığa qara deməkdən qorxaq!

Haqqı nahaqqa verməkdən qorxaq!

Bisavadı yuxarı başa keçirib savadlını gözümçıxdıya salmaqdan qorxaq!

Bizə ustadlıq etmiş adamın əməyini yerə vurmaqdan qorxaq!

Milli-mənəvi dəyərlərimizi, böyüklərə hörmət hissini itirməkdən qorxaq!

Ürəyi uşaq ürəyi kimi təmiz, məsum insanların qəlbinə dəyməkdən qorxaq!

Evinə halal zəhmətlə ruzi aparanların çörəyinə bais olmaqdan qorxaq!

Öz işini canla-başla, sevə-sevə görənləri incitməkdən qorxaq!

Universitetin birinci kursunda Azərbaycan tarixindən bizə dərs deyən qocaman İbadulla müəllimin sözlərini heç vaxt unutmuram: "Fəxr edin ki, cümhuriyyətimizin yadigarı olan darülfünunun tələbəsisiniz".

Etiraf edim ki, bizim tələbəlik illərimizin ilk illəri milli-azadlıq hərəkatında keçdi. İxtisas fənlərindən daha çox dünya ədəbiyyatı, tarix, hətta ali riyaziyyat və biologiya üzrə mühazirələri dinlədik.

Bəxtim onda gətirmişdi ki, universitetdən əvvəl üç il təhsil aldığım Bakı Mədəni-maarif məktəbində artıq kitabxanaçılıq ixtisasına yiyələnmişdim. İmadəddin Zəkiyev, Esmira Cavadova kimi alimlər bizə kitabxana-biblioqrafiya biliklərini kifayət qədər yüksək səviyyədə öyrətmişdilər. Elə ona görə də bugün orta ixtisas təhsili olan kitabxanaçıların bilik səviyyəsinə şübhə ilə yanaşanların fikirləri ilə heç cür razılaşa bilmirəm.

Hər gün Milli Kitabxanaya kifayət qədər oxucu gəlir, özü də təkcə tələbələr, müəllimlər, alimlər yox, evdar qadınlar, təqaüdə çıxmış qocalar, xarici qonaqlar. Hər dəfə onları əziz qonaq kimi qarşılayıb yola salırıq. Sevinirik ki, internet əsrində kitaba, kitabxanaya maraq azalmayıb, hətta artıb. Bəzən başqa fakültədə oxuyan tələbələrin də kitabxanada işləmək arzusunda olduğunu görəndə fəxr edirəm ki, bizim peşəmizə vurğunluğumuz onlara da sirayət edir.

Əziz həmkarlarım, sonda onu demək istəyirəm ki, biz öz yerimizdəyik, öz işimizin başındayıq, heç kəsin yerini dar etməmişik, heç kəsin haqqına girməmişik, əksinə, xalqımıza layiqincə xidmət etməyə yönələn gözəl, xeyirxah bir peşənin sahibləriyik. Hər şey yaxşılığa doğrudur. Biz nədən qorxuruq?