adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 10:39
83
ƏDƏBİYYAT
A- A+

QƏLBİMİN XƏRİTƏSİ

Qəlbimin Xəritəsi – insanın öz daxilinə etdiyi ən sakit və ən uzun səfərin poetik xəritəsi.

QƏLBİMİN XƏRİTƏSİ (Şeir-esse)

Səyahət etdim bu gün qəlbimə.
Pasport istəmədilər.
Çünki qəlb öz vətənimdir…

Gömrükdən də rahat keçdim.
Qəlbin sərhədləri olmur.

Yalnız xatirələrimə baxdılar.
Onlar da köhnə yolçular kimi
mənimlə birgə keçdilər.

Yükümü yoxlamadılar.
Çünki qəlbimdə
qaçaq sevgi, gizli kədər yox idi.

“Gəldim vətənimə…”

Orada nələr, nələr gördüm mən:
Tərk edilmiş otaqlar gördüm.

Divarlarda zamanın tozuna bürünmüş
köhnə fotolar vardı…
sən, mən, biz…

Pəncərəni açdım.
Külək girdi.
Toz uçdu.
Fotolar canlandı.

Uçurum gördüm.
Adı “Susduqlarım” idi.

Kənarına yaxınlaşdım.
Aşağı baxdım.
Dərin idi.

Amma dibdə işıq var idi.
Demək, hər uçurumun dibində
bir günəş yatır.

Bəlkə də insan
ən çox susduqları ilə
işıqlanır.

Bağ gördüm.

Güllər əvəzinə yara izləri bitmişdi.
Hər iz bir gül idi.
Hər ağrı bir rəng idi.

Anladım ki, ən gözəl bağ
yaralarından çiçək açan bağdır.

Bir qapı gördüm.
Üstündə yazı yox idi.

İtələdim.
Açıldı.

Arxasında mən idim.
Uşaq mən.

Gülürdü.
Deyirdi:
— Gecikdin.

Mən dedim:
— Amma gəldim.

Səyahət etdim bu gün qəlbimə.
Geri qayıtmaq istəmədim.

Çünki evimi tapmışdım.

Qum saatı indi oradadır.
Qəlbimin ortasında.

Çevirirəm onu.
Qoy bitməsin zaman.

Sonra qəlbimin xəritəsini qatlayıb
səssizliyimə qoydum.

Qoy məndən başqa
heç kim o yolları  tapmasın.

Bəzi vətənlər var ki,
onlara yalnız sahibinin ruhu çata bilir.

Səadət Qərib