Əbülfət Mədətoğlu "Ələsgər Əlioğlunun " Sərnişin qarışqalar"" - ından yazdı
Onun yaradıcılığı ilə bağlı fikir bildirən, tanınmış şair , yazıçı-publisit, Beynəlxalq Andersen Şərəf Diplomu və "Qızıl Kəlmə" mükafatları laureatı Qəşəm İsabəyli vurğulayır ki " Ələsgər Əlioğlu qısa şeirlər ustasıdı!" Qəşəm müllimin fikrinə şərik çıxaraq mən də bu fikri birmənalı olaraq təsdiqləyirəm. Həqiqətən də Ələsgər Əlioğlu öz poetik düşüncələrini birbaşa və yığcam şəkildə oxucunun önünə çıxarır. Elə bu səbəbdən də oxucu onu oxuyanda yorulmur...söz uzunçuluğuna, pintiliyinə və nəhayət təkrarına rast gəlmir. Bu da onun fikri şeirə çevirmək bacarığının önəmli göstəricisidi!
"Ədalət"-in oxucularına Ələsgər Əlioğlunun imzası yaxşı tanışdır. Şair, həm də yazıçı-publisist kimi o, daha çox uşaqlar üçün yazır. Onların könlünü sevindirir. Həm də onları kitaba, mütailəyə tərəf çəkir. Bu , bir növü Ələsgər müəllimin uşaqlarımızın kitab dünyasını zənginləşdirmək istiqamətində gördüyü çox yüksək bir marifləndirmədir!- desəm, yanılmaram.Ən azından ona görə ki , müəllifin kitablarının əksəriyyti məhz uşaqlar üçün yazılmış nəfs nümunələrdi!
Elə barəsində tanıtım etmək istədiyim "Sərnişin qarışqalar" kitabı da həmin qəbildəndi. Bu kitaba ön söz yazmış Qəşəm İsabəyli qeyd edir ki," Ələsgər Əlioğlunun bir yaradıcılıq xoşbəxtliyi də qəlbinə düşən fikirləri ağaclara pıçıldamağı, üz tutub quşlara oxumağı, gözünü qaldırıb , dağlara - daşlara xitab etməyi, kamilliyinə arxayın olduqlarını da ilk dinləyicisi - nəvəsi Ələsgə hesabat verməyidir. " Deməli tanımış şair Ələsgər Əlioğlu həm sözünə, həm də qələminə elə bu yanaşma məsuliyyəti ilə könül verdiyindəndir ki, onun şeirləri uşaqların yaddaşına tez köçə bilir :
Qəşəng bir tüfəng alıb
Babası Ələsgərə.
Oğlan cumur irəli,
Gah da uzanır yerə...
Deyirlər: düşmən ondur,
Səndəsə güllə beşdir.
Bilirsən,
Bu döyüşdə
Qələbə çətin işdir!
Oğlan deyir:
-Qorxmayın,
Qoçaqlıq göstərərəm
Hər gülləmə düşmənin
İkisini sərərəm!..
Və yaxud :
İndi hündür qovaqlarda,
Qonub yuva qurub quşlar.
Ora uçub çatmır daha ,
Dəcəl Turqut atan daşlar...
Bu bir həqiqətdir ki, uşaqlar üçün yazmaq çox çətin, həm də məsuliyyətlidir. Xüsusiylə ona görə ki, uşağın , yəni kiçik yaşlı oxucunun bədii sözlə ilk təması məhz onun əlinə aldığı rəngli, nəfis tərtibatlı kitablardan , dinlədiyi nağıllardan başlayır. Bax bunu dəqiq dəyərləndirən ustad şairimiz Ələsgər müəllim öz oxucusunu sözlə şəklini çəkdiyi, yəni təsvir etdiyi mövzu ilə qarşılaşdıran da uşaq bu məqamla dərhal anlaşır. Ona görə ki oxuduğu ona sadə və aydın bir şəkildə, az qala "uşaq " dilində çatdırılıb:
- A kenquru,
Söylə nə
Yığmısan o kisənə?
_Gizləyən deyiləm mən
Dövlətimi , varımı...
Kisəmə yığmışam bax,
Körpə balalarımı!..
Və yaxud:
Bir ovuc kişmiş verdi
Nənə kiçik Gülüşə,
Dedi toyuğu qoyma
Kişnişliyə girişə,
Dayanma sən kirimiş,
Toyuğu kişlə : - kişş!.. kişş!
Qızın başı qarışdı
Dadlı, şirin kişmişə.
Bir də baş qaldırdı ki,
Toyuq cumub kişnişə...
Təqdim etdiyim nümunələrdən də göründüyü kimi şairin mövzuları da həyat gerçəkliyi, onun sözlə ifadəsi də çox sadə və səmimidi. Bu yaradıcılıq imkanları ilə balacaları sevindirən Ələsgər Əlioğlu həqiqətən uşaq ədəbiyyatımızın çox sevilən və seçilən nümayəndəsidir. İnanıram ki, bundan sonrada Ələsgər Əlioğlu qələmi uşaqlarımıza tər və rəngarəng, cəlbedici və düşündürücü nümunələr təqdim edəcək!..