adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2026 10:14
59
SİYASƏT
A- A+

“Kreml 1993-cü ildə öz imzasını atdığı prinsipi rədd edir”

“Dmitri Peskov iyulun 14-də Azərbaycanın Ukrayna ilə bağlı mövqeyini “yanlış” adlandırdı və onu “əsaslandırılmış arqumentlərlə” izah etməyə davam edəcəklərini bildirdi. Problem burasındadır ki, İlham Əliyevin Şuşada səsləndirdiyi tezis Bakının ixtirası deyil”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, deyib  ki, bu, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Rusiyanın özünün səs verdiyi bir prinsipin sözbəsöz təkrarıdır: 

“Dəqiq nə deyildi. İyulun 13-də IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab verən Azərbaycan Prezidenti dedi: “Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz”. Ertəsi gün Kreml sözçüsü cavab verdi: “Hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik”. Diqqət yetirin, Peskov konkret bir siyasi qərarı deyil, bir hüquqi normanı “yanlış” adlandırdı. Çünki Əliyevin cümləsində siyasi qiymətləndirmə yoxdur. Orada BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi var: dövlətlər beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqindən çəkinməlidirlər. Orada 1975-ci il Helsinki Yekun Aktının “sərhədlərin toxunulmazlığı” prinsipi var. Kreml bunları “arqumentlərlə” təkzib edəcəyini vəd edir.Bakının bu prinsipə niyə bu qədər bağlı olduğunu anlamaq üçün otuz il geriyə baxmaq kifayətdir”.

Ə.Əlibəyli bildirib ki, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi - 822, 853, 874 və 884 saylı:

“Bu sənədlərin hər biri Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir, işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Və hər dördü də yekdilliklə qəbul olundu.Yekdilliklə qəbul edilməsi isə o demək idi ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyası da onların hər birinə lehinə səs vermişdi. Beləliklə, Moskva 1993-cü ildə rəsmən təsdiqləmişdi ki, ərazi bütövlüyü toxunulmazdır, güc yolu ilə ələ keçirilmiş torpaq qanuni hesab edilə bilməz və işğal nə qədər uzun müddət davam etsə belə, hüquqi status yaratmır.Azərbaycan otuz il ərzində məhz bu sənədlərə söykəndi. Danışıqlar masasında, BMT tribunasında və bütün beynəlxalq platformalarda eyni mövqeni müdafiə etdi: işğal faktı zaman keçdikcə qanuniləşmir. 2020-ci ildə ərazi bütövlüyünü bərpa edərkən də Azərbaycanın hüquqi əsasını məhz bu qətnamələr təşkil edirdi.İndi isə Kremlin sözçüsü Bakıdan həmin prinsipdən imtina etməsini gözləyir. Halbuki Azərbaycan bu prinsipdən imtina etsəydi, öz suverenliyinin hüquqi bünövrəsini sarsıtmış olardı. Bakı bu gün Ukrayna ilə bağlı hansı prinsipi müdafiə edirsə, otuz il ərzində də eyni prinsipi öz haqqı üçün müdafiə edib. Bundan fərqli mövqe sərgiləmək isə Azərbaycanın illərlə əsaslandığı hüquqi arqumentləri təkzib etmək anlamına gələrdi”.

Vasif