adalet.az header logo
  • Bakı -°C
15 Iyun 2026 08:37
58
SİYASƏT
A- A+

“O son zəng səsi bütün Azərbaycan diyarından dünyanın hər bir siyasi mərkəzinə...”

“İnsan üçün xoş və qürurverici günlər çox ola bilər. Lakin ümumilikdə, vətənini təhlükəsiz, güclü, bütöv, azad və inkişaf etmiş görməkdən duyulan sevinc və qürur hissi ən gözəl duyğudur. Bütün insanlar ailəsi, qohumları və cəmiyyəti üçün yaşayır. Amma dövlət üçün yaşamaq hər kəsə nəsib olmur. Bu nəsibin zirvəsi isə ən uca zirvədir”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. 

O, bildirib ki, şəhidlərimiz bu ən ali məqama yüksəlmiş, tarixi şəxsiyyətlərimiz isə bu zirvəyə ucala bilmişlər:

“Dövlətdə sülh və sabitliyin hökm sürməsi, insanların rifah içində yaşaması, təhsilin, elmin və mədəniyyətin inkişafı, dövlətin müstəqilliyinin və təhlükəsizliyinin qorunması, suverenliyinin bərpası hər bir vətəndaş üçün qürur mənbəyidir. Vətəndaşın öz ölkəsi ilə fəxr etməsi nə gözəl və xoş duyğudur! Bütün bu qürurverici məqamları yaşamaq özü ayrıca bir xoş hissdir. Ancaq ölkəyə xidmət edərək bu nailiyyətlərin əldə olunmasına töhfə vermək, bunun üçün böyük və çətin bir yol keçmək, qətiyyət göstərmək və məqsədə çatmaq tamam başqa bir hissdir. Çünki vətənin xoşbəxtliyi hər bir vətəndaşın xoşbəxtliyindən başlayır. Bu gün ölkə və dövlət olaraq heç kimdən asılı olmamaq, müstəqil və güclü dövlətdə yaşamaq imkanına sahib olmaq çox dərin siyasi məna daşıyan, ən yüksək zirvələrdən birini fəth etmək deməkdir. Mən həmişə düşünürdüm ki, Qarabağ problemimizi, ərazi bütövlüyümüz məsələsini məhz bu nəsil həll edəcək və gələcək nəsillərə şanlı bir məmləkət təhvil verəcək. Bəli, biz bunu bacardıq. Bu gün isə həmin şanlı məmləkətin siyasi açarını gələcəyimizə əmanət edir, onu gələcək nəsillərə böyük inam və etimadla ötürürük”.

R.Hüseynov deyib ki, bu gün Azərbaycanın hər yerində o gələcək nəsil son zəngini qeyd edir:

“O son zəng səsi bütün Azərbaycan diyarından dünyanın hər bir siyasi mərkəzinə yaylım atəşi kimi guruldayır. Bundan böyük xoşbəxtlik ola bilməz. Bu tarixin, bu xoşbəxtliyin bünövrəsi 15 iyunda qoyuldu və 27 sentyabrda başlanan hərbi qələbəmizin ardıcıl, mərhələli zəfər yolu 8 noyabrda tamamlandı. Biz Zəfər ölkəsi adını qazandıq. Dəyərli məzunlar, hörmətli gələcək nəsil! Siz qalib ölkənin məzunlarısınız. Dövləti sevməklə və ona xidmət etməklə siz öz gələcəyinizə xidmət etmiş olursunuz. Bu yolda sizə daimi uğurlar arzu edir, ölkəmizi və dövlətimizi bəşəriyyətin şərəf lövhəsinin ön sıralarında saxlamağınızı diləyirəm. Sizə əmanət edilən dövlətə şərəflə xidmət edin.Hər şey Azərbaycan üçün, hər şey Vətən üçün!”.

Vasif ƏLİHÜSEYN